Əhməd Davudoğludan xəbərdarlıq
08 fevral 2010 11:45 (UTC +04:00)

Əhməd Davudoğludan xəbərdarlıq

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərar layihəsinin ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə daxil edilməsinə kəskin etirazını bildirib.


APA-nın “Hürriyet” qəzetinə istinadən yaydığı məlumata görə, Ə. Davudoğlu ermənilərin saxta “soyqırım”ın ildönümü kimi qeyd etdikləri 24 aprel tarixindən əvvəl - martın 4-də layihənin müzakirəyə çıxarılmasının təsadüf olmadığını deyib.


Münhendən qayıdarkən təyyarədə media mənsublarına açıqlama verən nazirin fikrincə, son həftələrdə baş verənlər – Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarı, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə Serj Sarkisyanın destruktiv mövqedən çıxış etməsi və son olaraq “soyqırım” layihəsinin Konqresdə gündəmə gətirilməsi onu göstərir ki, erməni tərəfi bunları qabaqcadan planlaşdırıb.


Ə. Davudoğlu narahatlığını Münhendə ABŞ dövlət katibinin müavini Ceyms Steynberqə çatdırdığını söyləyib: “Onlara dedik ki, Konqresdə baş verənləri siz təsadüf saya bilərsiniz, amma biz bunun təsadüf olmadığını düşünürük. Son həftələrdə ardıcıl baş verən hadisələr bizi ciddi şəkildə narahat edib. Öncə Ermənistan Konstitusiya Məhkəməsi imzaladığımız protokollar haqqında bizim qəbul etməyəcəyimiz şərhlər verdi. Sonra Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşdə erməni tərəfi konstruktiv mövqeyindən geri addım atdı. İndi də Amerika Konqresinə bu cür qərar layihəsi gətirilir. Bu üç olayın bir-birinin ardınca baş verməsi bizdə bunun təsadüf olmadığı qənaətini yaradır. Niyə bu layihə indi gündəmə gəlir? 24 apreldən təzyiq faktoru kimi istifadə edərək bizdən doğruluğuna inanmadığımız addımı atacağımızı gözləməsinlər. Bu layihənin gündəmə gətirilməsi nə ABŞ, nə Türkiyə, nə də Ermənistanın mənafeyinə uyğundur. Bu proses həm ABŞ-la ikitərəfli əlaqələrimizə, həm də böyük əziyyətlə bu səviyyəyə gətirdiyimiz Türkiyə-Ermənistan yaxınlaşması prosesinin tıxanmasına səbəb ola bilər. Vaşinqton bizim həssaslıq duyduğumuz məsələlərdə diqqətli olmalıdır”.



Qeyd edək ki, Nümayəndələr Palatasına təqdim edilmiş “soyqırım” layihəsinə 435 konqresmendən 137-si imza atıb. Layihə martın 4-də 46 üzvdən ibarət Xarici Əlaqələr Komitəsində səsə qoyulacaq. Layihə qəbul olunarsa, Nümayəndələr Palatasının gündəminə gətiriləcək.
# 525

Oxşar yazılar