Ümid Partiyası müxalifəti parlament seçkilərində birliyə çağırdı
30 yanvar 2010 15:00 (UTC +04:00)

Ümid Partiyası müxalifəti parlament seçkilərində birliyə çağırdı

Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bu barədə Lent.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. İclasda M.Ə.Rəsulzadənin anadan olmasının 126-cı il dönümü münasibəti ilə onun əziz xatirəsi yad edilib. Sonra ölkədəki ictimai-siyasi vəziyyət, müxalifət partiyalarının seçkilərdə birgə iştirakı, partiyanın seçki hazırlığı və cari məsələlər müzakirə olunub.

Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı məruzə ilə çıxış edən partiya sədri İqbal Ağazadə 2010-cu ilin seçki ili olduğunu xatırladaraq bildirib ki, seçkilərin azad və ədalətli keçirilməsi Ümid Partiyası üçün piroritet məsələdir: “Demokratik seçki xalqın dövlətə inam və etibarı deməkdir”.

Partiya sədri müxalifət partiyalarının seçkilərdə əməkdaşlığının zəruri olduğunu bildirərək bu istiqamətdə iş aparmağın vacib olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Rəyasət Heyəti üzvləri də müxalifət partiyalarının seçkilərdə əməkdaşlığının tərəfdarı olduqlarını vurğulayaraq bildiriblər ki, gerçək demokratik seçki tərəfdarı olan hər bir şəxs bizi birləşdirən məqamlara daha çox diqqət etməli müxalifətin birliyinə çalışmalıdır. Partiya funksionerləri müxalifət partiyalarının seçkilərə sıx əməkdaşlıq etməsini sosial sifariş adlandıraraq bu əməkdaşlığın yaranması üçün Ümid Partiyasının fəal iş aparmasını məqsədə uyğun hesab ediblər.

Sonda Rəyasət Heyəti Ümid Partiyası adından parlament seçkilərinə münasibətlə əlaqədar bütün ictimai-siyasi qüvvələrə müraciət qəbul edib.

Müraciətdə siyasi qüvvələrin 2010-cu ilin parlament seçkilərində birgə iştirakının zəruriliyi vurğulanır və demokratik seçki tərəfdarı olan partiyalar birgə əməkdaşlığa çağırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827

Oxşar yazılar