Çiyələk bu hallarda ölümcül  ola bilər - Diqqətli olun
25 may 2026 16:29 (UTC +04:00)

Çiyələk bu hallarda ölümcül ola bilər - Diqqətli olun

0

Mövsümün ən sevilən yay meyvələrindən biri hesab edilən çiyələk hər kəs üçün təhlükəsiz olmaya bilər. Dietoloqlar xəbərdarlıq edir ki, bəzi insanlarda çiyələk allergik reaksiyalar, nəfəsalma problemləri və hətta qida zəhərlənməsinə bənzər simptomlar yarada bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dietoloq və Respo Mərkəzinin məsləhətçisi Aleksandra Kuryenin sözlərinə görə, xüsusilə ağcaqayın tozcuğuna allergiyası olanlar, histamin və salisilat həssaslığı yaşayan şəxslər çiyələk yeyərkən diqqətli olmalıdır.

Mütəxəssisin sözlərinə görə, çiyələyə qarşı allergiya ən əsas risk faktorlarından biridir. Bu hal qoz-fındıq, yumurta və ya süd məhsullarına allergiya qədər geniş yayılmasa da, bəzi insanlarda, xüsusilə uşaqlarda orqanizm giləmeyvəyə kəskin reaksiya verə bilər.

Allergiyanın mümkün əlamətləri arasında dəri səpkiləri, qızartı, dodaqlarda və ağız ətrafında şişkinlik, mədə narahatlığı və nəfəsalma çətinliyi yer alır. Bəzən simptomlar çiyələk qəbulundan dərhal sonra ortaya çıxsa da, bəzi hallarda bir neçə saat sonra özünü göstərə bilər. Hətta allergiyası diaqnoz edilməmiş insanlarda da həddindən artıq çiyələk qəbulu dəridə qırmızı ləkələrə səbəb ola bilər.

Dietoloq xüsusilə ağcaqayın tozcuğuna allergiyası olan insanlara diqqətli olmağı tövsiyə edir. Onun sözlərinə görə, ağacın aktiv çiçəklənmə dövründə çiyələk çarpaz allergik reaksiya yarada bilər. Bu zaman bir neçə giləmeyvə qəbulundan sonra ağızda qaşınma, yanğı hissi və dodaqlarda şişkinlik müşahidə oluna bilər.

Ekspert bildirir ki, bu cür reaksiyalar əsasən aprel-may aylarında, havada ağcaqayın tozcuqlarının miqdarının yüksək olduğu dövrdə daha çox rast gəlinir. Yayın əvvəlində isə eyni meyvə bəzi insanlar tərəfindən daha rahat qəbul edilə bilər. Orqanizmin ümumi vəziyyəti də burada mühüm rol oynayır .Xəstəlikdən sonra və ya immunitet zəiflədikdə simptomlar daha güclü hiss oluna bilər.

Çiyələk histaminə qarşı həssaslığı olan insanlarda da problemlər yarada bilər. Mütəxəssisin sözlərinə görə, giləmeyvə orqanizmdə histamin ifrazını artıraraq həssas şəxslərdə səpkilər, baş ağrısı, qarın ağrısı, öskürək və nəfəs darlığına səbəb ola bilər.

Bundan əlavə, salisilatlara qarşı yüksək həssaslığı olan şəxslərə də çiyələkdən həddindən artıq istifadə etmək tövsiyə edilmir. Çünki giləmeyvənin tərkibində təbii şəkildə olan bu maddələr burun tutulması, axıntı və astma simptomlarının güclənməsi ilə nəticələnə bilər.

Sosial şəbəkələrdə adi qırmızı çiyələyin əvəzinə ağ rəngli (ananas dadına bənzər çiyələk növü) məsləhət görülsə də, dietoloq bunun tam təhlükəsiz seçim olmadığını bildirir. Onun sözlərinə görə, bu növdə bəzi allergenlər az olsa da, digər reaksiyalara səbəb ola biləcək maddələr, xüsusilə salisilatlar qalır.

Bütün xəbərdarlıqlara baxmayaraq, mütəxəssis vurğulayır ki, insanların böyük əksəriyyəti üçün çiyələk faydalı məhsul olaraq qalır. O, lif və antioksidantlarla zəngindir və mövsümi qidalanmanın dəyərli hissəsi hesab edilir.

Dietoloq allergiyaya və ya qida həssaslığına meyilli insanlara çiyələyi böyük porsiyalarla yeməyə tələsməməyi tövsiyə edib. Şübhə olduqda əvvəlcə bir-iki giləmeyvə qəbul edib orqanizmin reaksiyasını müşahidə etmək daha məqsədəuyğun sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar