“Kaspi” qəzetinə yeni baş redaktor təyin olunub
10 fevral 2010 13:15 (UTC +04:00)

“Kaspi” qəzetinə yeni baş redaktor təyin olunub

Natiq Məmmədli qəzetin saytını yaxın vaxtlarda on-layn sistemə keçirməyi planlaşdırır

“Azadlıq” radiosunun veb-səhifəsinin redaktoru Natiq Məmmədli gündəlik nəşr olunan “Kaspi” qəzetinin baş redaktoru təyin olunub.

Natiq Məmmədli Lent.az-a açıqlamasında deyib ki, internet saytı ilə müqayisədə qəzetdə çalışmaq daha maraqlıdır.

O bildirib ki, əvvəllər “Yeni Azərbaycan”, “Gün Səhər” qəzetlərində baş redaktorun müavini olub: “Ona görə də qəzetçilik mənim üçün daha doğmadır”.

“Kaspi”nin yeni baş redaktoru qəzetin dizaynında dəyişikliklər etmək istəyir: “Qəzetin yaxşı kollektivi var. İstəyirik ki, bu kollektivlə daha yaradıcı fəaliyyət göstərək, yaxşı materiallar təqdim edək ki, qəzetin fəaliyyəti cəmiyyətdə hiss olunsun. Digər tərəfdən, qəzetin saytı var, ancaq o sayt mənim xoşuma gəlmir. Saytı yaxın vaxtlarda on-layn sistemə keçirmək istəyirik”.

Natiq Məmmədli bildirib ki, “Kaspi” qəzeti 10 ildir, nəşr olunur: “Bundan sonra qəzetin daha keyfiyyətli çıxmasına çalışacağıq. İstəyirik ki, gələcəkdə qəzetin fəaliyyəti genişlənsin, ayrı-ayrı sahələr üzrə onun əlavələrini də nəşr edək və Azərbaycanda maraqlı qəzetlərin sayı bir az da çox olsun”.


Natiq Məmmədli “Kaspi”nin baş redaktoru Nurəddin Heydərovun bundan sonra qəzetdə fəaliyyətini baş redaktorun müavini kimi davam etdirəcəyini söyləyib. O, “Kaspi” qəzetinin təsisçisinin dəyişmədiyini də nəzərə çatdırıb: “Qəzetin təsisçisi yenə də “İntellekt” firmasıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1440

Oxşar yazılar