Seçki məntəqələrinin 97 faizindən ilkin nəticələr daxil olub
24 dekabr 2009 18:00 (UTC +04:00)

Seçki məntəqələrinin 97 faizindən ilkin nəticələr daxil olub

APA-nın məlumatına görə, bu barədə MSK-nın sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, respublika üzrə 1718 bələdiyyədən artıq 1665-dən məlumatlar daxil olub. Bunun 1632-si tam məlumatlardır.


M. Pənahov bildirib ki, aşağı seçki komissiyalarından məlumatlar gözləndiyindən də tez MSK-ya daxil olub və saytda yerləşdirilib: «Bu gün biz 100 faiz ilkin nəticələri elan edə biləcəyik. Dairə Seçki Komissiyalarının yekun protokolları isə 2 gün ərzində MSK-ya daxil olacaq. Bu protokolların sayı 1718 olacaq. Yəni hər bir bələdiyyə üzrə bir protokol tərtib ediləcək. Adətən ilkin nəticələrlə yekun nəticə arasında fərq çox cuzi olur”.


M. Pənahov səsvermə prosesinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən izləndiyini, ciddi qanun pozuntularının qeydə alınmadığını bildirib: «Xoşagəlməz hallarla bağlı isə bizə həm yerli, həm beynəlxalq müşahidəçilərdən məlumat daxil olsa, araşdıracağıq. Beynəlxalq müşahidəçilər də seçki prosesinin demokratik keçirildiyini bildirirlər. Bununla belə, bəzi seçicilər latın qrafikasını bilmədiyindən müəyyən problemlər yaranır, müşahidəçilər də bunu mənfi cəhət kimi qeyd edirlər. Amma bunun alternativi yoxdur, bülletenlər rəsmi dövlət əlifbası ilə çap olunur. Həmçinin, beynəlxalq müşahidəçilər televiziyada yalnız bir partiyanın təbliğat apardığını bildirirlər. Amma bu yanlışdır, heç bir partiya televiziyada təbliğat aparmayıb».


Seçicilərin səsvermədə aktiv iştirak etməməsi ilə bağlı iradlarla da razılaşmayan M. Pənahov bələdiyyə seçkilərində seçicilərin 31 faizinin səs verməsinin normal göstərici olduğunu bildirib: «Mən də arzu edərdim ki, seçicilərin 100 faizi səs versin. Amma dünyanın heç yerində belə olmur. Seçicilər isə səsvermədə iştirak etməkdə sərbəstdir, onları məcburi şəkildə səsverməyə gətirmək olmaz. Bundan başqa, müxalifət qəzetlərində bir neçə məntəqədə qanun pozuntularının olduğu qeyd edilir. Lakin həmin məntəqələrdə pozuntuların baş verməsi ilə bağlı bizə məlumat daxil olmayıb».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar