Türkiyə parlamentində protokollarla bağlı mübahisə
22 yanvar 2010 20:00 (UTC +04:00)

Türkiyə parlamentində protokollarla bağlı mübahisə

Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasında Ermənistanla imzalanmış protokollarla bağlı mübahisə yaranıb.


APA-nın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, yanvarın 21-də axşam keçirilən qapalı toplantıda komissiyanın Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarından olan üzvləri Ermənistan Konstitusiya Məhkəməsinin qərarını xatırladaraq protokolların dərhal parlamentdən geri götürülməsini tələb ediblər. CHP millət vəkilləri bildiriblər ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı Türkiyə müxalifətinin protokollara etiraz edərkən nə qədər haqlı olduğunu ortaya qoyub: “Lakin baş nazirin Səudiyyə Ərəbistanında verdiyi açıqlama onun bu məsələdə hələ də gözlənti içində olduğunu göstərir. Türkiyə Ermənistanın bu qərarına qarşı mövqeyini çox dəqiq və konkret olaraq ortaya qoymalıdır. Komissiya protokolları hökumətə geri göndərməlidir”.


MHP millət vəkilləri də protokolların geri qaytarılmasını tələb edərək hökuməti türk xalqından üzr istəməyə çağırıblar.


Hakim partiyanın millət vəkilləri isə bu məsələdə səbirli olmağın əhəmiyyətinə diqqət çəkiblər: “Tələskənlik bizə zərər verər. Səbirli olmaq lazımdır. Annan planı ilə bağlı haqlılığımız necə ortaya çıxdısa, bu məsələdə də Türkiyənin haqlı olduğu ortaya çıxacaq. Ermənistanın problemlərin həllini istəmədiyini bütün dünya görəcək”.


Xarici İşlər Komissiyasını sədri Murad Mərcan da Ermənistan Konstitusiya Məhkəməsinin qərarının protokolların mətninə və ruhuna zidd olduğunu təkrarlayıb: “Bu qərar prosesi axsatdı. Ancaq tələsmək lazım deyil. Əvvəlcə Xarici İşlər Nazirliyinin hüquqşünaslarından rəy alaq, sonra müzakirə edib qərarımızı verərək. Protokolları komissiyada saxlamaqla hökumətə geri göndərmək arasında praktik fərq yoxdur. Hökumət istəsə, protokolları geri götürə bilər”.


Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarına əsasən imzalanmış protokollar Ermənistan Konstitusiyasının preambula hissəsinə və Müstəqillik Bəyannaməsinə zidd şəkildə şərh edilə bilməz. Ermənistanın Müstəqillik Bəyannaməsində isə Türkiyəyə ərazi iddiası irəli sürülür və bu ölkənin şərq vilayətləri “Qərbi Ermənistan” adlandırılır. Eyni zamanda bəyannamədə saxta və uydurma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının Ermənistan dövlətinin vəzifəsi olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar