Fəzail Ağamalı: “Fasyeni Bakıda yumurta atəşinə tutmaq lazımdır”
13 mart 2010 15:30 (UTC +04:00)

Fəzail Ağamalı: “Fasyeni Bakıda yumurta atəşinə tutmaq lazımdır”

“Bernar Fasye ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədridir. O adamın missiyası neytral mövqe tutmaqdır və münaqişənin dinc yolla - Azərbaycan torpaqlarının işğaldan azad edilməsində maksimum dinc vasitələrdən istifadə etmək, qan tökməməklə həll olunmasına nail olmaqdır. Əslində onun fəaliyyəti bundan kənara çıxmamalıdır. Ancaq çox təəssüflər olsun ki, bunun əksini görürük, Fasye hələ də ermənipərəst mövqeyini sərgiləməkdən yorulmur, usanmır”. Bunu Lent.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı ATƏT-in Fransadan olan həmsədri Bernar Fasyenin NATO Parlament Assambleyasının İrəvanda keçirilən tədbir zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

F.Ağamalı B.Fasyenin İrəvandakı tədbirdə ermənipərəst mövqeyini bir daha ortaya qoyduğunu vurğulayıb: “Fasye daşıdığı missiyaya bir daha xəyanət etdiyini sərgiləyərək, öz mövqeyini çəkinmədən, utanmadan nümayiş etdirib. O, bu sözləri dilə gətirməklə əslində zamanında Fransadan ermənilərə köməyə gəlmiş muzdlu döyüşçülərin təşkilatçılarından biri kimi artıq əsl simasını göstərməkdədir. O, Azərbaycana təhdidlərini bildirərək dövlətimizin beynəlxalq aktlarla, qanunlarla qorunan hüquqlarına müdaxilə edir, həddini aşır. Məncə bundan sonra Fasyenin Minsk qrupunun həmsədri missiyasını daşımağa heç bir mənəvi və hüquqi haqqı yoxdur. Əgər Azərbaycana gələrsə, onu Bakıdakı hava limanındaca yumurta atəşinə tutmaq lazımdır, bununla da ona öz yeri göstərilməlidir. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi də öz sərt mövqeyini bildirməlidir”.

Qeyd edək ki, ATƏT-in Fransadan olan həmsədri Bernar Fasye NATO Parlament Assambleyasının İrəvanda keçirilən “Rose Roth” seminarındakı çıxışında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar başlayarsa, Azərbaycan qələbə qazana bilməyəcək: “Şəxsən mən Ermənistan və Qarabağ döyüşçülərinin mərdliyinə bələdəm”. Diplomat bildirib ki, müharibə Azərbaycana fayda gətirməyəcək və onun maliyyə maraqlarına, neft satışına zərər verəcək. Həmsədr qeyd edib ki, Azərbaycan iqtisadiyyatına sərmayə qoyan beynəlxalq sərmayədarlar öz vəsaitlərinin təhlükə altında qalmasını istəməyəcəklər və Azərbaycana kapital qoymaqdan imtina edəcəklər.
# 429

Oxşar yazılar