“Meşə Qardaşları”nın fəal üzvü tutularaq Azərbaycana gətirilib”
19 mart 2010 11:00 (UTC +04:00)

“Meşə Qardaşları”nın fəal üzvü tutularaq Azərbaycana gətirilib”

Nazir Eldar Mahmudov: “O, “Əbu-Bəkr” məscidində terrorçuluq əməllərində iştirak edib”

“Azərbaycanda ötən il əks-kəşfiyyat, o cümlədən hərbi əks-kəşfiyyat istiqamətində xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətlərinin vaxtında aşkarlanması, qabaqlanması və ifşa edilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirilib.

2009-cu ildə xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 25 şəxs ifşa olunub, onlardan 17 nəfər barədə artıq məhkəmə hökmləri çıxarılıb”. APA-nın xəbərinə görə, bunu milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
Nazir deyib ki, Azərbaycanın terror təhlükəsindən müdafiəsi məqsədi ilə nazirliyin əməliyyat strukturları tərəfindən kompleks antiterror tədbirləri səngimədən həyata keçirilir: “Ardıcıl adekvat tədbirlərin görülməsi nəticəsində respublika ərazisində terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıqda təqsirləndirilən şəxs qismində 49 nəfər saxlanılmış, onlardan külli miqdarda silah-sursat və partlayıcı maddə götürülüb. Beynəlxalq terrorçuluğa qarşı tədbirlər nəticəsində ölkədə terrorçuluq aksiyaları planlaşdıran, Azərbaycan Respublikası vətəndaşlarından ibarət, radikal dini təmayüllü 31 nəfərdən ibarət qrup zərərsizləşdirilib. Eləcə də, sifarişli qətllərin həyata keçirilməsini planlaşdıran cinayətkar qrupların fəaliyyətinin qarşısı qabaqlayıcı tədbirlərlə alınıb”.

E. Mahmudov qeyd edib ki, son bir neçə il ərzində MTN tərəfindən Əfqanıstan və Pakistanın nəzarətsiz ərazilərinə gedib, orada "Əl-Qaidə" terror təşkilatının və Taliblərin silahlı birləşmələrinin tərkibində hərbi təlimlərdə və əməliyyatlarda iştirak etmiş Azərbaycanın bir qrup vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib: “Belə şəxslərdən 18 nəfəri barəsində cinayət işləri məhkəməyə göndərilib, 4 nəfər barəsində beynəlxalq axtarış elan olunub. Tərəfimizdən tam zərərsizləşdirilən "Meşə Qardaşları" adlı silahlı birləşmənin axtarışda olan, 2008-ci ilin avqust ayında "Əbu-Bəkr" məscidində terrorçuluq əməllərində iştirak etmiş və sonra xaricdə gizləndiyi müəyyən edilmiş fəal üzvü bu günlərdə tutularaq ölkəyə gətirilib və istintaqa təhvil verilib”.


Nazir deyib ki, MTN-də narkotiklərin qaçaqmalçılığı, qeyri-qanuni miqrasiya, insan ticarəti, "çirkli pulların yuyulması", kibercinayətlər və mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə sahəsində də işlər ardıcıl davam etdirilir: “Biz narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələsinə bir neçə prizmadan yanaşırıq. Narkomanlığı genefondumuza ağır zərbə vuran bəla kimi qiymətləndirir və ona qarşı bütün vasitələrlə mübarizə edirik. Bu bəla nəinki dövlət orqanlarını və ictimai təşkilatları, bütün cəmiyyəti narahat etməlidir. Həm də narkotiklərin qanunsuz dövriyyəsindən əldə edilən gəlirin terrorçuluğun maliyyələşməsində mühüm faktor olması daim diqqət mərkəzindədir. Ötən dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 32 transmilli mütəşəkkil cinayətkar dəstə və qrupların fəaliyyətinin qarşısı alınmış, ümumilikdə 1 ton 141 kiloqramdan artıq narkotik vasitə götürülüb. Faktlarla bağlı başlanmış 38 cinayət işi üzrə 114 nəfər istintaqa cəlb olunub. Qeyri-qanuni miqrasiya, insan alveri, saxta sənədlərin hazırlanması və istifadəsi üzrə ciddi faktlar aşkar edilmiş, cinayət təqibi həyata keçirilib. Milli sərvətlər sırasına daxil olan mədəniyyət nümunələrinin və qiymətli, xüsusən də əntiq əşyaların mənimsənilməsi və satılması, ölkədən çıxarılması niyyətlərinin qarşısı alınıb”.

E. Mahmudov onu da deyib ki, 2009-cu ildə korrupsiya və iqtisadi fəaliyyət sahəsində 15 cinayət faktı aşkarlanıb.
# 368

Oxşar yazılar