Rauf Arifoğlu: “İsa Qəmbər gedəcək...” – MÜSAHİBƏ
18 fevral 2010 19:00 (UTC +04:00)

Rauf Arifoğlu: “İsa Qəmbər gedəcək...” – MÜSAHİBƏ

“Yeni Müsavat” qəzetinin baş redaktoru, Müsavat Partiyasının üzvü Rauf Arifoğlunun APA-ya müsahibəsi:

- Müsavat Partiyasının başqanlığına namizəd olmaq fikriniz varmı?

- Mənim Müsavat Partiyasının bu ilin sonunda keçiriləcək qurultayında başqanlığa heç bir iddiam yoxdur, bu istiqamətdə də çalışmıram.

- Bunun xüsusi bir səbəbi varmı?

- Xüsusi səbəb ondan ibarətdir ki, mən hal-hazırda “Yeni Müsavat” qəzeti, onun ayaqda qalması, böyüməsi kimi məsələlərlə məşğulam. Bu ikisi - yəni həm başqanlıq çalışması, partiya daxilindəki savaş, həm də media sahəsində əlimdə olan qəzetin qorunması bir arada mümkün olmaz. Bu baxımdan, mən öz seçimimi etmişəm, siyasi ambisiyalarımı türklər demiş, müvəqqəti ertələmişəm.

- Bununla bağlı sizə təkliflər varmı?

- Bu barədə danışmaq istəmirəm.

- Zaman-zaman başqanlığa iddialı olduğunuzu bildirmisiniz. Belə başa düşülür ki, iddianızdan geri çəkilmisiniz...

- Bəli, belə demək olar.

- Ola bilərmi ki, gələcəkdə yenidən başqanlığa iddianızı ortaya qoyasınız?

- Bu barədə danışmaq həvəsində deyiləm. Partiyanın qurultayından, başqanlığından əvvəl daha bir mühüm məsələ var, bu, parlament seçkiləridir. Bu qədər böyük, gərgin bir zamanda başqanlıq haqqında, lider dəyişikliyi haqqında danışmaq və fikirləri buna yönəltmək mənim tərəfimdən o qədər də doğru hesab olunmur.

- Başqanlığa dəstəklədiyiniz namizəd olacaqmı?

- Müsavat Partiyası daxilində iddialı olan şəxslərin böyük əksəriyyətini dəstəkləyə bilərəm. Onların böyük əksəriyyəti bu post üçün layiqli, vicdanlı və əqidəli müsavatçıdır. Mən hər halda qəti seçimimi etməmişəm, amma arzum ondan ibarətdir ki, bu namizədlər İsa Qəmbərdən sonrakı dövr üçün ortaq məxrəcə gəlsinlər, partiya daxilində təlatümlər, parçalanmalar, partiyadan küsmələr baş verməsin. Bu baxımdan Müsavat cameəsinin ortaq razılığını görmək istərdim.

- Bəzən belə təkliflər səslənir ki, partiya Nizamnaməsinə dəyişiklik edilsin və İsa Qəmbər başqanlıqdan getməsin...

- Bu, artıq qeyri-mümkün məsələdir. Əslində, mən bu barədə danışmaq istəmirəm. İsa Qəmbər gedəcək, onu heç bir qüvvə bu qərarından döndərə bilməz. Çünki mən bu adamı tanıyıram, ona görə də olmayacaq bir şey barədə fikir bildirmək istəmirəm.

- Sizcə İsa Qəmbərdən sonra Müsavat Partiyası AMİP və Liberal Partiya kimi zəifləməyəcək ki...

- Problemlər olacaq, elə indidən başlayıb. Amma gərək ortaya fərqli nəticə qoyaq, çalışaq ki, bu problemlər həyatımızı qoyduğumuz bu partiyanı sıradan çıxarmasın, parçalamasın, bölməsin.

- Sizcə, hansı addımları atmaq olar ki, bu problemlər olmasın?

- Birinci vacib addım əsas iddiaçılar arasında kompromisin, ortaq məxrəcin tapılmasıdır. Qarşılıqlı güzəştlər zamanıdır. Lazım olsa, hərə öz iddiasından bir neçə addım geri çəkilməyi bacarmalıdır. Bəzi məsələlər da var, ancaq bunu mediada demək istəmirəm. Bu, artıq partiya daxili işdir.

- Son vaxtlar Müsavat və Liberal partiyaları arasında başlayan qarşıdurmanı necə qiymətləndirirsiniz?

- Bu qarşıdurmanın əsas səbəbkarı Əvəz Temirxandır. O, zaman-zaman danışığını bilməyən, danışdıqları ilə müxalifətə zərər verən birisidir. O öz danışdıqları ilə həm Liberal Partiyaya, həm də Lalə Şövkətə “ayı xidməti” göstərmiş oldu. Əvəz Temirxan sussa, heç bir problem qalmayacaq.

- Axı Lalə Şövkət özü də bildirir ki, İsa Qəmbər ona qarşı düşmənçilik mövqeyindən çıxıq edir...

- Mən heç yerdə oxumamışam ki, İsa Qəmbər Lalə Şövkətin adını çəkərək nə isə söyləsin. Bu, Əvəz Temirxanın yorumlarıdır. Görünür, Lalə xanıma da bu cür çatıb. Qəzet redaktoru olaraq, bildirirəm ki, mətbuatı araşdırsınlar İsa Qəmbərin dilindən Lalə xanım haqqında nə isə səsləndiyini tapsınlar. Belə bir ifadə tapa bilməyəcəklər. Amma olmayan bir ifadə üçün Əvəz Temirxanın kifayət qədər təhqirləri və ittihamları ortadadır. Bunu da partiyanın ayrı-ayrı üzvləri cavablandırmaq zorunda qalırlar.

- Onlar bildirir ki, “Yeni Müsavat”da Lalə Şövkətlə bağlı yazıların arxasında da İsa Qəmbər dayanır...

- “Yeni Müsavat” qəzetinin arxasında Rauf Arifoğlu dayanır və mən bunu illərdir ki, sübut etmiş adamam. “Yeni Müsavat” qəzetində isə Lalə Şövkət, ayrı-ayrı siyasətçilər, hakimiyyətdən tutmuş müxalifətin hətta az nəzərə çarpan liderləri barədə dəfələrlə yazılar gedib. Lalə xanım haqqında deyə bilmərəm, amma Əvəz Temirxanın iftiralarına cavablar verilib. Ayrı-ayrı köşə yazarlarının fikirləri çap olunub. Amma Əvəz Temirxanın, Lalə xanımın agentliklərə verilən və hətta Müsavat başqanının tənqid və təhqir edən müsahibələri də bizdə olduğu kimi dərc olunub və “KİV haqqında” qanunun prinsiplərini pozmadan onlara müvafiq istiqamətlərdə cavab almışıq.

- Parlament seçkilərinə namizədliyinizi irəli sürəcəksinizmi?

- Bəli, fikrim var. Xəritədə müəyyən seçki dairələrini işarə etmişəm. Qəti qərarımı isə bu aylarda verəcəyəm.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar