Braziliya sakini, 60 yaşlı Baltazar Lemos dəfn mərasiminə neçə nəfərin gələcəyini öyrənmək istəyib və onun ölümünü saxtalaşdırıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, kişi mərasim təşkilatçısı işləyir və karyerası ərzində yüzlərlə dəfn mərasimi keçirib. Lemos qeyd edib ki, ölənlərdən bəzilərini son səfərə yalnız bir neçə nəfər yola salıb, digərlərinin dəfn mərasiminə bir neçə yüz nəfər gəlib. Onunla vidalaşmağa nə qədər adam gələcəyini görmək istəyib, ona görə də saxta ölümü qərara alıb.
Yanvarın əvvəlində Lemos sosial şəbəkədəki səhifəsində xəstəxananın fonunda çəkilmiş şəkli yerləşdirib. Ertəsi gün o, bir mesaj yazıb: “Bu kədərli günün əvvəlində Baltazar Lemos bizi tərk etdi. Ətraflı məlumat tezliklə veriləcək”.
Kişinin ailəsi bu xəbərdən şoka düşüb və qardaşı oğlundan biri nə baş verdiyini öyrənmək üçün xəstəxanaya gedib. Lakin tibb müəssisəsinin əməkdaşları Lemosun xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlarının olmadığını bildiriblər.
Dostları faciəvi xəbəri internetdə paylaşmağa başlayıb, başsağlığı verib, ölüm səbəbini soruşublar. Heç bir izahat verilməsə də, əvəzində Lemosun səhifəsində anma və dəfn mərasiminin vaxtı və yeri göstərilib.
Yanvarın 18-də kişinin qohumları və dostları onunla vidalaşmaq üçün doğma şəhərindəki kiçik kilsəyə toplaşıblar. Birdən zalda Lemosun səsi eşidilib və orada olanların çoxu onun çıxışı öncədən lentə aldığını düşünərək ağlamağa başlayıblar. Bir neçə dəqiqədən sonra qurbangahın qapıları açılıb və diri mərhum qonaqların qarşısına çıxıb.
Orada olanlar şoka düşüblər və necə reaksiya verəcəklərini bilməyiblər: bəziləri ağlamağa başlayıb, bəziləri isə ağzı açıq dayanıb. Lemos ölümünü saxtalaşdırdığını izah edən kimi qonaqlar onu ürəksiz olmaqda ittiham ediblər.
“Nə gülməli zarafatdır! Düşünürəm ki, sənin xəyali ölümünü yas tutan hər kəslə şəkil çəkdirməlisən. Mən sizi şəxsən tanımıram və ümid edirəm ki, sizinlə heç vaxt görüşməyəcəm”, - şərh yazanlardan biri həqiqəti biləndə yazıb.
Lemos iddia edir ki, o, yaxınlarını incitmək istəmirdi, lakin bu, ölümdən sonra kimin ona yas tutacağını öyrənmək üçün yeganə yol idi. “Mənim kimisə təhqir etmək, narazı salmaq və ya incitmək fikrim yox idi. Mən bu insanlardan səmimi qəlbdən üzr istəyirəm”, – kişi bildirib.