Bu resept şəkər istehlakını azaltmaq və ya arıqlamaq istəyənlər üçün mükəmməldir. Bu blinçiklərdə şəkər və qlüten yoxdur və aşağı kalorili olduğu üçün sağlam qidalanma üçün uyğundur. Express nəşrinin yazdığına görə, bu resept xolesterini azaltmaq, qanda şəkərin səviyyəsini normal saxlamaq və artıq çəkidən qurtulmaq istəyənlər üçün idealdır.
Lent.az bananlı blinçik reseptini təqdim edir:
İki inqrediyentlə bananlı blinçiklərin hazırlanması üçün sizə lazım olacaq:
1 ədəd yetişmiş banan
2 ədəd iri yumurta
Əlavə olaraq zövqə görə: qatıq və ya darçın
Hazırlanma qaydası
Bananı soyun və bir qabda pürə halına gələnə qədər əzin. Heç bir topaqlanma olmamalıdır. Ayrı bir qabda iki yumurtanı sındırın və bir qədər çalın. Yumurtanı banan pürəsinin üzərinə əlavə edib qarışdırın. Daha yüngül və havalı blinçiklər əldə etmək üçün bir çimdik qabartma tozu əlavə edə bilərsiniz.
Bişirilməsi
Tavayı orta xodda qızdırın. İstəyə görə bir az kərə yağı və ya bitki yağı əlavə edin. Tava qızdıqdan sonra, təxminən iki xörək qaşığı xəmir tökün. Blinçikin kənarları qızılı-qəhvəyi rəng alana qədər təxminən bir dəqiqə bişirin.
Nazik bir çevirmə aləti ilə blinçiki diqqətlə çevirin və digər tərəfini də 1-2 dəqiqə bişirin. İstədiyiniz rəngi əldə edənə qədər blinçiki bir neçə dəfə çevirə bilərsiniz. Hazır olduqdan sonra bir qədər soyumasını gözləyin
Servis üçün məsləhətlər:
Blinçikləri sadə halda yeyə bilərsiniz və ya üstünə qatıq, təzə meyvələr, qranola əlavə edə bilərsiniz. Daha şirin dad üçün bal da əlavə etmək olar. Bu blinçikləri soyuducuda bir neçə gün saxlamaq və mikrodalğalı sobada isidərək yenidən istifadə etmək mümkündür.
Nuş olsun!