Azərbaycandan İrana sərt reaksiya
01 mart 2010 17:00 (UTC +04:00)

Azərbaycandan İrana sərt reaksiya

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son günlər Tehranda Azərbaycan səfirliyi, Təbrizdə Azərbaycan konsulluğu önündə aksiya keçirilməsi, bayrağımızın yandırılması, konsulluğun yumurtaya tutulması, Bakıda iranmeylli bir qrup dindarın küçəyə çıxaraq aksiya keçirməyə cəhd göstərməsinə münasibət bildirib.


Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Əli Həsənov deyib ki, Azərbaycan və İran qonşu, dini, dili bir-birinə yaxın olan dövlətlərdir, müştərək tariximiz var.


Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri bildirib ki, bu səbəbdən mehriban qonşuluq münasibətlərinin saxlanılması Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biridir: “Təəssüflər olsun ki, həm İran, həm Azərbaycanda bəzi qüvvələr bu iki dövlət arasında münasibətlərin normal olmasında maraqlı deyil. Bu münasibətləri korlamaq istiqamətində fəaliyyət göstərir”.


Əli Həsənov vurğulayıb ki, Azərbaycan dövləti və hakimiyyəti belə cəhdlərin qarşısının alınması istiqamətində fəaliyyət göstərir: “Lakin təəssüflər olsun, İran tərəfi iki dövlət arasında münasibətləri pozmağa yönəlmiş cəhdlərə qarşı kifayət qədər tədbirlər görmür. Xüsusən İranın Azərbaycanda yayımlanmaq üçün fəaliyyət göstərən “Səhər” telekanalı və onun ayrı-ayrı verilişləri Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, bir başqa dövlətin həyatındakı prosesləri inkar etməyə, bu proseslərin mahiyyətini dəyişməyə, saxtalaşdırmağa xidmət edir. Biz belə cəhdlərlə bağlı dövlət olaraq səsimizi qaldırırıq, İranın lazımi instansiyalarına iradlarımızı bildiririk”.



Pərvin
# 560

Oxşar yazılar