Siyasətçilərimizin avtomobil seçimi - SİYAHI
08 yanvar 2010 11:30 (UTC +04:00)

Siyasətçilərimizin avtomobil seçimi - SİYAHI

Onların arasında bahalı xarici maşın sürən də var, UAZ da...

Bütün cəmiyyətlərdə siyasi liderlər bir sıra xüsusiyyətlərinə görə sadə insanlardan fərqlənirlər. Onlar bir sıra hallarda davranışlarına, dünyagörüşlərinə, natiqlik qabiliyyətlərinə öz fərqliliklərini asanlıqla nümayiş etdirə bilirlər. Amma əksər hallarda onlar geyimlərinə, gündəlik iş rejimlərinə, yaşayış tərzinə, avtomobillərinə, hətta yemək süfrələrinə qədər fərqli görünməyə çalışırlar. Azərbaycanda da belədir. Hər kəsin kimisə təkrarlamağa çalışdığı cəmiyyətdə siyasi liderlər öz avtomobilləri ilə digərlərindən fərqlənə bilirlərmi? Onlar hansı avtomobillərdən istifadə edirlər? Siyasi liderlər hansı marka maşınlara üstünlük verirlər? Bu yazımızda partiya rəhbərlərinin avtomobillərini araşdıracağıq. Onların bu məsələdə digərlərindən nə qədər fərqləndiyini isə oxucular özləri müəyyən etsinlər. Elə liderlərin avtomobillərinin qiymətlərini də...

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Toyota Prado”ya sahibdir. Uzun illər köhnə “BMW” sürən partiya sədri, nəhayət, özünə yeni maşın ala bilib. Belə ki, S.Cəlaloğlunun şəhərin mərkəzində - Bülbül prospektində yerləşən mənzilinə həmin ərazidə çoxmərtəbəli bina tikmək istəyən şirkət müştəri çıxıb. Evini yaxşı qiymətə satan Cəlaloğlu özünə yeni avtomobil alıb. Amma partiya sədri bu avtomobili nağd deyil, kreditlə alıb. Qiyməti 40 min dollar olan avtomobilin pulunu partiya sədri hissə-hissə ödəyəcək. ADP sədrinin şəxsi sürücüsü yoxdur, sükan arxasında həmişə özüdür.

AXCP sədri Əli Kərimli 10 ildən artıqdır ki, “Nissan Maxima”da gəzir. Bu müddət ərzində partiya sədri yalnız bir neçə həftə avtomobilini müvəqqəti olaraq dəyişib. Buna səbəb isə “Nissan Maxima”nın mühərrikindəki nasazlıq olub. Bir müddət yaxın şəxslərdən birinin boz rəngli “Hyundai Sonata” avtomobilindən istifadə edən Ə.Kərimli sonra yenidən öz maşınına əyləşib. Qeyd edək ki, AXCP sədrinin şəxsi sürücüsü var. O, avtomobildə mühafizəçisi ilə birgə əyləşir.

YAP sədrinin müavini, icra katibi Əli Əhmədovun “Mercedes - 600” markalı avtomobili var. Artıq 5 ilə yaxındır ki, sədr müavini bu avtomobildən istifadə edir. Ə.Əhmədovun cangüdəni olmasa da, köməkçisi və sürücüsü var.

Müsavat Partiyasının başqanı İsa Qəmbər “Mercedes” markalı avtomobildən istifadə edir. Bu, partiya başqanının şəxsi maşınıdır. Müxalifət partiyalarının liderləri içərisində avtomobilini tez-tez dəyişənlərdən biri İsa Qəmbərdir. İsa Qəmbərin şəxsi sürücüsü və cangüdəni var.

Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin şəxsi avtomobilinin olub-olmaması barədə dəqiq məlumat ala bilmədik. Əksər hallarda hərəkat lideri müxtəlif modeldə olan “Mercedes” markalı avtomobillərdə görünür. Bu avtomobillərin ona yaxın imkanlı şəxslərə, dostlara məxsus olduğu bildirilir. L.Şövkət hərdən “Mitsibushi Pajero” avtomobilindən də istifadə edir. Deyilənə görə, bu avtomobil də onun dostlarından birinindir. Hərəkat liderinin sürücüsü və cangüdənləri var.

Ümid Partiyasının sədri İqbal Ağazadə “Mercedes S-Class” avtomobilinə sahibdir. Həm də millət vəkili olan partiya sədrinin şəxsi sürücüsü və köməkçisi var. Partiya sədri hərdən cangüdəni ilə də görünür. Amma bu, bütün hallarda olmur. İ.Ağazadənin fərqli cəhətlərindən biri isə ondan ibarətdir ki, o avtomobili ola-ola bəzən ictimai nəqliyyatdan – metro və avtobusdan istifadə edir.

Avtomobil seçiminə görə digər şəxslərdən və partiya liderlərindən fərqlənməyi bacaran Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur. Partiya sədri uzun illərdir ki, yalnız “Qaz 31” və “UAZ” markalı avtomobildən istifadə edir. Saray qəsəbəsində yaşayan M.Mirəlioğlu əksər hallarda KXCP-nin qərargahına məhz UAZ markalı avtomobillə gəlir. M.Mirəlioğlunun şəxsi sürücüsü, cangüdəni və köməkçisi yoxdur.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da tez-tez avtomobilini dəyişən partiya liderlərindən biridir. BQP-ni yaratdığı vaxt “Jiquli” avtomobili olan F. Mustafa az sonra onu “Qaz 31”lə əvəz etdi. Hazırda isə partiya başqanı “Mercedes” sürür. Millət vəkilinin şəxsi sürücüsü və cangüdəni yoxdur.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev hazırda “Mercedes S-Class” markalı avtomobildə əyləşir. Q.Həsənquliyev də bir neçə dəfə avtomobil dəyişikliyi edib. Millət vəkili olan partiya sədrinin şəxsi sürücüsü var.

Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə xarici avtomobil almaq fikrindədir. Ona yaxın şəxslərdən aldığımız məlumata görə, A.Əlizadə bir müddət əvvəl “Subaru” avtomobili gözaltı edib. Amma pulu kifayət qədər olmadığı üçün bu niyyətindən daşınmalı olub. ASDP həmsədri yenə də neçə illərdir onun ayağını yerdən götürən “Niva”nın ümidinə qalıb. A.Əlizadə sükanı heç kimə etibar etmir, avtomobili özü idarə edir.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı uzun müddət “Qaz-31”-də əyləşib. Amma hazırda partiya sədrinin “BMW” markalı avtomobili var. F.Ağamalının şəxsi sürücüsü olsa da, mühafizəçisi yoxdur.

İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı uzun müddətdir “Mercedes 200”-dən istifadə edir və hələlik bu avtomobili dəyişmək imkanında deyil.

Vəhdət Partiyasının sədri Tahir Kərimli əvvəl “Qaz 31”dən istifadə etsə də, indi rahat “Mercedes”də əyləşir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının “Lexus-470” avtomobili var. Partiya sədri bu avtomobili yeni alıb. Ona yaxın şəxslərin verdikləri məlumata görə, qlobal maliyyə böhranı nəticəsində avtomobilin qiyməti düşdüyü vaxt S.Rüstəmxanlı belə bir addım atıb. Qeyd edək ki, ondan əvvəl də S.Rüstəmxanlının “Lexus-470” avtomobili olub. Bu markanı sevdiyi üçün partiya sədri fərqli maşın almaq istəməyib. S.Rüstəmxanlının şəxsi sürücüsü və mühafizəçisi var. Amma əksər hallarda avtomobili özü idarə etməyi xoşlayır. Bu, xüsusilə uzaq səfərlərə, Azərbaycanın rayonlarına gedərkən baş verir.

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov “Mercedes 320” avtomobilindən istifadə edir. 5 ildən artıqdır bu avtomobildən yararlanan partiya liderinin şəxsi sürücüsü var. O, yalnız müəyyən məqamlarda mühafizəçidən istifadə edir.

Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxanın, Azərbaycan Xalq Partiyasının keçmiş sədri Pənah Hüseynin avtomobili yoxdur. Onlar ictimai nəqliyyatdan istifadə edir.

Beləliklə, siyasi liderlərin avtomobilləri ilə bağlı hazırkı durumu oxucuların diqqətinə çatdırdıq. Bu məsələdə onların digərlərindən nə qədər fərqlənib-fərqlənmədiyi barədə nəticə çıxarmağı isə oxucuların öz ixtiyarına buraxırıq.

Elnur Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar