Müdafiə Nazirliyi: “Ermənistan həmin gücün kölgəsində yatır”
Lent.az-ın xəbərinə görə, Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlunun bu gün yaydığı açıqlamada belə deyilir. Açıqlamada qeyd olunub ki, bir sıra informasiya agentlikləri həmin ölkənin hərbi rəhbərliyinin sifarişi ilə bəzi xatırlatmalar edərək 1992-94-cu illərdə Azərbaycanın itkilərini yada salıblar: “Sanki bununla yeni bir Amerika kəşf etmiş kimi “şücaətlərini” qabartmağa çalışıblar. Halbuki bu vəziyyətin hansı səbəblərdən irəli gəldiyi Azərbaycan tərəfdən dəfərlə izah olunub. Beynəlxalq birliklər də bunu təkrar-təkrar təsdiq ediblər. Əks təqdirdə, Ermənistan birinci Dağlıq Qarabağ müharibəsində bir addım belə irəliləməyə özündə cürət tapmazdı. Onlara yalnız Xocalı faciəsini törətməkdə dəstək verilməyib, bütün döyüş əməliyyatları bəlli gücün bilavasitə müdaxiləsi və yaxından köməkliyi ilə həyata keçirilib. Bu gün də Ermənistan həmin gücün kölgəsində yatır. Dünya təcrübəsinə nəzər salası olsaq, o zaman görərik ki, tarixin heç bir məqamında erməni təkbaşına qəhrəmanlıq göstərmək qabiliyyətində olmayıb. Həmişə kiminsə qoltuq ağacına dönərək ona çörək verənə də xəyanət edib. Ona görə də erməni informasiya mənbələri keçmişə ekskursiya edərkən heç olmazsa bunları özləri üçün unutmamalıdırlar”.
939