Qüdrət Həsənquliyevdən sensasion təklif
19 fevral 2010 16:00 (UTC +04:00)

Qüdrət Həsənquliyevdən sensasion təklif

BAXCP sədri bununla bağlı parlament qarşısında məsələ qaldıracaq

"Odlu silahla qətlə yetirmə cinayətlərinə görə cəzanın müddəti ən azı 30 ilədək artırılmalıdır. Zorlama xarakterli cinayət əməlinə görə isə cəzanın yuxarı həddi 20 il müəyyənləşdirilməlidir. Eyni zamanda zorlama hərəkətlərinə görə, bir sıra qərbi Avropa ölkələrinin təcrübəsindən istifadə olunaraq, əlavə cəza da tətbiq olunmalıdır. Yəni, zorlama cinayəti törədən şəxslər cərrahi yolla axtalanmalıdırlar". Lent.az-ın xəbərinə görə, bu sensasion təkliflə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.

BAXCP sədri odlu silahla törədilən qətllərin və zorlama hallarının qarşısının alınması üçün beynəlxalq təcrübəyə əsaslanan təkliflərini də açıqlayıb və qeyd edib ki, bununla bağlı parlamentin toplantısında da məsələ qaldıracaq.

O, dünya təcrübəsində konkret cinayətlərin çoxaldığı dövrlərdə müxtəlif hüquqi tədbirlərin həyata keçirildiyini xatırladıb: "Dünyanın əksər ölkələrində bu və ya digər cinayət hallarının çoxaldığı zaman həmin cinayətlərə görə tətbiq olunan cəza növləri bir qayda olaraq sərtləşdirilir. Təbii ki, ilk növbədə bu cinayətlərin çoxalmasına zəmin yaradan şərait və səbəblər ciddi şəkildə araşdırılır".

BAXCP sədri odlu silahla qətlə görə cəzanın 30, zorlamaya görə isə 20 ilə qaldırılmasının çox olub-olmadığı barədə sualımızı da beynəlxalq təcrübəyə istinad edərək cavablandırıb: "Dünyanın bir çox ölkələrində, xüsusilə də Amerika Birləşmiş Ştatlarında oxşar cinayətlərə görə bundan daha çoxmüddətli cəza növləri var. Bu baxımdan, cəza müddətinin artırılmasında heç bir problem görmürəm".

Qeyd edək ki, məlumatı partiyanın mətbuat xidməti yayıb.

Pərvin ABBASOV
# 807

Oxşar yazılar