Bağçalı: “Hökumət protokolları geri götürsün, türk xalqından üzr istəsin”
20 yanvar 2010 13:30 (UTC +04:00)

Bağçalı: “Hökumət protokolları geri götürsün, türk xalqından üzr istəsin”

MHP sədri Dövlət Bağçalı Ermənistan Konstitusiya Məhkəməsinin Türkiyə ilə imzalanan, iki ölkə arasında diplomatik əlaqələrin bərpasını, sərhədlərin açılmasını nəzərdə tutan protokollarla bağlı qərarına münasibət bildirib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dövlət Bağçalı deyib ki, Konstitusiya Məhkəməsinin bu qərarı ilə Ermənistan beynəlxalq hüquqa zidd mövqeyini və Türkiyəyə düşmən münasibətini dəyişməyəcəyini ortaya qoyub: “Bu, AKP hökumətinin və protokolların altında imza qoyan xarici işlər nazirinin utan gətirən xidmətidir, onlar fiaskoya uğrayıblar. Ermənistan bu mövqeyi sərgiləməyə davam etdiyi halda Türkiyə Xarici İşlər Nazirliyinin protokollara bağlılığını bəyanlaması qəbuledilməzdir və qəribədir”.

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarında yazılıb ki, bu protokollar Türkiyənin Şərqi Anadoludakı torpaqlarının Qərbi Ermənistan kimi qəbul edildiyi Müstəqillik haqqında Bəyannaməyə və Konstitusiyaya zidd deyil, bu, İrəvanın iki ölkə sərhədlərinin müəyyənləşməsi ilə bağlı 1921-ci ildə imzalanmış Qars müqaviləsini tanıdığı anlamına gəlmir. Eyni zamanda 1915-ci ildə baş vermiş soyqırımın beynəlxalq aləmdə tanınmasını əsas götürən dövlət siyasətinə təsir göstərməyəcək.
Ermənistan Konstitusiya Məhkəməsinin qərarında o da vurğulanır ki, bu protokollar Dağlıq Qarabağ və erməni silahlı qüvvələrinin nəzarətindəki Azərbaycan torpaqları ilə əlaqələndirilmir və protokolların həyata keçirilməsi bu məsələ ilə bağlanmayacaq.

Dövlət Bağçalı deyib ki, AKP hökuməti səsvermə üçün Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi protokolları geri götürməli, protokolların Türkiyənin maraqlarına cavab vermədiyini rəsmən bəyanlamalı, türk millətindən üzr istəməlidir: “Bunu etmədiyi təqdirdə AKP hökuməti Türkiyənin qürurunu, etibarını və milli maraqlarını bilərəkdən ayaqlar altına atan bir hökumət kimi tarixdə qalacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997

Oxşar yazılar