“Qondarma “soyqırım” layihəsi erməni diasporu üçün “sağmal inək”dir”
11 fevral 2010 10:45 (UTC +04:00)

“Qondarma “soyqırım” layihəsi erməni diasporu üçün “sağmal inək”dir”

ABŞ-dakı türk diasporunun rəhbərlərindən biri: “ABŞ konqresmenləri beynəlxalq hüququ pozurlar”



“Hər il ABŞ Konqresi və Senat uydurma “erməni soyqırımı” layihəsini gündəmə gətirməyə çalışır. Lakin mən düşünmürəm ki, uydurma soyqırımın tanınmasını nəzərdə tutan 252 saylı qətnamə layihəsi qəbul ediləcək. Çünki bu, bəzi qanunvericilər və erməni diasporu üçün “sağmal inək”dir”.


Bu sözləri ABŞ-dakı türk diasporunun rəhbərlərindən biri Karahan Mete APA-nın Vaşinqton müxbirinə eksklüziv açıqlamasında deyib.


Uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan 252 saylı qətnamə layihəsinin gələn ay müzakirə çıxarılmasına münasibət bildirən K. Mete ABŞ qanunverici orqanının bu cür qeyri-etik, qeyri-demokratik qətnaməni gündəmə gətirməsinin ilk dəfə olmadığını xatırladıb.


“Uydurma “erməni soyqırımı” layihəsini qəbul etməyə çalışan ABŞ konqresmenləri beynəlxalq hüququ pozurlar”, - deyə o bildirib.


K. Mete ABŞ-dakı bəzi yəhudi təşkilatlarının “erməni soyqırımı” məsələsini Holokostla eyniləşdirməsindən təəssüfləndiyini qeyd edib: “Mən bunlar arasında heç bir oxşarlıq görmürəm”.


K. Mete ABŞ-dakı türk diasporunun ermənilərə münasibətinə də toxunub: “Bizim ermənilərlə bir problemimiz yoxdur. Bizim problemimiz erməni diasporu ilədir. Biz diasporun bir hissəsi olan erməniləri sadə ermənilərdən fərqləndirməliyik. Mən şəxsi təcrübəmdən danışıram. Mən deyərdim ki, ermənilər çox mehribandır, xüsusilə də gənc və savadlılar...”


O, Türkiyə hökumətindən də şikayətlənib: “Təəssüf ki, biz bu iddiaları aradan qaldırmaq üçün bir qrup adamla işləyirik, bu isə bizim arzu etdiyimiz nəticəni verə bilmir. Arzuladığımız nəticəni əldə etmək üçün biz xalqımızı maarifləndirməliyik. Türk vətəndaşının maarifləndirilməsi isə hökumətin səlahiyyətindədir. Təəssüf ki, Türkiyə hökumətinin bu məsələ ilə bağlı heç bir milli planı yoxdur. Keçmiş və indiki Türkiyə hökuməti yanğınsöndürən maşın kimi bir böhrandan digərinə düşüb və düşməkdə davam edir. Bizim rəqiblərimiz bunu bilir və bizi məğlub etmək üçün yanğınlar törədirlər”.


Diasporun fəaliyyətinə gəlincə, K. Mete bildirib ki, onlar da kifayət qədər iş görə bilmirlər: “Əsas məsələ bizim nəyi necə etməli olduğumuzdur. Bu strategiyanı açıqlamaq çox vaxt aparacaq. Qısa izahat isə bəzi anlaşılmazlıqlara gətirib çıxara bilər”.


Onun sözlərinə görə, araşdırılmalı olan digər məsələ ABŞ və digər ölkələrin ermənilərin iddialarına niyə həvəslə cavab verməsidir: “Çünki Türkiyənin istiqlal müharibəsi hələ bitməyib, başqa formada davam edir. Müharibənin yeni forması təbliğat müharibəsidir və biz bu müharibədə necə döyüşməli olduğumuzu bilmirik. Ermənilərin uydurma soyqırımı fenomeni Türkiyə haqqında mənfi rəy yaratmaq üçün bir alətdir. Türkiyəyə təcavüz etmək, onu işğal etmək və bölmək vaxtı çatanda onların öz hərəkətlərinə haqq qazandırmaq üçün ictimai dəstəyə ehtiyacları olur”.


K. Mete vurğulayıb ki, buna görə türklərin erməni fenomenini və digər məsələləri geniş kontekstdə təhlil etməsinə ehtiyac var: “Biz fərdi məsələlərə öküz qırmızı örtüyə baxan kimi baxırıq. Hər dəfə öküz qırmızı örtüyə hücum etmək istəyəndə, kürəyinə daha bir ox sancılır, nəticədə o həlak olur. Hər dəfə öküz “bu maneəni məhv edəcəyəm” deyə hücuma keçir. Elə matadorun da istədiyi budur. O, ölənə kimi öküzü oxlayır. Təəssüf ki, bizim beynəlxalq problemlərlə bağlı strategiyamız öküz döyüşünə bənzəyir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457

Oxşar yazılar