Türkiyədən “erməni protokolları”na şərt
04 mart 2010 19:15 (UTC +04:00)

Türkiyədən “erməni protokolları”na şərt

Böyük Millət Məclisi protokolları əlavə şərhlərlə ratifikasiya edə bilər

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məqsədi ilə 10 oktyabr 2009-cu ildə Sürixdə imzalanmış protokollar Türkiyə Böyük Millət Məclisinin gündəliyinə gətirilsə də, yalnız Türkiyənin qoyduğu əlavə şərtlərlə təsdiqlənəcək.

Bu barədə APA-nın Türkiyə bürosuna parlamentdəki mənbələrdən məlumat daxil olub. Türkiyənin bu varianta üstünlük verməsinə səbəb Sürix protokollarına rəy verən Ermənistan Konstitusiya Məhkəməsinin protokolları əlavə şərhlərlə təsdiqləməsi olub. Protokolların TBMM-də müzakirəyə çıxarılması durumunda Ankara onlara bu şərhləri qoymağı planlaşdırır:

1) “Soyqırım” iddialarını araşdırmaq üçün iki ölkə tarixçilərinin daxil olacağı komissiyanın yaradılması gündəlikdə qalsın;
2) Ermənistan Qars və Moskva sazişlərinin şərtlərinə uyğun olaraq Türkiyənin mövcud sərhədlərini tanısın və torpaq tələbindən vaz keçsin:
3) Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün konkret addım atılsın.

Mənbə bildirib ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) protokolların müzakirəsi və ratifikasiyası zamanı parlamentdə bu partiyanı təmsil edən bəzi millət vəkillərinin protokolların əleyhinə səs verə biləcəyindən ehtiyat edir. Buna görə də Sürix protokollarının parlamentdə əlavə şərhlərlə ratifikasiya edilməsi AKP-nin işini yüngülləşdirə bilər.
# 452

Oxşar yazılar