Türkiyəni silkələyən Özəl Hərb Dairəsində olmuş azərbaycanlı danışdı - MÜSAHİBƏ
08 yanvar 2010 18:45 (UTC +04:00)

Türkiyəni silkələyən Özəl Hərb Dairəsində olmuş azərbaycanlı danışdı - MÜSAHİBƏ

Rauf Arifoğlu: “Bir qurğu qurdular, oyun oynadılar”

Türkiyədə Özəl Hərb Dairəsi ətrafında baş verənlər hökumətin, siyasilərin, ordu rəhbərliyinin və mətbuatın gündəmində əsas yer tutur. Baş nazirin müavini Bülənd Arınca qarşı sui-qəsd həyata keçirilməsi istiqamətində hazırlıq aparıldığı iddiası ilə mülki prokurorluq Özəl Hərb Dairəsindəki “kozmik oda” (“kosmik otaq”) adlandırılan məxfi məlumatların saxlandığı arxivlərdə təhqiqat aparır. Başqa sözlə, ilk dəfə Türkiyə tarixində Özəl Hərb Dairəsinə prokurorlar daxil olub və məxfi məlumatları araşdırmağa başlayıblar. Lent.az-ın müsahibi Özəl Hərb Dairəsində olmuş yeganə azərbaycanlı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludur...

- Rauf bəy, Özəl Hərb Dairəsində nə zaman olmusunuz?

- Dostum, polkovnik Ləvənd Göktaş Azərbaycan ordusuna təlim keçirdi. Onunla Azərbaycanda tanış olmuşduq. 2002-ci ilin yayında Türkiyəyə gedərkən məni dəvət etdi. Səhv etmirəmsə, iyun ayının əvvəlləri idi. Onun dəvəti əsasında, daha doğrusu, göndərdiyi maşınla həmin Özəl Hərb Dairəsində, polkovnik Ləvənd Göktaşın otağında oldum, rəhbərlik etdiyi xüsusi təyinatlı alayı gəzdim. Ləvənd Göktaşın müavinləriylə, Azərbaycanda təlim keçən zabitlərlə görüşdüm. Ora sadəcə, tanışlıq məqsədi ilə getmişdim.

- Azərbaycanda başqa bir şəxs Özəl Hərb Dairəsində olubmu?

- İnanmıram ki, kimsə olsun. Özəl Həb Dairəsində olmağımı da xüsusi üstünlük hesab etmirəm. Sadəcə, Ləvənd Göktaş Azərbaycana çox bağlı olan bir insan idi. O, sonradan “Ergenekon” işi ilə bağlı həbs olundu. 2 ay həbsdə qalandan sonra azadlığa çıxdı. Azərbaycana çox bağlı olan, bizi sevən və bizə güvənən birisi olduğu üçün mənim də Özəl Hərb Dairəsində olmağımı, onun iş yerini ziyarət etməyimi məqsədə müvafiq saymışdı. Özəl Hərb Dairəsi Türkiyənin bir qürur nöqtəsidir, Türkiyə ordusunun xüsusi təyinatlı hərbi hissəsidir. Həm ölkə daxilində, həm də ölkə xaricində terrora qarşı keçirilmiş müxtəlif əməliyyatlar orada hazırlanır. Bu əməliyyatda iştirak edən hərbçilər də Özəl Hərb Dairəsində xüsusi hazırlıq keçirlər. Həmin Özəl Hərb Dairəsinin 100-ə yaxın zabiti o dönəmdə Azərbaycan Silahlı Qüvvələrinə təlimlər keçirdilər. Yəni belə bir məhrəmlik, Azərbaycanla yaxınlaşma prosesi fonunda Özəl Hərb Dairəsini ziyarət etdik.

- Ziyarətiniz zamanı Özəl Hərb Dairəsində məxfi məlumatların, sənədlərin saxlandığı otaqlarda oldunuzmu?

- Ləvənd Göktaşın özünü belə həmin otaqlara buraxardılar-buraxmazdılar, deyə bilmərəm, çünki ora arxivdir, məxfi bölümdür. Mən orada hərbi hissədə, keçirilən təlimlərdə bir müşahidəçi kimi iştirak etmişəm, dostlarla çay içmişəm. Oradan da yeməyə getmişəm. Ötən ilin yay ayında, “Ergenekon”çu polkovniklə təmaslarımıza dair qəzetimizdə yazmışam. O zaman Ləvənd Göktaş həbsxanada idi. Xatirələrimi yazdım, 4 bölümdə onları dərc etmişəm. O xatirələrdə də müəyyən məqamlar əksini tapıb. Özəl Hərb Dairəsi görünüşcə xüsusi bir yer də deyil. Bir neçə hərbi hissə böyük yaşıllıq sahədə yerləşib, hərbi kazarma tipli binalar və başqa təyinatlı tikililər var. Özəl Hərb Dairəsində ilk baxışda müşahidəçiyə heyrətamiz təsir bağışlayacaq elə bir şey yoxdur. Sadəcə, Özəl Hərb Dairəsinin missiyası və Türkiyə Silahlı Qüvvələri daxilində oynadığı rol çox böyükdür və qürurverici bir roldur.
Yeri gəlmişkən, Ləvənd Göktaş Keniyadan PKK terror təşkilatının lideri Abdulla Öcalanı Türkiyəyə gətirən 4 nəfərdən biridir, həmin xüsusi qrupun rəhbəridir. O, yeganə şəxsdir ki, terrora qarşı mücadilədə iştirakına görə Türkiyədə 3 dəfə “Qızıl ulduz”la təltif edilib. Sovetlər termini ilə götürsək, 3 dəfə Sovet İttifaqı Qəhrəmanı olub. Ləvənd Göktaş Özəl Hərb Dairəsinin yetişdirdiyi əfsanəvi polkovniklərdən biridir.

- Sizcə, hazırda Türkiyədə Özəl Hərb Dairəsi ətrafında nə baş verir?

- AKP hökuməti bütün sahələrdə hakimiyyəti, iqtidarı ələ almaq, bütün sahələri özünə tabe etdirmək istəyir. 1 il qabaq AKP-nin belə addım atması mümkünsüz olardı. Tədricən ordunun içərisinə müdaxilə edərək, bütün sahələri ələ keçirməyə çalışır. Çünki ordu Türkiyə Cümhuriyyətinin əsas dayağıdır və indiyə qədər müstəqilliyi, hökumətlərə nəzarət etmək imkanları ilə fərqlənib. AKP iqtidarı bu dəfə başqa cür davranmağa üstünlük verib. İstəyir ki, ordu ona tabe olsun. Baş verənlər də bununla bağlıdır. Bir qurğu qurdular, oyun oynadılar. Bunun nəticəsində Özəl Hərb Dairəsinə giriş imkanı əldə etdilər. Ancaq mən hesab edirəm ki, ordunu sona qədər ələ keçirmək imkanları yoxdur.

- Yəni Bülənd Arınca qarşı sui-qəsdlə bağlı baş verənləri bir oyun sayırsınız?

- Bu, o qədər də yaxşı qurulmamış bir oyundur. Sui-qəsd məsələsinin danışıq mövzusu olmadığını Bülənd Arınc da söyləyib. Sadəcə, bu bəhanəylə prosesi başlayıblar. Bu xəbər arxada qalıb, Özəl Hərb Dairəsində yoxlamalar ön plandadır. Bu yoxlamaların hara qədər davam edəcəyini də təsəvvür etmək çətindir. O arxivlərdə nə ola bilər? Sadəcə, Türk dövlətinin, dünyanın müxtəlif yerlərində yaşayan türklərin qürur duya biləcəyi əməliyyatlar, o cümlədən Türkiyənin xaricində PKK-ya qarşı həyata keçirilmiş əməliyyatlar haqqında məlumatlar, sənədlər orada ola bilər. Mənim düşüncəm budur.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743

Oxşar yazılar