Əfşar Süleymani: “ABŞ və İsrail İrana hücum etməyəcək”
25 fevral 2010 18:45 (UTC +04:00)

Əfşar Süleymani: “ABŞ və İsrail İrana hücum etməyəcək”

“Mahmud Əhmədinejadın İsrailin İrana hücum edəcəyi haqda danışarkən nəyə əsaslandığını deyə bilmərəm.




Mən öz təhlillərimə əsaslanaraq deyirəm ki, İrana hücum planı reallaşa bilməz. Bu, ancaq plan şəklində mövcud ola bilər. Kimsə hücum planı hazırlaya bilər, əsas bunu reallaşdırmaqdır. Siyasətə elm kimi baxan ölkələrdə hər zaman müxtəlif məsələlərə dair planlar olur. Bu baxımdan, nə İsrail, nə ABŞ, nə də BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan ölkələr İrana hücum qərarına gəlməyəcək”.


Bu sözləri APA-ya açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani deyib. Keçmiş səfir bildirib ki, beynəlxalq qüvvələrin koalisiya şəkilində Əfqanıstana və digər dövlətlərə daxil olması kimi addımlar İrana qarşı atla bilməz. Onun sözlərinə görə, dünya dövlətləri öz mənafelərini qorumaq üçün bu işə getməyəcəklər.


Ə.Süleymanı deyib ki, İrana qarşı hücuma qol qoyan dövlətlər özlərinə böyük ziyan vura bilər: “İranı nə Əfqanıstan, nə də digər dövlətlərlə eyniləşdirmək olmaz. İran həm əhalisi, həm ərazisi, həm də geopolitik mövqe baxımından güclü dövlətdir. İndiki məqamda ABŞ İranla psixoloji müharibə aparır. Onlar istəyirlər ki, insanları narahat vəziyyətdə saxlasınlar. Bir daha təkrar edirəm ki, ABŞ İrana hücum etməz, edə də bilməz. Məntiq deyir ki, bu hücumun həm maddi, həm də mənəvi cəhətdən xərci çox olar. Bu, bir tərəfdən də ABŞ-a yeni fikirli, yeni dünya görüşlü insanın rəhbərlik etməsi ilə bağlıdır. Bundan başqa, ABŞ hələ Əfqanıstan, İraq və Pakistan, o cümlədən Quantanamo məsələlərinin həll etməyib. Ona yeni ciddi bir problem lazım deyil”.


Politoloqun sözlərinə görə, Tehranda bəzi adamlar sanksiyaların İrana ziyanı olmadığı düşüncəsindədir: “Ancaq mən belə fikirləşmirəm. Sanksiyaların İrana mənfi təsiri olub, olacaq da. Lakin eyni zamanda, bu sanksiyaların İrana xeyri də var. İran məcburiyyət qarşısında bir sıra islahatlar apararaq, inkişaf edib. Lakin burada bir sual meydana çıxır ki, sanksiyalar olmadan da inkişafa nail olmaq olmazdımı?”


Ə.Süleymani deyib ki, ABŞ və Avropa ölkələri İrana qarşı tətbiq etdikləri sanksiyadan xeyir görməyiblər: “Dediyim kimi, İran bəzi sahələrdə ziyan görüb. Ancaq bu ziyan qarşılıqlıdır. Bəzi Avropa və Amerika şirkətləri də bu vəziyyətdən ziyan çəkib”.


Sabiq səfir çıxış yolunun danışıqlar olduğunu da vurğulayıb.
# 397

Oxşar yazılar