“Pənah Hüseyn təklifinin arxasından qaçdı”
05 yanvar 2010 17:00 (UTC +04:00)

“Pənah Hüseyn təklifinin arxasından qaçdı”

Azərbaycan İslam Demokrat Partiyası (AİDP) Demokratiya Uğurunda İttifaqa (DUİ) qoşulmaq niyyətindən daşınıb. Bu barədə Lent.az-a AİDP sədri hacı Tahir Abbaslı məlumat verib. Onun sözlərinə görə, bu təklif millət vəkili Pənah Hüseyndən gəlib: “Təxminən 2 ay öncə Pənah Hüseyn mənimlə görüşəndə AİDP-nin DUİ-yə qoşulması təklifi ilə çıxış etdi. Mən də bu məsələni dəyərləndirəcəyimizə söz verdim və partiyanın toplantılarında bu məsələ müzakirə olundu. İlkin qərarımız belə oldu ki, DUİ-i siyasi müstəvidə müəyyən qədər aktivləşdiyinə görə, bu təklifə müsbət yanaşmaq mümkündür”.


T.Abbaslı bildirib ki, DUİ-yə qoşulmaqda rəhbərlik etdiyi təşkilat tərəfindən hər hansı bir əngəl olmayıb: “Təklif qarşı tərəfdən gəldiyindən biz prosesin onlar tərəfindən davam etdiriləcəyini düşünürdük. Yəni biz DUİ-yə qoşulmaqla bağlı təkliflə çıxış etsəydik təbii olaraq həmin ittifaqda birləşən partiyaların rəhbərlər ilə görüşməli idik. Amma qeyd etdiyim kimi təklif DUİ-də təmsil olunan aparıcı şəxsdən gəldiyinə görə, biz onun növbəti addımını gözlədik. Amma çox təəssüf ki, Pənah bəy verdiyi təklifin arxasından qaçdı.
Pənah Hüseyn niyə belə etdi deyə bilmərəm. Bu barədə onunla söhbət etməmişəm. Etmək fikrim də yoxdur. Çünki AİDP-nin DUİ-də təmsil olunmağa ciddi bir ehtiyacı yoxdur. Hətta mən deyərdim ki, 2010-cu il DUİ-dən fərqli olaraq bizim üçün daha uğurlu olub. Bu mənada düşünürəm ki, DUİ-nin bizə, islam demokrat ideyasına ehtiyacı vardı. Hesab edirəm ki, islam-demokrat ideyası bu təşkilatın cəmiyyətlə ünsiyyətinə gətirib çıxarardı. Amma təəssüf ki, onlar bunu dərk edə bilmədilər.
Bu təklif mətbuatda da müzakirə olunub. Jurnalistlər bu məsələ ilə bağlı mənim mövqeyimi öyrəniblər. Mən isə bildirmişəm ki, biz bu məsələyə müsbət yanaşarıq. Təbii ki, əgər qarşı tərəf AİDP-ni DUİ-də görmək istəməsəydi ən azı mətbuat vasitəsilə etirazını bildirərdi. Amma belə bir etiraza rast gəlmədim. Çox güman ki, təklif müəllifi Pənah bəy fikrini dəyişib. Niyə bunu deyə bilmərəm. Bəlkə təpki başqa yerdən gəlib, bunu da istisna etmirəm”.


Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar