Çanaqqalada Azərbaycan şəhidlərinə hörmətsizlik
18 mart 2010 14:30 (UTC +04:00)

Çanaqqalada Azərbaycan şəhidlərinə hörmətsizlik

Azərbaycan şəhidlərinin xatirə lövhəsinin qoyulmasına imkan verilmədi


Bu gün Çanaqqala zəfərinin 95-ci ildönümü ilə bağlı bu şəhərdə tədbir keçirilib.


Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə Çanaqqalada döyüşərək həlak olmuş azərbaycanlıların xatirəsinə lövhə qoyulması üçün bu ölkəyə getmiş Azərbaycan nümayəndə heyətinə qarşı Türkiyənin daxili işlər naziri Bəşir Atalay və vali Abdülkadir Atalık sayğısızlıq edib və mərasimdə Çanaqqalada vuruşmuş Azərbaycan şəhidlərinin xatirə lövhəsinin qoyulmasına imkan verilməyib.


Qeyd edək ki, ötən il baş nazir Rəcəb Tayyib Ərdoğan Çanaqqalada Azərbaycan şəhidlərinin xatirə lövhəsinin qoyulmasına müsbət yanaşıb və bunu yazdığı məktubda ifadə edib. Ancaq Azərbaycan nümayəndə heyətində yer alan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev bu istəyin əks olunduğu məktubu daxili işlər naziri Bəşir Atalay və vali Abdulkadir Atalıka vermək istəsə də, onlar məktubu qəbul etməyiblər və İsmayıl Ağayevi dinləmədən oradan uzaqlaşıblar.


İsmayıl Ağayev yüksək tonla danışıb və bu hərəkətin yolverilməz yolduğunu vurğulayıb: “Birinci Dünya Müharibəsi zamanı Türkiyənin, müsəlman dünyasının ayaqda qalması üçün şəhid olan 253 min türk əsgəri ilə 3 min Azərbaycan şəhidi bir taleni paylaşıb. 3 min Azərbaycan şəhidinin xatirəsinə burada lövhə qoymaq istəyirik. Bizim lövhəmiz hazırdır. Keçən il bu məsələ ilə bağlı baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüşmüşdük. Baş nazirin lövhənin qoyulmasına razılığını bildirən məktubu da əlimizdə var. Biz bir millət, iki dövlətik. Sadəcə, şəhidlərimizin xatirəsinə lövhə qoymaq istəyirik. Nəyə görə bunu qəbul etmirlər? Niyə anlamırlar ki, azərbaycanlılar burada döyüşüb, şəhid olublar?”


İsmayıl Ağayev vurğulayıb ki, ABŞ və İsveçdə deputatlar qondarma erməni soyqırımı iddiası ilə Türkiyəni günahlandırırlar: “Biz özümüzü tanımasaq, şəhidlərimizə qiymət verməsək, kim bizə qiymət verə bilər? Özümüz bizi ayırsaq, ABŞ, İsveç və Ermənistandan nə fərqimiz qalar?”


Mərasim Bəşir Atalay və Abdülkadir Atalıkın oradan ayrılması ilə başa çatıb.


Qeyd edək ki, Azərbaycan nümayəndə heyətində millət vəkili Gülər Əhmədova da yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar