Bakıda istefaya hazırlaşan iranlı diplomat işdən çıxarılıb
01 fevral 2010 18:00 (UTC +04:00)

Bakıda istefaya hazırlaşan iranlı diplomat işdən çıxarılıb

İstefa verərək xalqın tərəfinə keçmək istəyən səfirlik yetkilisinin planı faş olub

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsinin məsulu Rzayi ölkəsindəki son prezident seçkisinin nəticələrinə etiraz etdiyi üçün tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu barədə Lent.az-a etibarlı mənbədən məlumat verilib. Məlumata əsasən, seçki sonrası müxalifətin çağırışına qoşularaq istefa verib xalqın tərəfinə keçmək istədiyi üçün yanvarın 25-də onu tutduğu vəzifədən uzaqlaşdıraraq, Tehrana aparıblar.
Mənbə Lent.az-a bildirib ki, Rzayi əslən Güney Azərbaycanın Marağa şəhərindəndir. İki oğlu, bir qızı var. Diplomatın ailəsi bu addıma əvvəlcədən hazırlıq görübmüş. Bunun üçün onlar Tehrandakı mülklərini satıb, Dubayda məskunlaşmaq niyyətində imişlər. Ancaq işin üstü açılandan sonra bütün planlar alt-üst olub. Mənbə onu da deyib ki, hazırda Rzailər ailəsi qeyri-rəsmi girov vəziyyətindədir.

Qeyd edək ki, İran hakimiyyəti 2009-cu ilin prezident seçkisindən sonra bu siyasi kampaniyanın rəsmi nəticəsinə etiraz edənlərə (“yaşıllar”) qarşı təzyiqləri artırdı. Hakimiyyətin belə davranışına qarşı xaricdə və ölkə daxilində etirazlar başladı. Bu günlərdə İranın tanınmış ağır atleti Həmid Hadizadə İsveçdən sığınacaq istəyib. Bir müddət öncə İslam Respublikasının xaricdəki diplomatik missiyasının çeşidli ranqda 27 diplomatının fəaliyyət göstərdiyi ölkədən sığınacaq aldığı barədə xəbər yayıldı. Təhlükəsizlik baxımından onların adlarının açıqlanmadığı güman olunur.

Bir neçə gün öncə isə İranın Norveçdəki səfirliyinin keçmiş konsulu Məhəmmədrza Heydəri jurnalistlərə müsahibəsində xaricdəki diplomat həmkarlarını istefa verərək xalqın tərəfinə keçmələri üçün müraciət etmişdi: “İranın xarici ölkələrdə, o cümlədən Afrika və Asiya dövlətlərindəki diplomatik korpuslarında fəaliyyət göstərən insanlarla əlaqələr saxlayaraq, onların dəstəyini qazanmışıq”.

Sədrəddin Soltan
# 296

Oxşar yazılar