İranlı deputat: “Ermənistan təcavüzkardır”
24 fevral 2010 15:45 (UTC +04:00)

İranlı deputat: “Ermənistan təcavüzkardır”

“Xocalıda qətliama məruz qalan insanlar bizim müsəlman bacı və qardaşlarımızdır”.



Bu sözləri APA-ya eksklüziv açıqlamasında İran İslam Şurası Məclisinin Ərdəbildən olan deputatı, İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Seyid Kazım Musəvi deyib.


Millət vəkili Ermənistanı Xocalı qırğınına görə qınadıqlarını, onu təcavüzkar adlandırdıqlarını vurğulayıb: “Heç bir dində bir millətin uşağına, qocasına rəhm etmədən onu qətliam etmək yoxdur. Bunu edən bəşəriyyətin düşməni və qatili hesab olunur”.


Musəvi Xocalı soyqırımı ilə əlaqədar İranda, xüsusən də azərbaycanlılar yaşayan məntəqələrdə bəzi mərasimlərin keçirildiyini bildirib: “Bununla bağlı fevralın 25-də İran millət vəkillərindən ibarət qrup Azərbaycanın Tehrandakı səfirliyinə gedib başsağlığı verəcək. Bu mərasimdə də erməniləri mühakimə edəcəyik”.


O, Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun İran İslam Respublikasına səfərini yüksək dəyərləndirərək, onun İran İslami Şura Məclisinin spikeri Əli Laricani, prezident Mahmud Əhmədinejad, eləcə də İranın Milli Təhlükəsizlik Məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili ilə görüşlərinin, apardığı müzakirələrin hər iki tərəf üçün səmərəli olduğunu bildirib. Musəvi O.Əsədovun Təbrizə səfərini də təqdirəlayiq hesab edib.


Onun fikrincə, O.Əsədovun İrana səfəri məntəqədə, xüsusən də Azərbaycan və İran arasında səmimi əlaqələrin inkişafı deməkdir: “Güman edirəm ki, gündən-günə yaxşı istiqamətdə inkişaf edən əlaqələrimiz daha da genişlənməlidir. Bizim ticari, iqtisadi, mədəni, siyasi və digər sahələrdə əməkdaşlığımız digər qonşu ölkələrdən daha yüksək səviyyədə olmalıdır. Çünki bizim qırılmayan 700 km sərhədimiz, eyni dilimiz, eyni dinimiz var. Bu, iki ölkənin inkişafı üçün böyük sərvətdir”.


Millət vəkili bildirib ki, İran həmişə sülhün, sabitliyin tərəfdarı olub, hazırda da siyasətini bu yöndə davam etdirir: “Qarabağ Azərbaycanındır, bunu mən hər zaman demişəm. İran Qarabağla yox, bütöv Azərbaycanla sərhəddir. Biz Qarabağ məsələsinin həlli yolunda Azərbaycana kömək etməyə hazırıq, onun yanındayıq. Bildirim ki, bu bizim parlamentarilərin, eləcə də dövlətin rəsmi mövqeyidir. Biz hər işdə haqqın tərəfdarıyıq. Bu məsələdə də Azərbaycanın haqlı olduğu məlumdur. Onun haqqının tapdalanması ilə heç vaxt razılaşa bilmərik. Azərbaycana hücum edən, ona müharibə elan edən istənilən ölkə elə bizim ölkəyə, İrana müharibə elan etmiş sayılır. Mən bu sözü əminliklə deyirəm. İki ölkə arasında müvafiq təhlükəsizlik müqavilələri də mövcuddur”.


Millət vəkili İrana qarşı tətbiq edilən sanksiyalara da münasibətini açıqlayıb: “Bildiyiniz kimi, ABŞ-ın, İsrailin, eləcə də qərb ölkələrinin bir çoxunun İranı gözü götürmür. Onların uranın zənginləşdirilməsi, həmçinin atom stansiyasının inşasına görə İrana təzyiqləri əsassızdır. ABŞ və onun müttəfiqləri heç vaxt İranı, xüsusilə də müsəlmanların irəli getməsini, inkişafını istəməyiblər. Bununla bağlı da bizim onlarla həmişə problemimiz olub. Yəqin bundan sonra onlar İrana qarşı təzyiqləri daha da artıracaqlar. Lakin biz öz işimizi sülh və sabitlik şəraitində davam etdirəcəyik, heç kəsdən də qorxumuz yoxdur”.


İranda prezident seçkilərindən sonra və Aşura günü baş vermiş hadisələrə toxunan Musəvi bu məsələlərdə ABŞ, İsrail və bəzi qərb ölkələrinin əli olduğunu deyib. O, hazırda İranda vəziyyətin sabit olduğunu qeyd edib: “Qarşıdurma yaradanların iç üzü açıldı, camaat da onları tanıdı. Ali rəhbərimiz xalqa müraciət elədi və ingilislərin xəbis olduğunu, İran xalqının inkişafını istəmədiyini bəyan elədi. Bizim xarici siyasətimizi rəhbərimiz müəyyənləşdirir. O, bütün ölkələrlə ikitərəfli əlaqələr yaratmağın tərəfdarıdır, yalnız cinayətkarlardan başqa...”


S.K.Musəvi Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında etiraz aksiyası keçirilməsi və Azərbaycan bayrağının yandırılması barədə xəbərlərin həqiqəti əks etdirmədiyini deyib: “Aksiya keçirilsə də, bayraq yandırılmayıb. Bunu deyənlər iki ölkəni qarışdırmaq istəyirlər. Azərbaycanda da bu cür zərərli şayiələrin yayılmasının qarşısı alınmalıdır. Bu bizim düşmənlərimizin işidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar