Tanış mənzərələr
24 dekabr 2009 15:55 (UTC +04:00)

Tanış mənzərələr

Yazı-pozu işlərinin ən zəhləm gedən tərəfi “Mən filan vaxtı bunu yazmışdım” - cəfəngiyyatını yerli-yersiz oxucunun süfrəsinə qoymaqdır. Mümkün qədər bundan uzaq qaçmağa çalışıram. Ancaq oxuculardan üzr istəyərək burada bir yazımı xatırlayacağam: baş nazir Ərdoğanın 1 mayda hökumətdə etdiyi önəmli dəyişikliklərdən sonra yazdığım “Türkiyə Cümhuriyyətinin 60.5 hökuməti” adlı yazıda Bülent Arınçın baş nazirin müavini vəzifəsinə gətirilməsini “Tayyib Ərdoğanın ölkəni gərginlikdə saxlama strategiyasının ən önəmli taktiki addımı” kimi şərh etmişdim. Çünki hələ 2003-cü ildə - 6 aylıq Məclis sədri ikən - arvadının hicabı ilə bağlı jurnalistlərin sualına cavab verən Arınç “Bunun adı şeyini şey etdiyimin şeyidir” - sözləri ilə parlamentin “ən romantik, sentimental və eyni dərəcədə təhqirbaz millət vəkili” adına namizədliyini elan etmişdi. Sonralar “Şeyini şey etdiyimin seyi” ibarəsinin yanına natiqlik xəzinəsindən bir çox inci əlavə edən Arınçın 2008-ci ilin iyulunda pensiyaçı ordu generallarının həbsinə “Türkiyə bağırsaqlarını təmizləyir” - sözləri ilə verdiyi şərh onun orduya olan münasibətini ortaya qoyduğu kimi, eyni zamanda, iqtidarın ölkəni “gərmə strategiyası”nın baş aktyoru halına gətirmişdi. Mayın 1-də baş nazirin müavini vəzifəsinə təyin edilən Arınç, 2011-ci ilin iyununda keçirilməsi nəzərdə tutulan növbəti seçkidə AKP-ni yenidən “məzlum” kimi təqdim edib hakimiyyətdə qalma taktikasının baş icraçısı oldu. Bunu baş nazirin müavini Bülent Arınçla bağlı meydana çıxan son iddia təsdiqləyir. İddiaya görə, Silahlı Qüvvələrin Baş qərargahında işləyən bir polkovniklə bir mayor Bülent Arınçın Ankaradakı evinin ətrafında kəşfiyyat apararaq ona qarşı sui-qəsd planı hazırlayırmış. Saxlanılan polkovnikin əlində Arınçın evinə gedən yolun sxemi varmış. Buna görə də polisdə ifadə verərkən polkovnik “su istəyib, kağızı da su ilə udmaq istəyəndə polis əlindən alıb”. Prokurorluğa göndərilən polkovnik və mayor dindiriləndən sonra sərbəst buraxılıb. İşin üstünün açılmasından sonra mediaya açıqlama verən baş nazirin müavini Bülent Arınç şübhəli maşının Baş qərargaha aid olduğunu, zabitlərin də orada işlədiyini vurğulayıb. Baş nazir Ərdoğan və hökumət sözçüsü Cəmil Çiçək də “Arınça sui-qəsd hazırlığını”nın “düşündürücü” olduğunu deyiblər. Ənənəsinə sadiq qalaraq cərəyan edən proseslərlə bağlı 3 gün sonra açıqlama verən Baş qərargah isə “Zabitlərin Bülent Arınçın yaşadığı bölgədən hərbi bilgi sızdırmasından şübhələnilən bir ordu mənsubunu təqib etdiyi”ni ictimaiyyətə elan etdi.

Cərəyan edən hadisələrə ən sərrast qiyməti “Hürriyet” qəzetinin köşə yazarı Yılmaz Özdil verdiyinə onu oxucularla bölüşmək daha doğru olacaq: “Sanki Bülent Arınç Misir piramidalarının əsrarəngiz dəhlizlərində yaşayır - harada yaşadığı bilinmir. Halbuki o məhəlləyə hər gün önündə və arxasında siren siqnalları olan eskortlar cangüdənlərlə gəlir, qapının ağzında polis nəzarəti də var. Bağçaya gedən uşaqdan soruş, Bülent Arınçın evini sənə göstərsin. Ancaq bizim sui-qəsdçi polkovnik əlində sxemlə ünvan axtarır...Üstəlik, bu adam polkovnik olub, sui-qəsd həyata keçirəcək tapançası belə yoxdur. Allahın hər günü qəzet mətbəxlərində təşkil edilən çevriliş-mevriliş ziyafətlərini heç kim yemir. Nə etsinlər-desert əvəzinə, məhəllədən keçən zabitləri “Sxemi yeyən sui-qəsdçi” kimi süfrəyə qoymağa başladılar. Yeyə bilsəniz...”

Maraqlıdır ki, TBMM-nin keçmiş sədri və baş nazirin hal-hazırkı müavini Bülent Arınça sui-qəsd hazırlığında olduğu iddia edilənlərin prokurorluq tərəfindən sərbəst buraxılmasına baxmayaraq, hökuməti qeydsiz-şərtsiz dəstəkləyən media “Arınça sui-qəsd” iddiasını daha da şişirdir. Bu, həmin mediadır ki, Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyinin sədri professor Türkan Saylan may ayında xərçəng xəstəliyindən vəfat edəndə onun barəsində “Ergenekon prosesindən canını qurtarmaq üçün ölməyə üstünlük verdi” manşeti ilə çıxmışdı. İşin maraqlı tərəfi ondan ibarətdir ki, AKP iqtidarını qeydsiz-şərtsiz dəstəkləyən bu media, fantastik iddiaları öz gündəliyində “demokratiyanın qələbə çalması” naminə saxladığını yazır. Prokurorluq ittihamnamələrinin mürəkkəbi qurumadan iqtidar tərəfdarı olan mediaya göndərilməsi “demokratiyanın dərinləşdirilməsi” kimi təqdim edilir.

“Bülent Arınça sui-qəsd hazırlığında olan silahsız zabitlərin yaxalandıqdan sonra sərbəst buraxılması” qəziyyəsi, oxucularımıza, ilk növbədə, Haqverdiyevin məşhur “Bomba” hekayəsini xatırlatmalıdır. Türkiyənin bugünkü durumunu da xarakterizə edən “Bomba”nı oxumaqda gecikən Arınça və polis təşkilatına vaxt itirmədən Haqverdiyevin bu ölməz əsərini oxuyub özlərini onun güzgüsündə görmələrini tövsiyə edirik. Arınç, polis qüvvələri və prokurorluq orqanlarının təcili şəkildə oxuması lazım olan başqa bir şey - Sovet İttifaqının 1937-ci ilinin prokurorluq ittihamnamələri və məhkəmə stenoqramlarıdır. Türkiyənin 2010-cu ilə 1937-ci ilin mənzərəsini xatırladan motivlərlə girməsi gülüncdür. Cəmiyyətin bu gərginlik tablosu içində yaşaması getdikcə çətinləşir.

Bir iqtidarın vəzifəsi dövləti təşkil edən o biri qurumlara savaş elan etməkdən ibarət ola bilərmi?

AKP iqtidarının “gərilim siyasəti” 2011-də hakimiyyətin davamı üçün işə yarayacaqmı?
İçəridə və qıraqda formalaşan ictimai fikir bu siyasətin ilyarım sonra keçiriləcək seçkidən AKP üçün bir daha iqtidar çıxmasına kifayət etməyə biləcəyini göstərir. Ona görə də baş nazirin müavini Arınç və bütövlükdə AKP “məzlumluq” siyasətindən vaz keçərək, iqtidarın davamı üçün yolmağa təzə qaz tapmalıdırlar.

Və “Hürriyet”in yazarı Ahmet Hakan Coşkunun da dediyi kimi, baş nazir Ərdoğan müavini Arınça “müxalif siyasətçi yox, hökumətin ikinci adamı olduğunu xatırlatmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Mais Əlizadə

Oxşar yazılar