Sumqayıtda Andres Herkelin əleyhinə etiraz aksiyası keçirilib
17 fevral 2010 13:15 (UTC +04:00)

Sumqayıtda Andres Herkelin əleyhinə etiraz aksiyası keçirilib

Bu gün Sumqayıtda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəsiçi Andres Herkelin əleyhinə etiraz aksiyası keçirilib. APA-nın xəbərinə görə, Zəngilandan olan bir qrup məcburi köçkün aksiya keçirərək Estoniyada biznes fəaliyyəti ilə məşğul olan həmyerliləri Əhliman Zeynalovla, Mirzə Camalovun qanunsuz, müəmmalı şəkildə həbs edilməsinə etirazlarını bildiriblər. Onlar Avropa Birliyinin üzvü olan Estoniyadan haqsızlığa son qoymağı və ədaləti bərpa etməyi tələb ediblər. Aksiya iştirakçıları AŞ PA Azərbaycan üzrə həmməruzəçisi Andress Herkelin də ünvanına “Estoniyada saxlanılan siyasi məhbuslar Əhliman Zeynalovla, Mirzə Camalova azadlıq”, “Herkel! Öncə Estoniyada azərbaycanlılara qarşı təzyiqlərə son qoy!”, “Herkel! Get Estoniyaya dərs keç!” kimi şüarlar səsləndiriblər.

Aksiya zamanı A. Herkelə ünvanlanan müraciət də oxunub. Həmin müraciətdə Estoniyada qeyr-qanuni həbsdə saxlanılan Əhliman Zeynalovla, Mirzə Camalova qarşı özbaşınalığa son qoyulması tələb olunub: “Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi kimi insan haqlarının qorunmasına dair verdiyiniz tövsiyələrə görə minnətdarıq. İkiqat yaxşı olardı ki, bu tövsiyələri öncə Estoniya verərdiniz. Üç ildir ki, bizim qohumlarımız ölkənizdə siyasi məqsədlərlə qondarma ittihamlarla həbsdə saxlanırlar. Bir ildən artıqdır ki, onların işinə Haryus Məhkəməsi tərəfindən baxılır. Siz bu məsələ ilə obyektiv şəkildə tanış olun və özünüz üçün Estoniya parlamentarisinin Avropa Şurasında təmsil olunmağa mənəvi haqqının çatıb-çatmadığını müəyyənləşdirin” .

Onlar bu müraciəti Azərbaycana son səfəri zamanı Andres Herkelə təqdim etdiklərini deyiblər.

Aksiya polis işçiləri hadisə yerinə gələnə qədər başa çatıb.

Həbs olunanların vəkili Cavanşir Süleymanov APA-ya açıqlamasında Mirzə Camalovla Əhliman Zeynalovun qanunsuz olaraq həbs edildiyini deyib. Vəkilin sözlərinə görə, həbs olunan azərbaycanlılar Estoniya Cinayət Məcəlləsinin 184.2 və 392-ci maddələri (narkotik vasitələrin ölkəyə gətirilməsi) ilə ittiham olunublar. Onun sözlərinə görə, iş üzrə yekun məhkəmə martın 31-də keçiriləcək və hökm oxunacaq: “Mən prosesdə . iştirak edəcəyəm. Yüz faiz əminəm ki, onlar bəraət alacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar