Britaniya baş nazirinə Xocalı soyqırımı ilə bağlı petisiya ünvanlanıb
25 fevral 2010 14:30 (UTC +04:00)

Britaniya baş nazirinə Xocalı soyqırımı ilə bağlı petisiya ünvanlanıb

Baş nazirin katibliyi petisiyanı aldığını rəsmi olaraq təsdiq edib

Fevralın 24-də London şəhərində Temza çayında üzən “Silver Sturgeon” gəmisində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Böyük Bitaniyanın ictimai-siyasi xadimlərinin, deputatlarının və diplomatların iştirakı ilə Xocalı qətliamının 18-ci ildönümünə həsr edilmiş tədbir həyata keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, innovativ xarakter daşıyan tədbir zamanı Temza çayı üzərində Xocalı faciəsi zamanı həlak olmuş 613 nəfərin adları qeyd edilmiş şarlar “Silver Sturgeon” gəmisindən havaya buraxılıb və həmin sayda qərənfillər Temza çayına atılıb.

Tədbir zamanı Amerikalı rep musiqiçisi Toni Bləkmən və Azərbaycanın tanınmış rep qrupu “Dəyirman” qrupu tərəfindən ifa edilmiş “Xocalıya Ədalət” adlı rep üslubda yazılmış mahnının təqdimatı keçirilib. Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsini əks etdirən şəkillərdən ibarət rəsm sərgisi də nümayiş etdirilib.

Xatırladaq ki, fevral ayının 10-dan başlayaraq Böyük Britaniyada Xocalı soyqırımı ilə bağlı imzalar toplanmağa başlanıb və Xocalıya Ədalət kampaniyasının fəalları tərəfindən bu ilin sonuna qədər Böyük Britaniya vətəndaşlarından kampaniyanın saytı (www.justiceforkhojaly.org) vasitəsilə 100 minə qədər imza toplanması planlaşdırılır. Silver Sturgeon” gəmisində keçirilən tədbirin sonunda da iştirakçılar Böyük Britaniyanın baş nazirinə ünvanlanmış petisiyaya imza toplayıblar. Petisya Xocalı qətliamını insanlığa qarşı cinayət kimi tanımağa və günahkarları hüquqi məsuliyyətə cəlb edilməsi üçün səylərini gücləndirməyə çağırır. Artıq Böyük Britaniyanın baş nazirinin katibliyi petisiyanı aldığını rəsmi olaraq təsdiq edib və 1 il ərzində imzaların öz rəsmi ünvanına da (http://petitions.number10.gov.uk/Khojaly/) qəbul edilməsi üçün razılıq verib.
# 872

Oxşar yazılar