Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Polad Bülbüloğlunu ittiham edib
14 yanvar 2010 18:15 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Polad Bülbüloğlunu ittiham edib

Azərbaycan səfiri bölgədə gərginlik yaratmaqda ittiham olunur

“Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Azərbaycan kütləvi informasiya vasitələrində yayılmış bəyanatı həqiqətə uyğundursa, açıq-aşkar təəccüb doğurur.

Cənab Bülbüloğlunun sözlərində güc tətbiqinə birmənalı çağırış var ki, bu da Dağlıq Qarabağ münaqişəsinin konstruktiv həllinin tapılmasına xidmət etmir”. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, bu sözlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəyanatında əksini tapıb.

Bəyanatda deyilir ki, bu cür mövqe bölgədə gərginliyin artmasına aparır və ATƏT-in Minsk Qrupunun səylərinə, eləcə də Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarının kontekstinə ziddir: “Səfirin çıxışını münaqişənin siyasi-diplomatik həlli metodlarına inamsızlıq, problemin hərbi yolla həllinə təhrik kimi qiymətləndirmək olar. Belə bir bəyanatın tanınmış incəsənət xadiminin dilindən səslənməsi də çox qəribədir, çünki bu cür insanların idealı harmoniya və sülh əldə edilməsi olmalıdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı digər beynəlxalq strukturlar kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib və bu münaqişənin siyasi yolla həlli istiqamətində ATƏT çərçivəsində göstərilən səyləri dəstəkləməyə davam edir”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan tərəfindən yaradılıb.
Xatırladaq ki, P. Bülbüloğlu Azərbaycanın işğal olunmuş ərazilərinin istənilən yolla azad olunmasının vaxtının çatdığını vurğulayaraq bildirmişdi ki, Azərbaycan hərbi əməliyyatlara başlayarsa, heç bir dövlətin buna qarışmağa haqqı yoxdur: “Çünki Azərbaycan öz ərazisində döyüş aparacaq və BMT Nizamnaməsinə əsasən torpaqlarını işğalçılardan azad etmək hüququna malikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar