Gülnar Əhmədova
05 yanvar 2021 11:15 (UTC +04:00)

Gülnar Əhmədova

Diş, gicgah, çirkli su və... –“Haran ağrıyır” 

Başınız ağrıyır? Ürəyiniz sancır? Gözünüzdən yaş gəlir? Bəlkə qızdırmanız da var? Fərqi yoxdu, uşaq, cavan və ya qoca, insan övladı zaman-zaman səhhətində yaranan fəsadlardan əziyyət çəkir. Xəstələnir, ağrıyır və bu ağrıya qalib gəlir. Hə, məhz ağrıya.

Bəs görəsən ağrıyan nədir? Lent.az çoxlarınızın marağına səbəb olan "Haran ağrıyır?" rubrikasında növbəti məqaləni təqdim edir:

“Haran ağrıyır?” da bu dəfə qulaq ağrısından həkim-otorinolarinqoloq Gülnar Əhmədova danışacaq. Qulaq niyə ağrıyır, hansı ağrılar özünü qulaq ağrısı kimi “təqdim” edir və bu ağrılardan necə qurtula bilərik suallarına həkim cavab verir:

- Qulaq ağrısının səbəbləri müxtəlifdi. Bu, həm uşaqlarda, həm də böyüklərdə əsasən orta qulağın (kəskinortaotit) iltihabi xəstəliyilə bağlı olur. Bu zaman böyüklərdə orta qulağın burun boşluğuna əlaqələndirən Yevistax borusunun tıxanması nəticəsində təbilpərdəsi arxasına maye toplanır, ağrı verir. Uşaqlarda isə ağrının səbəbi Yevistax borusunun qısa, uzun və enli olmasıdı. Xarici qulaqla bağlı qulaq ağrılarının səbəbi isə, "üzgüçü qulağı" yəni, çirkli suda, dənizdə çimərkən insanların qulağına düşən infeksiyadı. Bundan başqa qulağı tez-tez qulaq çöpü ilə təmizlədikdə qulaqda ağrı, qızartı, şişkinlik yarana bilər.

İzah edilə bilməyən ağrılara: diş və gicgah-çənə oynağı ağrılarını göstərmək olar ki, onlarda çox vaxt ağrı qulağa vurur. Boyunda hiss olunan (döş-korpucuk-məməyəbənzər əzələ ətrafı) ağrılar da qulağa yayıla bilər. Qulaqətrafı tüpürcək vəzi xəstəlikləri, boğaz ağrıları qulağa yayıla bilər.

Əgər qulaq mənşəli və ya qulağa yayılan ağrılar olarsa, mütləq həkim-otorinolarinqoluqa müraciət etmək lazımdı. Qulağın otoskopik və ya endoskopik müayinəsi zamanı qulaq ağrısının səbəbi araşdırılır. Ağrı xarici və orta qulağın iltihabı proseslərilə bağlıdırsa,  bu zaman lor-həkim müalicə etməlidi. Əgər xarici qulaq keçəcəyində irin və ya qulaq kiri tıxacı olarsa, ilk növbə qulaq təmizlənməlidi. 

Ağrını azaltmaq üçün ağrıkəsici tərkibli qulaq damcısı təyin edilir. Təbil pərdəsində iltihabi proses (ödəm, qızartı) varsa, antibakterial qulaq damcıları təyin edilir. Bəzən iltihabi prosesi azaltmaq məqsədi ilə fizioterapiya üsullarından (lazerterapiya, UYT) istifadə etmək olar. Vaxtında həkim-otorinolarinqoluqa müraciət etdikdə və düzgün müalicə təyin olunanda, ağrını, həmçinin iltihabı, şişkinliyi, qızartını və irinli prosesləri aradan qaldırmaq olur.

 

# 4182
avatar

Nigar Adil

Oxşar yazılar