“Dağlıq Qarabağı çıxmaqla, hazırda Azərbaycanda 20 min erməni yaşayır”
22 yanvar 2010 17:15 (UTC +04:00)

“Dağlıq Qarabağı çıxmaqla, hazırda Azərbaycanda 20 min erməni yaşayır”

“Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafı üçün çox vacibdir”.


APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda çıxışı zamanı Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.


Afinada ATƏT-ə üzv ölkələrin XİN başçılarının münaqişənin nizamlanması ilə bağlı bəyanat qəbul etdiklərini xatırladan R. Mehdiyev həmin sənəddə münaqişənin ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasının vacibliyinin qeyd olunduğunu, Ermənistanın ilk dəfə bunu etiraf edərək, həmin sənədə imza atdığını vurğulayıb.


R.Mehdiyev Rusiya mətbuatını Dağlıq Qarabağ münaqişəsindən yazarkən professional olmağa çağırıb: “Münaqişənin tarixindən yazanda rus mənbələrinə istinad edin, rusiyalı diplomat Aleksandr Qriboyedovun 19-cu əsrdə imperatora yazdığı məktubunu oxuyub. Diplomat İran və Türkiyədən Azərbaycana köçürülən ermənilərdən yazarkən qeyd edirdi ki, azərbaycanlılar ermənilərin yerləşdikləri torpaqlarda həmişəlik qalacaqlarından qorxurlar”.


Rusiya mətbuatında Dağlıq Qarabağın Stalin tərəfindən Azərbaycana hədiyyə edilməsi barədə yazılanlara toxunan R.Mehdiyev həqiqətin tam əksinə olduğunu diqqətə çatdırıb: “Əslində təzyiqlər altında İrəvan Ermənistana hədiyyə edilib. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları olmayacağını bildirmişdi, amma belə olmadı. Əslində, Borçalı da Stalin tərəfindən Gürcüstana hədiyyə edilib”.


R.Mehdiyev Dağlıq Qarabağı çıxmaqla, hazırda Azərbaycanda 20 min erməninin yaşadığını, azərbaycanlıların tarixi torpaqları olan indiki Ermənistanda isə 1 nəfər belə azərbaycanlının qalmadığını deyib. O, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bir daha vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar