Pənah Hüseyn: “Agenturayla bağlı açıqlamaların üslubunu və formasını bölüşmürəm”
17 fevral 2010 16:30 (UTC +04:00)

Pənah Hüseyn: “Agenturayla bağlı açıqlamaların üslubunu və formasını bölüşmürəm”

“Müxalifət çox geniş spektri əhatə edir. Orada geosiyasi meyllər də müxtəlif ola bilər. Söhbət əgər xarici xidmət orqanlarına işləməkdən gedirsə, bu, vətənə xəyanətdir və ən ağır cinayət deməkdir. Azərbaycanın ciddi və real müxalifət partiyalarının liderləri arasında belə bir şəxsin olmasını birmənalı istisna edirəm”. Bunu Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının üzvü, millət vəkili Pənah Hüseyn Müsavat başqanı İsa Qəmbərin müxalifət daxilində xarici dövlətlərin xüsusi xidmət orqanlarına işləyənlərin olması barədə dediklərinə münasibət açıqlayarkən bildirib. “Məncə İsa bəyin açıqlaması siyasətçilər tərəfindən bir qədər şişirdildi. İsa bəy konkret ad çəkməmişdi və hədəf göstərməmişdi. Prinsip etibarı ilə mən bu cür açıqlamaların istər üslubunu, istər formasını bölüşmürəm. Ancaq hesab edirəm ki, İsa bəyin Məclisin toplantısında dedikləri bu fikrin ucundan tutub ucuzluğa getdilər. Nəticədə təəssüf doğuran situasiya yarandı. Bir sıra qəzetlərdə, xüsusən Mirmahmud Mirəlioğluna yaxın sayılan qəzetdə də bəzi materiallar dərc olunub. Bütün bunlar öz yerində. Prinsip etibarı ilə konkret ifadə ifadə etsəm, mən İsa Qəmbərin də, Lalə Şövkətin də, Əli Kərimlinin də, Mirmahmud Mirəlioğlunun da, Sərdar Cəlaloğlunun da, Etibar Məmmədovun da və digər adlarını çəkmədiyim blok və birliklərə daxil olan şəxslərin bir yerdə olmasını mümkün, zəruri hesab edirəm. 2010-cu il seçkilərində bunun alternativini də görmürəm” – deyə, P.Hüseyn əlavə edib.

O, bu il keçiriləcək parlament seçkisinə 2005-ci ildə seçildiyi dairədən qatılmaq fikrində olduğunu desə də, başqa dairədən namizəd olacağını da istisna etməyib: “İndiki dairədə iştirak etmək planım var. Ancaq ola bilsin ki, bizim başqa namizədlər də olsun və məsələni müzakirə edib başqa qərar qəbul olunsun. Təmsil olunduğum Demokratiya Uğrunda İttifaq seçki bloku halında iştirak etmək barədə qərar qəbul edib. Əlbəttə, istisna deyil ki, müxalifətin daha geniş bloku yaranarsa, DUİ də həmin blokun iştirakçısı ola bilər. Ancaq hazırda mən seçkiyə DUİ-nin təşkil edəcəyi seçki blokunun daxilində qatılmaq fikrindəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar