Əhməd Davudoğlu: “Qafqazda sülhə çox yaxınıq”
25 dekabr 2009 12:50 (UTC +04:00)

Əhməd Davudoğlu: “Qafqazda sülhə çox yaxınıq”

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankarada həmkarı Əhməd Davudoğlu ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdən sonra hər iki nazir mətbuat konfransı keçirib.

Ə. Davudoğlu ikitərəfli münasibətlərin inkişafını və bölgədəki durumu, xüsusən də Dağlıq Qarabağ münaqişəsini həlli prosesini ətraflı müzakirə etdiklərini deyib: “Qafqazda sülhün çox yaxın olduğu qənaətindəyik. Hər kəs bu imkanın əldən verilməməsi üçün çalışmalıdır. Minsk Qrupu problemin həllinə yönəlmiş dinamikanın artırılması üçün əlindən gələni etməlidir. Bizim siyasətimiz bölgədə işğalların aradan qaldırılması və bağlı qapıların açılmasına yönəlib. Azərbaycanla Türkiyə arasında bütün məsələlərə dair hərtərəfli əməkdaşlıq və koordinasiya var”.

E. Məmmədyarov da görüşdə gündəmdə olan bütün məsələlərin və problemlərin müzakirə olunduğunu söyləyib: “İlk növbədə bölgədə ən ciddi təhlükəsizlik problemi olan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Biz inanırıq ki, sabitlik və inkişafın qarşısında ən böyük əngəl işğal və qaçqınlar problemidir. Azərbaycan torpaqlarının 20 faizi işğal altında ola-ola hansı sülhdən və təhlükəsizlikdən danışmaq olar?”

E. Məmmədyarov Türkiyə-Azərbaycan münasibətlərinin çox yüksək səviyyədə olduğunu qeyd edib: “Prezidentlərimiz tez-tez görüşür, danışır, gələn il hökumətlərarası komissiyanın iclası keçiriləcək”.

Sonra nazirlər media mənsublarının suallarını cavablandırıb. APA-nın əməkdaşı baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Ermənistan protokollarının ratifikasiyasının parlamentdən asılı olduğu haqda ABŞ-da verdiyi bəyanatı xatırladaraq Ə. Davudoğlundan protokolların taleyini soruşub. Ə. Davudoğlu Türkiyə Böyük Millət Məclisinin iradəsinin hər şeydən üstün olduğunu vurğulayıb: “Hökumətimizin bu məsələ ilə bağlı siyasəti baş nazir tərəfindən dəfələrlə izah edilib. Amerikada da bu mövzu müzakirə olundu və mövqeyimiz orada da ifadə edildi. Biz Ermənistanla münasibətlərin normallaşdırılmasını arzu edirik və bunda səmimiyik”.

Türkiyəli jurnalistlərdən biri Ə. Davudoğlunun nazir olduğu gündən bəri Azərbaycana 4 dəfə getdiyinə, lakin E. Məmmədyarovun Türkiyəyə ilk dəfə rəsmi səfər etdiyinə diqqət çəkərək son vaxtlar iki ölkə arasında yaranan anlaşılmazlıqlarla bağlı sual verib. Ə. Davudoğlu isə Türkiyə ilə Azərbaycan arasında anlaşılmazlığa heç vaxt imkan verməyəcəklərini bəyan edib: “Biz daim öz aramızda məsləhətləşirik, tez-tez görüşürük, bəzən hər gün, hər saat Elmar bəylə danışırıq. “Bir millət, iki dövlət” prinsipi elə bunun üçündür. Fikir ayrılıqları yarananda da biz bunu da öz aramızda danışıb həll etməyi bacarırıq. Azərbaycanla Türkiyə arasındakı tarixi bağlar heç vaxt qoparıla bilməz”.

E. Məmmədyarov da həmkarının fikirlərini təsdiqləyərək Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırladıb: “Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin dəstəyini hiss edib. Münasibətləri səfərlərin sayına görə qiymətləndirmək bir az gülməli çıxır. Mən çox vaxt xarici səfərlərim zamanı İstanbul vasitəsilə uçuram. Bu, Türkiyəyə ilk gəlişim deyil. Dəfələrlə işgüzar səfər üçün bura gəlmişik. Qardaşlar öz aralarında necə danışırlarsa, biz də o cür danışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461

Oxşar yazılar