10 il oldu...
21 avqust 2010 14:00 (UTC +04:00)

10 il oldu...

Övrəş qaş alan həlmə gözü qaşdan ayırmış
Cəllad qəməsiylə bədəni başdan ayırmış
Candan ciyəri, qardaşı qardaşdan ayırmış
Bir millətə tarix boyu bir faciə doğmuş
Biz ellərin o qəhrəman ehsasını boğmuş


Məhəmmədhüseyn Şəhriyar


“Prostat xərçəngi”

Ənənəyə görə, ən azı 10 metr o tərəfdən əllərini havada oynadar, Ərzurum ağzını xatırladan ləhcəsi ilə nə isə deyərək mənə doğru gələrdi. Qucaqlaşanda ya Azərbaycan televiziyasında gördüyü proqramlardan bir neçə kəlmə deyərdi, ya da Bakıdan gələn qəzetlərdən oxuduğu yazılardan. “Azərbaycan” adı gələndə onun qədər həyəcanlanan başqa bir adam görmədim.

Yanvar ayının alatoranında aeroportun çıxış salonunun qapısı açılanda gömrük sahəsindən keçdiyini gördüm; anlaya bilmədim: başını niyə qaldırmırdı?

10 gün qabaq demişdi ki, Qurban xəstədir; Bakıya gedib onu görməliyəm. Bir yerdə böyüdük, müharibəyə bir yerdə getdik; mütləq getməliyəm. Kim bilir - Qurbanla bir daha görüşməyimiz qismət olacaqmı?

“Hər halda, Qurbana bir şey oldu”- bundan başqa nə düşünə bilərdim ki?
Çantasını mənə verəndə də ağzını bıçaq açmırdı. Maşının qapısını açıb ayağını içəri qoyar-qoymaz “Əbülfəz bəy xəstədir. Prostat xərçəngi” - bunları deyə bildi.

Evinin qabağında maşından enəndə də heç nə demədi. Xəbər Əlirza əmini möhkəm sarsmışdı. Müharibədə əsir düşüb, hər cür cəfaya tab gətirəsən, savaşın bitdiyi günlərdə sovetlərin əlinə keçməmək üçün İtaliya-İsveçrə sərhəddində 1 həftə zibil bidonunda gizlənəsən; “Mən olmasaydım, bunların hamısı qırılardı; Kəngərli o qədər tənbəl idi ki, acından günorta dururdu” - bir qoşun adamı qabağına qatıb güllələnməkdən xilas edəsən; Türkiyəyə gəlib burda iş-güc sahibi olasan; 1968-də Bakıya gedib ananı görmək cəsarətini göstərəsən; Azərbaycan müstəqil olan kimi Bakıda ofis açasan; “Əfəndim, ilk illərdə Türkiyənin əksər işləri mənim üzərimdən koordinasiya edilirdi”- özünü bu qədər önəmli görməkdən qürur duyasan; sonra da bir “prostat xərçəngi” xəbərindən bu qədər sarsılasan.

Hey gidi dünya; Əlirza Turanın da üzündə sevinc-nəşədən əsər-əlamət qalmazmış. Kim bilir, hələ nələr görəcəkdik?

Ofisə gəlib, Ankaraya - illərdən bəri böyük qardaş-kiçik qardaş ahəngini qoruduğum Səlçuk Alkına zəng edirəm. Səlçuk ağabəylə 1988-də Bakıda tanış olub dostlaşmışdılar.

“Əbülfəz bəy prostat xərçəngidir”
“Bu hardan çıxdı? Kim dedi? Dəqiq xəbərdirmi?”
“Əlirza əmi bir az əvvəl Bakıdan gəldi - o dedi”
Telefonun hər iki ucuna susqunluq çökdü. Səlçuk ağabəy də Əlirza Turanın boş söz danışmayacağını yaxşı bilirdi...

Bülent Ecevitin baş nazir olduğu koalisiyanın ikinci ortağı Milliyyətçi Hərəkat Partiyası idi. Baş nazirin müavini postu, səhiyyə və kommunikasiya nazirlikləri MHP-də idi. Milliyyətçilərin ən güclü olduğu vaxtda müayinə və müalicə üçün Ankaraya gətirilməsinə təxminən 3 ay vaxt xərcləndi. Uzun məşvərətlərdən sonra MHP-nin Uşak millət vəkili Armağan Yıldızı da yanına alıb xüsusi təyyarə ilə Bakıya uçan Sivas millət vəkili Məhmət Ceylan durumun xülaseyi-kəlamını bu şəkildə verirdi:

“Dedim ki, Armağan, Bakıya gedəcəyik. Nə üçün gedəcəyimizi soruşma”. Məhmət Ceylan daha sonra barmaqlarını gicgahına apararaq, Armağan Yıldızın verdiyi əsgər salamını təqlid edirdi: Uşak millət vəkili Yıldız “riskli səfər”ə razılığını təzim edərək vermişdi...

Ankarada müayinəyə girməzdən əvvəl səhiyyə naziri Osman Durmuşla bir araya gəlibmiş; onun rəng-ruhuna baxan səhiyyə naziri yaxın bir adama xəstəliyin müalicəsinin çox gecikdiyini bildiribmiş. Xəstəxanaya yatızdırmadan müalicəsinə başlamışdılar. Qaldığı yer hər kəsə bildirilmirdi. Mən də “Hürriyət”in baş redaktoru Ertuğrul Özkökün məqaləsindən öyrənmişdim.

İstanbul

Aprelin əvvəlində İstanbula gələcəyini demişdilər. Tərəfdarları aeroportun VİP salonundan çıxacağını xəbər alaraq oraya axın etmişdi. Türk dünyası araşdırmaları vəqfinin başqanı professor Turan Yazqanla Ankaradan 30 saniyə qabaq enən təyyarənin pilləkənlərinə doğru irəliləyirdik. Təyyarənin sərnişinləri onun hamıdan qabaq enməsi üçün yolu açmışdılar. Keçmiş daxili işlər naziri Məhmət Ağar onun arxasınca enirdi. Professor Yazqanla qucaqlaşandan sonra mənə tərəf döndü. İlk gənclik çağlarımdan başqalarına etdiyi umu- küsünün bu dəfəki adresi mən olmuşdum :
“Necəsən? Sorağın yaxşı gəlir. Bəs özün niyə görünmürsən?”
“Siz yaxşı olun”.
Sağollaşmaq üçün gözləyən Məhmət Ağar:
“Sayın Cumhurbaşkanım, bizə tapşıracağınız nə iş olsa, həmişə hazırıq”

VİP salonunda azacıq nəfəs dərib, qırağa çıxdı. Orada gözləyən təxminən 200 adamın əksəriyyəti ilə tək-tək əl sıxışıb əvvəlcədən proqramlanmış mükafat mərasiminə yola düşdü. Cənubi Azərbaycanlı iki doktorla ən arxa sırada güc-bəla ilə özümüzə yer edə bildik.

Mərasim İstiklal caddəsindəki Muammer Karaca adına teatrda təşkil edilmişdi. “Türklüyə xidmət mükafatı”na layiq görülmüşdü. Kürsüyə çıxaraq Türklərin dünyaya baxışını izah etdi: boz rəngin Türklər üçün niyə müqəddəs olduğunu anladarkən salondan yüksələn alqışlar sözünə bir neçə dəfə ara verməsinə səbəb oldu. Mərasim bitdi: foyedə Cənubi Azərbaycanlı doktorları ona təqdim etdim:
“Bunlar Təbrizli dostlarımızdır”
Sanki diksindi:
“Nə? Təbrizli? Sabah Sleymaniyyəyə gəlin. Orda sizinlə söhbət etmək istəyirəm. Çox adam gətirin”.

Ertəsi gün nahar vaxtı Türk dünyası araşdırmaları mərkəzinin başqanı professor Turan Yazqan ilə Süleymaniyyəyə gəldi. Maşından enərkən professor Yazqan “Əfəndim, burası bizim toplantılarımızı keçirdiyimiz tarixi bir yerdir. Sizi dinləmək üçün məmləkətin bir çox yerindən gələn var” - dedi.

Cənubi Azərbaycanlılar “çox” gəlmədilər. Yenə Yadulla ilə Yaqub vardı. Oturduğu otağın qapısı açıq idi. Əlindəki jurnaldan müavini Asim Mollazadəyə nəyi isə göstərir, Türkiyədə nəşr işinin yüksək səviyyədə olduğunu vurğulayırdı.
Yadulla ilə Yaqub çox danışmaq istəmirdilər, onu dinləmək arzusu üstün gəlirdi. Üzünü onlara tutub dedi:

“Ürəyinizdə vətən sevgisi varsa, xalqı oyandırmağın yollarını axtarmalısınız. Əgər bunu etmirsinizsə, ömür boyu vicdan əzabı ilə yaşayacaq və heç vaxt rahat ola bilməyəcəksiniz. Yox, əgər vətənin müstəqilliyi və xoşbəxtliyi üçün səsinizi yüksəldəcəksinizsə, onda bu dünyadan çox rahat gedəcəksiniz. Bunun üçün sizin təşkilatlanmağınız lazımdır”

Üzünü Arif Acaloğluna tutdu:

“Sizlərin də dəstək verməyinizi istəyirəm. Hansı təşkilat forması təklif edə bilərsən?”

Arif:
“Məncə, mərkəzi İstanbulda olan Təbriz araşdırmalar mərkəzi yaradıb onun çatısı altında elmi fəaliyyət göstərmək məqsədə uyğun olardı”.

“Təşkilatla bağlı sənin fikrin nədir?”- məndən soruşdu.

“Məncə, yeni təşkilata gərək yoxdur. Ankaradakı Azərbaycan Kültür Dərnəyinin İstanbul şöbəsini fəallaşdırıb orada işləmək daha yaxşı olar”

“Ortaya iki fikir çıxdı. Səlçuk bəyi çağır gəlsin”.

Səlçuk bəy də Azərbaycan Kültür Dərnəyi İstanbul şöbəsinin çətiri altında çalışmağın daha faydalı olacağını deyəndən sonra üzünü Yadullaya və Yaquba tutub dedi:

“Siz başlayın. Ancaq könülsüz işləyəcəksinizsə, heç başlamayın”.

Mötərizə içində deyim ki, iki cənublu dostumuz o işə heç başlamadılar.

İstanbulda qaldığı müddətdə Əli bəy Hüseynzadənin və Mirzəbala Məmmədzadənin məzarlarını ziyarət etdi, tələbələrlə görüşdü, xeyirdə-şərdə iştirak etdi. Türk TV-lərindəki çıxışlarında yorğunluğu hiss edilirdi.
Ankarada müalicəsini bir qədər davam etdirəndən sonra aprelin ortalarında Bakıya qayıtdığı xəbəri gəldi...


İstanbul üzərindən Amerikaya

Mayın axırında Konqresin Azərbaycanla bağlı dinləmələrində iştirak etmək üçün Vaşinqtondan dəvət alıbmış.

Türkiyədən tranzit keçsə belə, dövlət səviyyəsində qarşılanması, qorunması və ölkədən yola salınması üçün təlimat verilməsindən xəbərdar idim.

VİP salonunun avtobusunda yenə Abdurrahman ağabəy, İstanbul qubernatorunun müavini, Ankara universitetinin müəllimi Xanım Xəlilova və mən vardıq.

Gözlədiyimizin əksinə, təyyarədən son dərəcə gümrah çıxdı. Avtobusa minəndə Xəlilova dedi ki, kökəlmisiniz. Bu yeməkdəndir, yoxsa narahatlığınız var?

Narahatlığının olmadığını dedi.

Növbəti gün ABŞ-a uçmuş, bir neçə gündən sonra Bakıda mitinq keçirilərkən telefonla Türkiyənin Flash TV kanalına bağlanıb mitinqlər barədə danışmış və Vaşinqtondakı görüşləri barədə ətraflı məlumat vermişdi. Deyəsən, Vaşinqtonun “demokratiya doktrinaları”na inanmağa davam edirdi...

İstanbul üzərindən Ankaraya

O vaxtlar tez-tez İstanbula gələn Asim Mollazadə iyunun əvvəlində bir neçə nəfərin iştirakı ilə keçirilən axşam ziyafətində dərindən nəfəs alaraq bunu deyirdi :” İndi bizi ən çox narahat edən məsələ- bəyin səhhətidir”. Gözünü uzaq bir nöqtəyə zilləyirdi.

Elə iyulun əvvəlindəki gəliş xəbərini də Asimə verdilər : İstiklal caddəsində Asim və Ariflə yanaşı gedərkən ona zəng gəldi. Taksim tərəfə gedirdik; Asim telefonu qapadan kimi “Əli zəng etdi, Bakıdan bəyi göndəriblər. Aeroporta onu qarşılamağa gedirik”. Evdən gələn bir xəbər Arifin də aeroporta gəlməsini əngəllədi. Maşından enəndə Abdurrahman ağabəy uzaqdan məni görüb geri döndü.

“Xeyir ola?”
“Əbülfəz bəy gəlir”
VİP-in avtobusunda İstanbul qubernatorunun müavini, Abdurrahman ağabəy, Asim Mollazadə, VİP-in 2 qadın işçisi və mən vardım.

Asimlə təyyarənin qapısına uzanan pilləkəndən yuxarı çıxdıq. Qapı açılıb bizi qarşısında görəndə “Siz hardan xəbər tutdunuz? Burda nə gəzirsiniz?”-dedi.

Ayağını VİP avtobusunun pilləkəninə qoyanda sürüşdü, ancaq özünü toplayıb ayaqda dura bildi. Bu, ona çox pis təsir etdi. Oturandan sonra başını əlinin arasına alıb təxminən 2 dəqiqə o şəkildə qaldı. Başını qaldıranda avtobusdan enmək vaxtı gəlmişdi. Ayağının sürüşməsini unuda bilmirdi. VİP-in əməkdaşlarından üzr istədi.

Şərəf salonunu açdılar. Bir neçə dəqiqədən sonra gələn professor Turan Yazqan da onu qanı qara vəziyyətdə görəndə dedim:
“ Bunun xəstəliklə heç bir əlaqəsi yoxdur. Ayağınız sürüşdü. Özalın o qədər ayağı sürüşüb yıxılmışdı ki? Dəmirəl neçə dəfə kəllə- mayallaq olub”.

Nəhayət, başını qaldırdı.
“Kim?”

“Süleyman Dəmirəl. Tribunada danışıb enəndə neçə dəfə yıxılmışdı. Olur da, insanlıq halıdı. Çay, qəhvə - bir şey gətirisnlər, için”

Dərindən nəfəs aldı.
“De, bir kofe gətirsinlər”.

Yaxın dostu Rəşid Şaşıhüseyinoğlu salona girəndə artıq qəhvəsini içib özünə gəlmişdi. Sonradan məlum olmuşdu ki, vəsiyyətini Rəşid bəyə edib: “Anamın goruna and verirəm ki, öləndə məni özün yuyub kəfənə sarı, məzara qoy”

Doktorunun salondan çıxdığını görən kimi onun dalınca getdim:
“Mənə işin düzünü deyə bilərsinizmi?”

Ümidsizliyi gözlərindən oxunan doktor:

“Yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik” - dedi.

Doktorla danışandan sonra VİP salonunun giriş qapısına tərəf getmiş və gəlişindən mətbuatın xəbər tutduğunu görmüşdüm.

İçəri qayıdanda kefinin xeyli düzəldiyini gördüm: professor Yazqanla danışarkən Rəşid bəyin tez-tez uzatdığı mobil telefonuyla dost-tanışlarıyla hal-əhval tuturdu.

Media onun gəlişindən xəbərdar olmuşdu. Onlarla çox qısa danışıb maşına mindi. Pilləkənlərin yanında enib təyyarəyə özü çıxdı. Vidalaşmaq üçün əlini havaya qaldıranda hamını hüzn dolu bir sevinc sarmışdı...

Can Dündarın Atatürkün son 300 gününü yazdığı “Sarı zeybək” kitabından və eyni adlı sənədli filmdən bir epizod gözümün qabağından getmirdi: Mustafa Kamal Paşanın son günlərində Baş katibi Hasan Rıza Soyak yavəri Altemür Kılıca demişdi: “Bax, Kılıç, qocaman bir tarix köçür”. Kitabı və sənədli filmin video-kasetini ona göndərmiş, buna çox sevindiyini ifadə edən cavab mesajını almışdım.

1979-dan onu tanıyırdım. Barmaqla sayıla biləcək bir qrup insan üçün həm müəllim, həm də vəfalı dost idi.

1991-in sentyabrında Bodrumda beynəlxalq konfransda iştirak edəndən sonra mərhum Əhməd Karaca məni Ankaraya dəvət etmiş, paytaxtda 15 gün qalıb seçki qabağı təbliğat kampaniyasını izləmişdim.

Bakıya qayıdan kimi yanına getdim.

“Qabaqdan qış gəlir. Ölkədə vəziyyət pisləşə bilər. Qarabağa hər an yardım lazımdır. Türkiyəyə getsəniz, çox böyük miqdarda yardım toplanar və bu qış sıxıntı olmadan keçər”
“Yaxşı bilirsən ki, mənim Azərbaycandan çıxanda gedəcəyim ilk yer Təbriz olacaq. Bəs bu əhdimi pozmarammı?”
“Əhd öz yerində, ancaq mən qısa müddətdə Türkiyəyə getməyinizin ölkəyə çox faydalı olacağına inanıram. Təbrizə də o qədər gedəcəyik ki!”
“Məntiqli danışırsan. Bu barədə fikirləşək və məncə, Türkiyəyə gedək”

91-də Ankaraya yardım toplamaq üçün getmək qismət olmamışdı.

9 il sonra Ankaraya həyatını xilas etmək ümidiylə gedirdi....

Xəstəxanada yanında qalanlar həqiqəti bizdən gizlədilər.

Elə isə biz onu həmişə bir müəllim və dost kimi görmüşdük. Ondan heç vaxt heç bir gözləntimiz olmamışdı və olmayacaqdı. Ona görə də bir vaxtlar bir əlin barmaqları qədər az olan, ancaq onun ideallarına sıx bağlı olan insanların- İsfəndiyarın, dədə Aydının, Arif Acaloğlunun, Cabbarın.... mənim də onunla vidalaşmaq ən təbii haqqımız idi. Bu haqqımızı əlimizdən alanlara bizim də haqqımız heç vaxt halal olmayacaq...

Son

Bilmişiz kim, mülki-aləm kimsəyə qılmaz vəfa
Ol zamandan kim onu mülki-Süleyman bilmişiz

Məhəmməd Füzuli

Həmişəki kimi, ofisimə erkən gəlsəm də, Arif ilk dəfə səhər 8.30-da mənə zəng edirdi.
“Başımız sağ olsun. Bəy artıq yoxdur”.
Ofisdən çıxıb axşama qədər İstanbulun küçələrində sərsəri kimi veyilləndim. Axşamüstü Əlirza əmi zəng etdi.
“Oğlum, başınız sağ olsun. Milliyyətçilər yetim qaldı”.
TV kanalları ana xəbər bülletenlərinin birinci sırasına onun ölüm xəbərini qoymuşdular. Star TV-nin məşhur diktoru Gülgün Feymanın “Ankaradan gələn ölüm xəbəri hamımızı sarsıtdı”-deyərkən necə ağladığını heç vaxt unutmayacağam.

Ertəsi günkü qəzetlərin ortaq manşeti “Türk övladı öldü”-idi.
“Milliyet”in Moskva müxbiri Cenk Başlamış ona bütöv bir səhifə həsr etmişdi.. Kələkiyə görüşünə gedəndə məşhur göy rəngli kostyumunu geyib onu gözlədiyini yazarkən necə təmiz bir adam olduğunu vurğulamışdı.

Mustafa Balbayın “Cümhuriyet”dəki “Əbülfəz Elçibəy” yazısı onu o qədər düzgün xarakterizə edirdi ki?

Ən təsirli yazı isə Cengiz Çandarın “Sabah”dakı məqaləsi idi:
“BƏY”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020

Oxşar yazılar