Çinli alimlərin apardığı yeni araşdırma göstərib ki, gün ərzində müəyyən müddət oturmaq hər zaman ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini artırmır. Əsas şərt insanın ümumilikdə aktiv həyat tərzi sürməsi və gün ərzində oturaq vəziyyətdə keçirdiyi vaxtın təxminən dörd saatı keçməməsidir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqat çərçivəsində 41 mindən çox yetkin insanın məlumatları təhlil edilib. Alimlər iştirakçıları təxminən 12 il ərzində izləyərək onların gündəlik oturma müddəti ilə ürək-damar xəstəlikləri və ölüm riski arasındakı əlaqəni araşdırıblar.
Nəticələr göstərib ki, ən aşağı risk demək olar ki, heç oturmayan insanlarda deyil, gündə orta hesabla təxminən dörd saat oturan şəxslərdə qeydə alınıb. Araşdırma zamanı J-şəkilli asılılıq müəyyən edilib. Gündə iki saatdan az oturanlarda da, altı saatdan çox oturanlarda da risk daha yüksək olub. Ən əlverişli göstəricilər isə gündə təxminən dörd saat oturan iştirakçılarda müşahidə edilib.
Alimləri təəccübləndirən məqamlardan biri də fiziki cəhətdən çox aktiv insanların nəticələri olub. Araşdırma göstərib ki, gün ərzində dörd saatdan az oturan və kifayət qədər hərəkət edən şəxslərdə fiziki aktivliyin bir hissəsini istirahət məqsədilə oturma ilə əvəz etmək xəstəlik və ölüm riskini artırmayıb, əksinə, müəyyən qədər azaldıb. Tədqiqat müəlliflərinin fikrincə, bu vəziyyətdə orta səviyyədə oturmaq intensiv gündəlik fiziki yüklənmədən sonra orqanizmin bərpasına kömək edə bilər.
Bununla yanaşı, alimlər vurğulayırlar ki, uzun müddət oturaq həyat tərzi keçirən insanlar üçün tövsiyələr dəyişmir. Onların sözlərinə görə, gün ərzində oturma müddətini azaltmaq və fiziki aktivliyi artırmaq ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini aşağı salır. Araşdırma göstərib ki, belə insanlarda cəmi 30 dəqiqəlik oturma vaxtını hərəkətlə əvəz etmək belə sağlamlıq baxımından müsbət nəticə verir. Tədqiqatçılar bildirirlər ki, əldə olunan nəticələr oturaq həyat tərzini təşviq etmir.
Araşdırma yalnız onu göstərir ki, "nə qədər az otursan, bir o qədər yaxşıdır" prinsipi hər kəs üçün eyni dərəcədə doğru olmaya bilər. Əsas amil gün ərzində ümumi fiziki aktivlik səviyyəsinin qorunmasıdır.