İsa Qəmbər Hacıbala Abutalıbova müraciət etdi
13 mart 2010 17:00 (UTC +04:00)

İsa Qəmbər Hacıbala Abutalıbova müraciət etdi

Bu gün Müsavat Partiyası piket və mitinq keçirmək üçün qanuna uyğun yerlərin ayrılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Bu barədə Lent.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Müsavat başqanı İsa Qəmbərin şəxsən imzaladığı müraciət məktubunda partiyanın Azərbaycanın bir sıra ümummilli problemləri, ərazilərimizin işğalı ilə əlaqədar yaranmış indiki şərait, vüsət almış korrupsiya və maliyyə böhranının ağır nəticələri, eyni zamanda 2010-cu ilin noyabrında tarixdə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı bir sıra demokratik islahatların həyata keçirilməsi və digər tələblərlə kütləvi aksiyalar keçirmək niyyətində olduğu bildirilib.

“Son illərdə piketlərin, yürüşlərin, mitinqlərin keçirilməsi üçün məqbul yerlərin ayrılmaması, belə tədbirlərin keçirilməsi ilə əlaqədar müraciətlərin əksəriyyətinə qanuna və Konstitusiyaya zidd olaraq rədd cavabı verilməsi, bəzi hallarda belə tədbirlərin keçirilməsi üçün məqbul olmayan ərazilərin göstərilməsi ölkədə fundamental demokratik hüquqlardan hesab olunan sərbəst toplaşmaq hüququnun faktiki olaraq ləğv edilməsi ilə nəticələnib. Odur ki, Sizdən Azərbaycan Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının qanunu”na uyğun olaraq əvvəllər yürüş və mitinqlərin keçirildiyi (“Nərimanov” kinoteatrı qarşısındakı meydan, Füzuli meydanı, S. Vurğun bağı, Hüseyn Cavid bağı, keçmiş “Qələbə” kino-teatrı qarşısındakı meydan, “Təbriz” kino-teatrı qarşısındakı meydan və s.) yerlərdə belə tədbirlərin keçirilməsi üçün şərait yaradılması, eləcə də Prezident Aparatının, Milli Məclisin, Nazirlər Kabineti, Ali Məhkəmə, Mərkəzi Seçki Komissiyası və digər dövlət əhəmiyyətli idarələrdən 200 metrlik məsafədə hər hansı uyğun ərazilərin piket və mitinqlərin keçirilməsi üçün müəyyən edilməsi haqqında müvafiq qərarların qəbul edilməsini xahiş edirəm” – deyə, müraciətdə qeyd olunub.
# 301

Oxşar yazılar