Almaniyada Dağlıq Qarabağ münaqişəsilə bağlı tədbir keçirildi
04 fevral 2010 15:30 (UTC +04:00)

Almaniyada Dağlıq Qarabağ münaqişəsilə bağlı tədbir keçirildi

Fevralın 3-də Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı ilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib. Bu barədə Lent.az-a Diasporla İş üzrə dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycanın Almaniyadakı Səfirliyinin nümayəndələrinin də qatıldığı tədbirin məqsədi bir daha Dağlıq Qarabağ münaqişəsi barədə alman ictimaiyyətini məlumatlandırmaq, ölkəmizin reallıqlarını davamlı şəkildə təbliğ etmək olub.

Toplantıda AAKM-in icraçı direktoru Samirə Patzer-İsmayılova “Sülhə ümid və ya siyasi-coğrafi məngənə. Dağlıq-Qarabağ münaqişəsi 2010-cu ildə” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, Dağlıq-Qarabağ münaqişəsi keçmiş Sovet İttifaqı ərazisində baş verən və qurbanların sayına görə birinci yerdə duran münaqişədir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20%-i zəbt olunub və bu ərazidə yaşayan yerli əhalinin azərbaycanlılardan ibarət hissəsi həmin torpaqlardan qovulub, doğma ev-eşiyindən didərgin salınıb. S.Patzer-İsmayılova bildirib ki, Qarabağ müharibəsi 30 mindən çox azərbaycanlının ölümünə, 1 milyon soydaşımızın isə ata-baba yurdundan didərgin düşməsinə səbəb olub. Onların həyat şəraitinin, sosial durumunun yaxşılaşdırılması üçün Azərbaycan dövləti mümkün addımları atsa da, köçkünlərin bir hissəsi hələ də acınacaqlı vəziyyətdə yaşayır. Məruzəçinin sözlərinə görə, uzun illər boyunca ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş fəaliyyəti bu günədək heç bir nəticə verməyib. AAKM-in icraçı direktoru öz çıxışında münaqişənin həlli istiqamətində Azərbaycan və Ermənistan dövlət başçılarının apardığı danışıqlar, beynəlxalq birliyin bu məsələyə dair mövqeyi, Ermənistanın münaqişənin həllinə qeyri-konstruktiv yanaşması və özü özünü elan etmiş qondarma Dağlıq Qarabağ respublikasını himayə etməsi və dəstəkləməsi, Azərbaycanın Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verməyə hazır olması, eləcə də Cənubi Qafqazdakı digər münaqişəli ocaqlar barədə də geniş danışıb.

Tədbirdə iştirak edən tanınmış siyasətşünas Hayko Langner isə Dağlıq-Qarabağ münaqişəsinin həlli yolları, Qafqazın geosiyasi vəziyyətinin aktuallığı və bu amilin münaqişənin həllinə təsir imkanları barədə çıxış edib. Qeyd edək ki, 39 yaşlı siyasətşünas alim Almaniya Bundestaqının elmi işçisidir. O, beynəlxalq əlaqələr və təhlükəsizlik siyasəti, keçmiş sovet respublikalarında transformasiya prosesləri və demokratiyanın inkişafı, Avropa Birliyi ölkələrində miqrasiya və inteqrasiya siyasəti, beynəlxalq sistemdə insanların hüququ, xalqların hüququ, münaqişələrin həlli strategiyası və digər mövzularda elmi araşdırmalar aparıb. Xüsusilə Cənubi Qafqaz bölgəsində baş verər proseslərlə məşğul olan Hayko Langnerin ötən il “Cənubi Qafqazın böhran zonası: Dağlıq-Qarabağ, Abxaziya, Cənubi Osetiya identitet, hüquq və coğrafi-siyasi gərginlik vəziyyətində” adlı kitabı nəşr olunub.

Sonra məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439

Oxşar yazılar