Müxalifət partiyaları səsvermə prosesi ilə bağlı məlumat yayıblar
23 dekabr 2009 13:15 (UTC +04:00)

Müxalifət partiyaları səsvermə prosesi ilə bağlı məlumat yayıblar

Azərbaycanın Müsavat və Ümid partiyalarının seçki qərargahı bələdiyyə seçkilərinin səsvermə prosesi ilə bağlı ilkin məlumat yayıb. Müsavat Partiyasının mətbuat xidmətlərindən APA-ya daxil olan məlumatda bildirilib ki, müsavatçı müşahidəçilər tərəfindən bir sıra qanun pozuntuları müşahidə edilib.

Partiyanın bir sıra müşahidəçiləri seçki məntəqələrinə buraxılmayıb. Seçki Qərargahı bəzi seçki məntəqələrdə qanun pozuntuları baş verdiyini də bildirib.

Məlumata görə, 33 saylı Xətai I Seçki Dairəsinin 10 saylı seçki məntəqəsində Müsavat Partiyasının namizədi Qasımov Bəkir Bayandur oğlu seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə buraxılmayıb.

Müsavat Partiyasından qeydə alınmış namizəd Yusif Süleymanovun verdiyi məlumata görə, 8 saylı Binəqədi I Seçki Dairəsinin 10 saylı seçki məntəqəsində məntəqə ərazisində qeydiyyatda olmayan şəxsə seçki bülleteni verilib.

30 saylı Suraxanı I Seçki Dairəsinin 24 saylı məntəqəsində və 31 saylı Suraxanı II Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Hökumə İbrahimliyə səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmağa imkan verilməyib.

Ümid Partiyasından isə bildirilib ki, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 5 saylı məntəqəsində seçki bülletenləri seçki məntəqəsində deyil, məntəqə sədrinin iş otağında saxlanılıb. Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin etirazından sonra bülletenlər seçki keçirilən otağa gətirilib.

Bununla bağlı Ümid Partiyası nümayəndələri akt tərtib ediblər.

Həmçinin 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 4 saylı məntəqəsində Naxçıvan MR Şərur rayonu Danyeri kənd sakini Bəhruz Məhərrəmov qeyri-qanuni şəkildə qeydiyyatda olmadığı ərazidən səs vermək üçün dairə sədrinə yaxınlaşıb, sədr ona bülleten verdiyi zaman Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin müdaxiləsi ilə həmin şəxsin səs verməsinin qarşısı alınıb.

50 saylı Qobustan-Xızı-Quba Seçki Dairəsinin 50-58 saylı məntəqələrində hərbçilərə hərbi biletlə səs verməyə icazə verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar