Natiq Əliyev Böyük Britaniyada işgüzar səfərdə olub
01 fevral 2010 19:30 (UTC +04:00)

Natiq Əliyev Böyük Britaniyada işgüzar səfərdə olub

Xəzər regionunun zəngin enerji resurslarının dünya bazarlarına çıxarılması imkanları ətrafında fikir mübadiləsi aparılıb


27-28 yanvar tarixində sənaye və energetika naziri Natiq Əliyev Böyük Britaniyada işgüzar səfərdə olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər zamanı Natiq Əliyev “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunda Mühafizəkar Partiyanın Türkiyəli Dostları Qrupu (CFT) və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə “Enerji Təhlükəsizliyində Azərbaycan və Türkiyənin Rolu” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Tədbirə Britaniya Parlamentinin üzvü, Mühafizəkar partiyanın xarici işlər üzrə sözçüsü Lord Hauell, Britaniyalı iş adamları, Azərbaycan və Türkiyəni təmsil edən şirkətlərin nümayəndələri, jurnalistlər, enerji sahəsində ixtisaslaşmış məsləhətçi şirkətlərin təmsilçiləri qatılıblar.

Tədbirdə çıxış edən sənaye və energetika naziri deyib ki, ölkəmizin iştirakı ilə həyata keçirilmiş uğurlu neft-qaz layihələri Avropanın enerji təchizatında xüsusi rol oynayır, enerji marşrutlarının şaxələndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Natiq Əliyev Azərbaycanın enerji sektorunda həyata keçirilən mühüm islahatlar, alternativ enerji vasitələrindən istifadə imkanları barəsində də danışıb.

“PricewaterhouseCoopers” və “Baker&McKenzie” kimi şirkətlərin Bakı təmsilçiləri müzakirələrdə çıxış edərək Azərbaycanda xarici investisiyaların cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər haqda söhbət açıb və Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq üçün münbit şəraitin yaradıldığını vurğulayıb.

İşgüzar səfər zamanı Natiq Əliyev Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin baş direktoru Vill Kavendiş ilə də görüşüb. Görüşdə iki ölkə arasında enerji sahəsində həyata keçirilən əməkdaşlığın cari vəziyyəti və perspektiv inkişaf imkanları ətrafında söhbət aparılıb, eləcə də Xəzər regionunun zəngin enerji resurslarının dünya bazarlarına çıxarılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar