Mətbuat Şurası Xocalı soyqırımı ilə bağlı müsabiqənin qaliblərini açıqladı
25 fevral 2010 15:00 (UTC +04:00)

Mətbuat Şurası Xocalı soyqırımı ilə bağlı müsabiqənin qaliblərini açıqladı

Əflatun Amaşov: “KİV 18 il əvvəl baş verən qanlı olayın layiqli qiymətini almasında daha mütəşəkkil mövqe tutmalıdır”

Bu gün Mətbuat Şurasının və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin “Azərsun Holdinq”in maliyyə dəstəyi ilə birgə həyata keçirdiyi “Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək” layihəsi çərçivəsində baş tutan media müsabiqəsinə yekun vurulub.

Lent.az-ın verdiyi məlumata görə, bu münasibətlə “Azərsun Holdinq”in Mədəniyyət Mərkəzində qaliblərə mükafatların təqdimetmə mərasimi düzənlənib.

“Azərsun Holdinq”in vitse-prezidenti Tahir Gözəl Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı müsabiqənin təşkil edilməsini ölkənin ictimai həyatında mühüm hadisə kimi dəyərləndirib. O, medianın türk dünyasının ortaq faciəsi olan olaya münasibətdə daha mütəşəkkil mövqe tutmasını zəruri sayıb və müsabiqənin də belə bir mərama xidmət etdiyini söyləyib. Tahir Gözəl “Azərsun Holdinq”in bu cür tədbirlərə hər zaman dəstək verəcəyini dilə gətirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Xocalı faciəsinin insanlığa qarşı yönəlmiş ən ağır cinayət faktlarından biridir və KİV-lər dünya miqyasında Azərbaycanın ədalətli mövqeyinin təbliği istiqamətində genişmiqyaslı işlər həyata keçirməkdədirlər: “Lakin Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır, 20 faizdən artıq torpağımız işğal altındadır. Mövcud durumda dövlət qurumları ilə yanaşı ictimai təşkilatların, həmçinin medianın da üzərinə mühüm missiya düşür. KİV-lər 18 il əvvəl baş verən qanlı olayın layiqli qiymətini almasında daha mütəşəkkil mövqe tutmalıdırlar”.
Əflatun Amaşov bildirib ki, müsabiqənin məramı əsasən xarici auditoriya üçün nəzərdə tutulan materialların müəyyənləşdirilməsi olub.

Müsabiqənin Münsiflər Heyətinin sədri, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov 7 nəfərin təmsil olunduğu Münsiflər Heyətinin 76 yazını nəzərdən keçirdiyini qeyd edib və qalibləri təbrik edib. Bəxtiyar Sadıqovun sözlərinə görə, şəffaflıq prinsiplərinin qorunması üçün işçi qrupu tərəfindən toplanan materialların elektron variantı Münsiflər Heyətinə imzasız şəkildə verilib. Hər münsifin balı öncədən hazırlanan cədvəldə yerləşdirilib və yekun iclasda bütün ballar toplanaraq qaliblərin adları müəyyənləşdirilib. Sonra müsabiqə qaliblərinə və fərqlənənlərə mükafatlar təqdim olunub.

Baş mükafata “Kaspi” qəzetinin əməkdaşı Sənan Nəcəfov sahib çıxıb.

Digər mükafatlar aşağıdakı şəxslərə təqdim edilib.

2-ci yer:

Ceyhun Musaoğlu
Səriyyə Müslümqızı

3-cü yer:

Rufik İsmayılov
Cəvahir Səlimqızı
Kəbutər Haqverdiyeva

Araşdırma yazısı nominasiyası:

Saleh Bəy Qarabağlı

Həvəsləndirici mükafat nominasiyası:

1. Bəxtiyar Elcan
2. Nicat İntiqam
3. Elçin Bayramlı
4. Əziz Mustafa
5. Səbinə Mövsümova
6. Zülfiyyə Quliyeva
7. Seymur Verdizadə
8. Əntiqə Rəşidqızı
9. Novruz Novruzov

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu və digər natiqlər müsabiqənin önəmli cəhətlərinə diqqəti yönəldərək onun baş tutmasında əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, müsabiqənin Münsiflər Heyətinin tərkibinə millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdan başqa, “525-ci qəzet”bn baş redaktoru Rəşad Məcid, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov, millət vəkili Elman Məmmədov, Əsir və İtkin Düşmüş Vətəndaşların işi üzrə Dövlət Komissiyasının üzvü Mahir Cavadlı, Diaspora Komitəsinin əməkdaşı Elşad Miralim daxildir.
# 505

Oxşar yazılar