Almaniyada 20 Yanvar faciəsilə bağlı tədbir keçirilib
21 yanvar 2010 14:15 (UTC +04:00)

Almaniyada 20 Yanvar faciəsilə bağlı tədbir keçirilib

Yanvarın 20-də Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və Alman-Azərbaycan Forumu, Almaniyada Azərbaycanlıların Koordinasiyası Mərkəzi, “EuroKaukAsia” elmi-mədəni cəmiyyəti ilə birgə təşkilatçılığı ilə Berlindəki “Heilig Kreuz” kilsəsində 20 yanvar faciəsinə həsr edilmiş anım tədbiri keçirilib. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Tədbiri açan Alman-Azərbaycan Forumunun sədri Otto Hauzer faciənin iyirminci ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Mərasim iştirakçıları şəhidləri xatirəsini bir dəqiqə sükutla yad ediblər. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov öz çıxışında qanlı yanvar hadisələrindən söz açaraq, 1990-cı il yanvarında Bakıda baş verən hadisələrin tarixi, siyasi, hüquqi tərəflərinə toxunub və qeyd edib ki, Azərbaycan xalqı ona qarşı törədilmiş belə bir təcavüzü heç zaman unutmayacaq, bu hadisələrin səbəbkarlarının cəzalandırılmasını, ədalətin bərqərar olmasını bundan sonra da tələb edəcək.

“EuroKaukAsia” cəmiyyətinin sədri, Bonn Universitetinin professoru xanım Eva-Maria Aux da tədbirdə öz fikirlərini bölüşərkən bildirib ki, bu qanlı hadisə nəinki Azərbaycan xalqına qarşı törədilən bir terror aksiyasıdır, ümumiyyətlə dünyada qəbul olunmuş normalara-müstəqilliyə, azadlığa qarşı törədilən bir təcavüzdür. O deyib ki, belə aksiyalara dünya ictimaiyyəti siyasi qiymət verməlidir.

Daha sonra Dr. Rasim Mirzəyev həmin gün canlı şahidi olduğu faciələrdən danışıb.
AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova 20 Janvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsinin önəmli səhifələrindən biri olduğunu qeyd edib.

Tədbirin ikinci hissəsi-Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət matəm konserti barədə məlumat verən S. Patzer-İsmayılova ifaçı Rəna İsmayılovanın da bilavasitə Bakıdakı qanlı yanvar hadisələrin şahidi olduğunu vurğulayıb.

Tədbirdə “Qara Yanvar” adlı sənədli film nümayiş olunub.

Daha sonra Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının professoru Rəna İsmayılova orqanda Azərbaycan bəstəkarları-Aqşın Əlizadə, Vasif Adıgözəlov, Nazim Əliverdibəyovun orqan üçün muğam əsasında yazılmış əsərlərini təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503

Oxşar yazılar