“İş adamları bura stress atmağa gəlirlər” - Elnarə Xəlilova ilə MÜSAHİBƏ
14 noyabr 2022 14:18 (UTC +04:00)

“İş adamları bura stress atmağa gəlirlər” - Elnarə Xəlilova ilə MÜSAHİBƏ

Müğənni Elnarə Xəlilovanın Lent.az-a müsahibəsi:

– Elnarə Xəlilova dayanmadan çalışır: mahnı bəstələtdirir, klip çəkdirir, layihələr təqdim edir, amma adamlar sanki bunu görmək istəmirlər. Sizcə, səbəb nədir?

– Səbəb Elnarə Xəlilovanın şou-biznesə deyil, incəsənətə aid olmasıdır. İnsanlar bu sənəti çoxdan biznesə çeviriblər və artıq heç kəsə sirr deyil ki, keyfiyyətindən asılı olmayaraq, görülən işlər sosial şəbəkələrdə pulun hesabına trendlərə düşür. Ona görə də elə görsənir ki, insanlar keyfiyyətli yaradıcılığa qiymət vermir. Halbuki əslində elə deyil. Yəni, Elnarə bir çoxlarından fərqli olaraq yalnız Azərbaycan mədəniyyətinə xidmət edir. Yaradıcılığa biznes kimi baxmır. Yalnız cibini düşünmür. Özünü zorla insanlara təlqin etmir. Pulun gücünə sosial şəbəkələrdə bot almır ki, şərh yazsın. Bu, əslində, onun həm özünü, həm də insanları aldatması deməkdir. Ona görə də hələ ki kənardan elə görsənə bilər ki, sanki onun gördüyü işləri az adam görür. Amma, əslində, elə deyil.

– Bəs siz özünüz əvvəlki Elnarə ilə indikinin arasında fərq görürsünüz?

– Əvvəlki Elnarə ilə indikinin arasında, əslində, yerlə göy qədər fərq var. Əvvəlki Elnarə daha gənc və təcrübəsiz idi. Öz qərarları ilə deyil, başqalarının ona göstərdiyi yol ilə hərəkət edirdi. İndiki Elnarə isə artıq təcrübəli, ali savadlı bir musiqiçidir, prodüsserdir və artıq nəinki özünə, eyni zamanda da, yetişdirdiyi tələbələrinə də yol göstərməkdədir.

– Ümumiyyətlə, sizə qədər reperle duet edən olmuşdu?

– Sizə bir şeyi deyim, əslində, ilk rep oxuyanlardan biri Vaqif Gərayzadə olub: “Rəhm elə bizə, İlahi” mahnısında. Səhv eləmirəmsə, 1987-ci ilə aiddir. Həmin mahnıda Alim Qasımov, Aygün Kazımovanın da səsi var. Orada yekunda əməlli-başlı rep deyir kişi. (Gülür)

Duet məsələsinə gəlincə, Sevda Ələkbərzadə, Samira da o dövrlərdə etmişdi. Amma kim əvvəl, kim sonra unutmuşam.

– Amma ən çox danışılan sizinki oldu...

– Deyəsən. (Gülür) Elə deyirlər.

– Elnarə xanım, sizcə, adamlar niyə 43 yaşındakı Elnarədən 19-20 yaşında etdiyi performansı gözləyir?

– Çünki o boşluğu Elnarədən sonra hələ də layiqincə doldura bilən olmayıb. Odur ki hər kəs bunu elə Elnarənin özündən tələb edir. O da, əslində, zaman-zaman tamaşaçısının könlünü oxşamaq üçün nəsə etməyə çalışır. Amma məlum məsələdir ki, insan gərək yaşına-başına uyğun hərəkət etsin. Ona görə də Elnarə, əslində, ən çox özünün lazım və məsləhət bildiyini tamaşaçısına təqdim edir. Artıq onların bəyənib-bəyənməməyi də zövq məsələsidir.

Bilirsiniz, indiki Elnarə özünü necə hiss edirsə, odur. Nəyəmsə oyam: bu mənim yaşadığım, hiss etdiyimdir. Yəni başqa bir Elnarəni hiss eləmədən tamaşaçını, dostlarımı aldada bilmərəm. Amma vaxtilə olub. Gənc subay qız idim, Araz aşığımdan, Kür topuğumdan olan vaxtlar idi və tamaşaçıların dediyi Elnarə ola bilirdim.

– Hazırda müasir estradamızda kifayət qədər yeni nəsil ifaçılar var. 19 yaşlı Elnarənin gözü ilə baxsaq, kimlər onun kimidir? Hansı hər bir yeniliyə açıqdır?

Hələ ki görmürəm elə birini. Bəlkə, zamanla tələbələrim arasında elə biri olar, amma hələlik görmürəm. Əslində, “El Yaradıcılıq Mərkəzi”nin yaradılmağının əsl səbəbi də elə odur. (Gülür)  Özümdən bir 50 nəfər “kopyalamaq”. Niyə? Çünki tək əldən səs çıxmır. Elnarə özünü illərdir, nə qədər həlak eləsə də, sanki bu, görünmür. Bunu bayaq siz də dediniz ki, sanki adamlar görmür. Bəli, bəzən görmürlər. Ona görə də nə etmək lazımdır? Əlbəttə ki, Azərbaycan mədəniyyəti adına mübarizə aparmaq. Əslində, mən bunu tək eləmirəm. Sağ olsun Nərmin Behbudova, Samira AliMaryam kimi həmkarlarım. Bu işdə bu günə kimi mənə yaxından kömək ediblər. Ötən il Samira mərkəzimizin üzvlərindən biri olan 9 yaşlı İbrahimlə “Sıravi Əhməd” mahnısını duet oxudu və ona gözəl bir klip çəkdik. Gələcəkdə də İlhamə Qasımova, Səbinə Babayeva, Sevda Ələkbərzadə kimi güclü səslərlə mərkəzimizin üzvləri ilə duetlər etmək planda var.

– Söhbət düşmüşkən, “El Yaradıcılıq Mərkəzi”ndən danışaq.

– Bəli, mərkəzimizin adı “El Yaradıcılıq Mərkəzi”dir. Vokal müəlliməmiz ifaçı və bəstəkar Nərmin Behbudovadır. Hal-hazırda 30 nəfərdən ibarət bir heyətimiz var. Onların arasında yanımda 5 il olan da var, 1 il olan da. Buna baxmayaraq, çox istedadlı və həvəslidirlər. Onlardan bir neçəsinin artıq bu il ulduzunu yandırdıq. (Gülür) Sentyabr ayından bu yana isə uşaqlardan Firuza, İmran Nurməmmədov, Fir Dovsi və Sirrin adlarını çəkə bilərəm. Onu da qeyd edim ki, Firuza, İmran və Fir Dovsinin kliplərini özümüz çəkmişik. Bundan əlavə, Sirrin “Sən” adlı mahnısının söz və musiqi müəllifi, Firuzanın “Olacaq” adlı mahnısının musiqi müəllifi də özüməm. (Gülür) Gördüyünüz kimi, bu il, əslində, mənim üçün digər illərdən də məhsuldar olub. Çünki özümdən əlavə, hələ 4 yeni layihə də çıxarmışam.

– Amma sanki məkan 30 nəfərlik heyət üçün balacadır.

– Yox, bu 30 nəfər hamısı eyni vaxtda burada olmur axı. Əksəriyyəti iş adamıdır və sırf buraya stress atmağa gəlirlər. Yəni məqsəd buradan ulduz kimi çıxmaq deyil. Bizim burada həkim tələbəmiz də var, müsahib tələbəmiz də və digər sahələrdə çalışanlar da.

– Bu qədər əməyiniz və zəhmətiniz aydındır. Bəs ümumiyyətlə, əvvəlki kliplərinizə, performanslarınıza baxanda nə hiss keçirirsiniz? Nəzərə alsaq ki, dövrünün ən çılğın müğənnisi olmusunuz.

– Əvvəlki işlərimə baxanda çox qürurlanıram ki, zamanında mən gəncliyin simvoluna çevrilə bilmişəm. İndiki işlərimlə isə yenə də böyüməkdə olan gənc nəslə bir örnək, nümunə olmaq istəyirəm. Amma artıq 19 yaşına olan bir gənc qız kimi yox. Təbii ki, ilk növbədə, öz övladlarına örnək olan 43 yaşında bir gənc ana kimi nümunə olmaq istəyirəm.

– Sizcə, karyeranızın ən yaxşı ifası hansı olub?

– Əlbəttə ki, “Məhəbbət payım”. Birmənalı.

– Elnarə xanım “W-trio” qrupunu necə xatırlayır?

– “W-trio” qrupunu dövrünün qızlardan ibarət çox istedadlı bir qrupu kimi xatırlayıram.

– Bir ara həmin qrupdakı dostlarınızla aranızda mübahisələr olmuşdu. İndi necədir aranız? Ümumiyyətlə, Röya, Elnara, Natavan - bu üçlükdən ən parlağı, sizcə, kim oldu? 

– Gəlin biz Elnarə Xəlilova haqqında danışaq. Bu mövzuda sizinlə istədiyiniz qədər danışa bilərəm. Amma başqaları haqda qeybət etmək niyyətim yoxdur. (Gülür)

– Elnarənin ailə həyatı qurması, övlad sahibi olması onun yaradıcılığına mənfi təsir etdi kimi fikirlər var.

– Elnarənin ailə həyatı qurması və övladları heç vaxt onun yaradıcılığına mane olmayıb. Elnarə Milli Konservatoriyada dövlət imtahanı verəndə, qarnında 8 aylıq uşaqla Şəddi-şahnaz oxuyanda tələbə yoldaşları və müəllimlər, deyilənə görə, hamısı telefon əllərində 112-ni yığıb hazır dayanmışmışlar ki, birdən nəsə olsa, həkim çağırsınlar. (Gülür) Elnarə Qan qrupu ilə Yasamal parkında Milli qəhrəman Çingiz Mustafayevin 50 illiyinə həsr olunmuş konsertdə boynundan 30 kq-lıq alət asılı halda saat yarım çıxış edəndə də 3 aylıq hamilə idi. Əslində, ona heç ayaq üstə dayanmaq olmazdı. Çünki həkimlər demişdi, övladını itirə bilər. Bütün bunlara baxmayaraq, o bütün çətinliklərə mərdi-mərdanə hər zaman sinə gərdi və Allahın köməyi ilə bütün imtahanlardan üzü ağ çıxdı. Sevda Məmmədlinin “Səni arzularam” mahnısını studiyada yazdıranda da  Elnarə hamiləliyinin 8-ci ayında idi. Vüqar Camalzadənin Respublika sarayındakı yaradıcılıq gecəsində də Elnarə hamilə halda çıxış edirdi. Murad Arifin “Solo” adlı layihəsində Elnarə qarnında 6 aylıq uşaqla tar və kaman triosu ilə saat yarım canlı dəsgahlar oxudu. Onların arasında Mirzə-hüseyn segahı, Kürdü-şahnaz, Mahur-hindi və Bayatı-kürd muğamları da var idi. Canlı yayım zamanı hətta  Röya proqrama telefonla qoşuldu və Elnarəyə sual verdi ki, sən bu vəziyyətdə səhər çağı o səsi haradan çıxarırsan? (Gülür) Dəfələrlə hamilə vəziyyətdə dövlət tədbirlərində çıxış eləmişəm və ona görə də mənim tamaşaçımın yanında hər zaman dilim uzun və həmişə üzüm ağ olub. Heç bir halda mənim ailə vəziyyətim, nə də övladlarım mənə yaradıcılığımda mane olmayıblar.

Deməli, biz Gövhər Həsənzadə ilə “Pəncərəndə” mahnısını studiyada yazdıranda hamiləliyimin 5-ci ayı idi və heç vaxt yadımızdan çıxmaz, həmin gün bizimlə çox maraqlı, eyni zamanda da, çox qəribə bir hadisə baş vermişdi. Studiyada səs yazılan anda necə oldusa, hər dəfə mən ağzımı açıb oxuyanda mikrofona iki səs yansıyırdı. (Gülür) Əvvəlcə səs rejissoru elə bildi hansısa effekti açıq qoyub, başladı düymələrə basmağa, nə qədər əlləşdi-vuruşdu, o ikinci səs oradan getmədi ki, getmədi.

– Haradan gəlirdi ki o səs?

– Nə bilim axı? (Gülür) Bir tərəfdən gülmək tutmuşdu bizi, digər tərəfdən də, hadisənin qəribəliyinin şokunu yaşayırdıq. Axırı səs rejissoru işıqları əsas yerdən söndürdü və kompüterdə yenidən başladıq.

– Səs kəsildi?

– Yox. (Gülür) Sonda Gövhər xanım gülə-gülə dedi ki, ta neyləyək, qarnındakı da sənlə bərabər oxuyur, deyəsən.

– 4 uşaq anasısınız. Onların necə, incəsənətə maraqları varmı?

– Var. Dördünün də musiqi duyumu var. Rəqs edirlər, söz yazırlar, musiqi bəstələyirlər, rəsm çəkirlər. Yəni özləri üçün oxuyub-oynayırlar. (Gülür)

– İstəyərdiniz hansısa müğənni olsun?

– Qətiyyən. (Gülür) Bilirsiniz, maraqları var, amma bu maraqlar həvəs səviyyəsindədir. Qızım 3-cü qrupa, oğlumun biri 2-ci qrupa hazırlaşır. Digər oğlum İT mütəxəssisi olmaq istəyir. Yəni fərqli sahələrdə görürəm onları. Məncə, ən balaca oğlumun musiqi duyumu hamısından yüksəkdir.

– Qan qrupu ilə ifa elədiyiniz "Təlqin" sizin yaradıcı xəttinizdə ayrıca yer tutdu. İki il öncə yenə də eyni qrupla ifanız oldu, amma o effekti vermədi.

– Əslində, bu sonra yox, elə həmin dönəmlərdə yazılan 12 mahnıdan biridir. Sadəcə indi vaxt olduqca onları həm rəqəmsal platformalarda, həm də rəsmi “Youtube” kanalıma yerləşdirirlər.

– Sırf o xətti necə qiymətləndirirsiniz? Biri var "Məhəbbət payım"ı oxuyan Elnarə, biri var bunu, biri də var, indiki Elnarə.

– Ümumiyyətlə, mənim həyat və yaradıcılığım mərhələlərdən ibarətdir. 13 yaşımda mən Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunda oxumuşam. 19 yaşımda artıq Vaqif Gərayzadə ilə solo çalışmağa başlamışdım və o zaman mən yalnız jazz standart ifa edirdim. İlk dəfə Vaqif Gərayzadənin Respublika sarayında keçirilən yaradıcılıq gecəsində mən “When I fall in love” adlı parçanı canlı jazz bəndlə oxuyanda o vaxtın KİV-ləri mənim haqqımda Vaqif Gərayzadənin “yeni protejesi Elnara” deyə yazırdılar. Çox sonra qrup yarandı. Daha sonra yenidən solo-karyerasına davam edən Elnarə artıq R&B ifa etməyə başlamışdı. Elnarə jazz-dan tutmuş hip-hopa qədər, rok, pop, muğam, folk daha nə ifa etməyib ki... (Gülür) Ona görə də mən həyat və yaradıcılığımın bütün bu dönəmlərini, əslində, hər zaman mərhələlərə bölmüşəm. Çünki mənim niyyətim hər zaman bu sənətə bir peşəkar kimi yiyələnmək olub. Ona görə də mən Milli Konservatoriyanın solo oxuma Xanəndəlik fakültəsini bitirəndə nə toylarda pul qazanmaq, nə də yalnız bütün ömrüm boyu yerimdə sayıb pop oxumaq haqda düşünürdüm. Düşünürdüm ki, bu sənətin təhsilini almalıyam ki, sabah kiməsə dərs keçməyə hüququm olsun və özümdən sonra nəsə qoyub gedə bilim. Və təbii ki, sadaladığım bütün bu mərhələlərə ömrüm, vaxtım, əməyim, pulum və enerjim gedib. Hansısa layihəm heç vaxt göydən düşməyib. Hər zaman bütün layihələrimin arxasında böyük komanda və zəhmət dayanıb. Ona görə də siması olduğum bütün brendlər və onlara çəkilən reklam çarxları bu gün də dillər əzbəridir və hər biri öz sözünü deməkdədir.

– Solo konsert verməyi planlaşdırırsınız?

– Solo konsert verməyi çoxdan planlaşdırıram. Hələ pandemiyadan öncə “ElektraHall” ilə bunun üçün danışmışdıq, afişalar belə hazırlanmışdıq və hətta bilet satışı üçün kassalara  məlumat da getmişdi. Lakin məlum səbəblərdən konsert təxirə düşdü. Böyük ehtimalla, gələn ilin yazına çox gözəl bir konsert proqramı hazırlamaq olar.

– "Hazırlamaq olar" deyirsiniz. Yəni planda var, yoxsa bu sadəcə “Hazırlamaq olar” kimi qalacaq?

– Planda 3 ildir, var. Hər şey hazırdır. Məkan danışılıb. Qalıb bircə vaxtı təyin etmək. Onu da dediyim kimi, gələn ilə düşünərik. Pandemiya olmasaydı, bu konsert 2020-nin may ayında olacaqdı.

– Bir zamanlar fanatlarınızla ən yaxın kontaktda olan müğənni idiniz. Amma bu çox az çəkdi. Səbəb nə oldu?

– Səbəb həmişə zaman və məkan faktorları olur, Nihat. Biri ərə getdi, o biri əsgər. (Gülür) Nə bilim, başqa biri ölkədən getdi və s. Həmişə çox insan olan yerdə çox səbəb olur. Elnarə bu gün də əsl sevənləri ilə daim kontaktdadır. Demək olar ki, hər həftə sonu tələbələri ilə müəyyən “event”lər, kino, teatr, konsert, tamaşa, uşaqların öz səhnələri, müxtəlif sosial layihələrdə çox yaxından iştirak edirik. Və bu məni məmnun edir.

– Sizi zaman-zaman televiziyada aparıcı kimi də görmüşük. Bu yaxınlarda yenə bir elan getdi. Amma sonra nəsə o veriliş yayımlanmadı, deyəsən.

– Bəli, mənim aparıcılıq karyeram da var. İndi də davam eləmək istəyirik. “Onlar” verilişinin aparıcısı olacağam. Şou-bizneslə bağlı layihədir. Hansı ki verilişin əvvəllər ilk aparıcısı da mən olmuşam. Yəqin ki, dekabrdan fəaliyyətə başlayarıq.

– Ailə qayğıları, yaradıcılıq mərkəzi, kliplər, indi də aparıcılıq. Necə çatdırırsınız?

– Əslində, bayaq 4 uşaq dediniz, 4 deyil. (Gülür) 30 nəfər burada, özüm və həyat yoldaşım – ümumilikdə 36 uşağa baxıram. Bu yaxınlarda günün günorta çağı yadıma düşüb ki, gecəni yatmamışam. Öz-özümə düşünürəm ki, ay Allah, mən niyə yatmamışam? Sonradan yadıma düşüb ki, gecə ancaq paltar sərib, paltar ütüləmişəm. (Gülür) Amma bütün bunlara baxmayaraq, Elnarə sənətini sevir, çalışır və çatdırır.

– Siz həm də DSX-nin zabitisiniz.

– Elədir ki, var. Mən Dövlət Sərhəd Xidməti Hərbi Nümunəvi Orkestrin solistiyəm. 2004-cü ildən bu yana nəinki DSX, Azərbaycanın, demək olar ki, bütün güc strukturları ilə hər zaman çox yaxından və təmənnasız əməkdaşlıq etmişəm. 2011-13-cü illər arası Daxili Qoşunlarda da çalışmışam. Hal-hazırda bir DSX zabiti olmağımla qürur duyuram və bu adı layiqincə daşıya bilmək üçün əlimdən gələni edirəm.

– Elnarə xanım, hazırda sənətinizlə bağlı hansı yeniliklər var?

– Ən son çıxardığım layihə Zəfər gününə həsr olunmuş musiqisi Yaqut Almaz, sözləri DSX zabiti Tural Nəqşicahana aid “Dəmir Yumruq” layihəsidir.  Oktyabr ayında Eldar Mansurovun yaradıcılıq gecəsinə “Sənsiz keçən günlərim” adlı mahnısı hazırlandı. Sentyabrda musiqisi Alxanlı, sözləri İsmayıl Dadaşova aid mayda Londonda çəkdirdiyimiz “Sevdim səni” adlı layihə çıxdı. Avqustda Sərhədçilərin peşə bayramı münasibətilə musiqisi Hikmət Mirməmmədli, sözləri Abdulla Qurbaniyə aid “Sərhədçi Marşı”, iyulda musiqisi və sözləri Sevda Məmmədliyə aid “Necə unudum səni?” adlı parçanı bəstəkar və pianoçu Bəbir Bəbirli ilə duet etdik. İyunda söz və musiqisi özümə aid “Lətifəmiz” adlı mahnı işıq üzü gördü. Mayda bəstəkar Mikayıl Vəkilovun yaradıcılığına həsr olunmuş “Qatarlar” adlı parça çıxdı. Apreldə söz və musiqi Xanım İsmayılqızına aid “Bir də gəl” mahnısı, martda isə söz və musiqisi Nərmin Behbudovaya aid ifaçı Samira AliMaryam ilə olan “İnanıram” adlı duet işıq üzü gördü. Fevralda Fikrət Əmirovun “Gəldi Bahar bayramı”, yanvarda isə El Yaradıcılıq Mərkəzi ilə birgə layihəmiz olan Qubada klipini çəkdirdiyimiz ingilis dilində “Fly me to the moon” adlı jazz standartdır.  

Gördüyünüz kimi, il ərzində bircə dənə də olsun, ay boş qalmayıb. (Gülür) Bu, əslində, ilə 12 layihə deməkdir. Ötən il də belə olub. Ondan öncəki illərdə də. Bu mənada yaşıdlarım arasında özüm kimi məhsuldar ikinci birini tanımıram. (Gülür)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11037
avatar

Nihat Pir

Oxşar yazılar