Müğənni Samir Piriyev media nümayəndələri ilə görüş keçirib.
Lent.az-ın məlumatına görə, ifaçı şoumen Kamran Həsənli ilə məhkəmə prosesinə aydınlıq gətirib. Tədbirdə S.Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu çıxış edərək məsələ ilə bağlı qısa məlumat verib: “Samir Piriyevin maraqlarını qoruyan mənəm. Ceyhun Yusifov isə Samirin istindaq hərəkətlərinin aparılmasına nəzarət edir. Kamran Həsənli Samir Piriyevlə arasında yaranmış münasibəti bu vəziyyətə çatmasının tək səbəbkarıdır. Samir Kamrana inanmasaydı belə addım atmazdı. Hadisənin ikinci səbəbkarı isə bacısı Gülərdir. Düzdür, Samir bilirdi ki, Kamran Azərbaycanda yaşayan insandır, Türkiyədə nə biznesi olacaq? Amma Kamran vasitəçi kimi Türkiyədə yaşayan bacısı Güləri göstərib”.
Vəkil Ceyhun Yusifov K.Həsənlinin bir çox məqamları yalan danışdığını bildirib: “Fevralın 2-dən Nərimanov Rayon Prokurorluğunda istintaq başlayıb. Məsələnin mahiyyəti Samirin pulunun geri qaytarılmasıdır. Samir Piriyev 2009-cu və 2012-ci illərdə Türkiyədə fəaliyyət göstərib. Orada biznes qurmağa meyilli idi. Kamran da onun bu istəyindən istifadə edib. İstintaq Kamrandan çəkinir, niyə bilmirik. Kamran Samirə deyib ki, özümün, bacımın və valideynlərimin adına da həmin tikinti şirkətində hissələr var. Kamran Həsənlinin əməli dələduzluqdur. O, hazırda istintaqın obyektiv gedişinə də mane olur. 2 aydır istintaq gedir. Amma Kamran bir dəfə də olsun Nərimanov Rayon prokurorluğuna gəlməyib, işlə maraqlanmayıb. Ortada adı çəkilən Ərhan adlı iş adamı kimdirsə, hələ də bilmirik. Kamran mətbuata deyir ki, Samir məni bezdirdi, məcbur qalıb maşınımı verdim. Borcun, öhdəliyin yoxdursa, 25 minlik avtomobil necə verilir? Sonra da deyir ki, 300 min ziyana düşmüşəm. Ziyandasansa, niyə avtomobilini verdin? Samirin saflığından istifadə edir. Samir təcrübəsizlikdən ona yazıb ki, səndən şikayət edəcəm. Kamran da başlayıb faktları saxtalaşdırmağa. Əlimizdə əhəmiyyətli lent yazısı var. Kamran Həsənlinin verəcəyi izahat bu faktlardan fərqlənməsin”.
R. Əhmədoğlu əllərində yetərincə sübutun olduğunu deyib: “İlkin materiallar toplanıb, prokurorluğa göndəriləndə, yetərincə sübut olmasaydı, cinayət işi başlaya bilməzdi. Kamranın bu gün mətbuata verdiyi məlumatda heç bir həqiqət yoxdur. İlk açıqlamasında dedi ki, nə cinayət, nə pul? Halbuki, 2 ay idi prokurorluğa ayaq döyürdü. Deyirdi, mətbuat konfransı keçirib, məsələyə aydınlıq gətirəcəm. Niyə keçirmədi? Onun heç bir sübutu yoxdur. Kamran bildirib ki, Samirin şahidi keçmiş həyat yoldaşıdır və onu istintaqa dəvət ediblər getməyib. Samirin keçmiş xanımı Yeganə açıqlama verdi ki, heç yerə dəvət olunmayıb. Kamran deyir ki, evimi əlimdən almaq istəyir. Bir vaxtlar Kamran borcu qarşılığında evini Samirə verməyi təklif edib. Samir Piriyevin elə əqidəsi, tərbiyəsi yoxdur ki, onu küçədə saxlayardı. Ona görə də imtina edib. Kamran istintaqın aparıldığı Nərimanov rayon prokurorluğuna getmir. Amma bütün günü Bakı Şəhər Prokurorluğundadır. Niyə? Niyə gedib maraqlanmırsan ki, nə məsələdir? Səni ora çəkən amil nədir yaxşı bilirik. Biz bunu açıqlasaq, məsələ öz mahiyyətindən kənarlaşacaq”.
Mətbuat konfransına qatılan Samir Piriyev şoumenlə aralarında baş verənləri və onu necə aldatmasını danışıb: “Kamran Həsənlini əqidədən danışan, vətənini sevən insan kimi tanımışam. Deyirdim, heç vaxt kimisə aldatmaz. Birinci nikahda olduğum vaxt dəfələrlə evimə gəlib-gedib. Deyir qadını qatma, etikadan kənar sözlər danışır. Vətəndaş olaraq haqqımı tələb etməliyəm. Elə vəziyyətə gəlmişdim ki, heç kimə qulaq asmırdım. Mənə dedi ki, get səni Gülər Antalyada qarşılayacaq. Getdim orada Gülər mənə dedi ki, 125-də ödəməlisən. Dedim yox, nəyim var satıb vermişəm, alınmır, pulumu qaytarın. Gəldim Bakıya Kamrana dedim, pulumu ver. Qayıtdı ki, pul nə gəzir, keçirmişik ora. Dedim, onda deyərdin orada olanda səhmləri adıma keçirərdim. Qayıtdı ki, 2 aya qaytaracam pulunu. 2011-ci ildə bacısı 11 min pul göndərdi. Kamran deyir guya mənə burda veriblər. Yalandı. 2013-cü ildə maşınını verdi. Sonra dedim pulumu ver, xərcim var. Manisada idim, dedi get Antalyaya Gülər sənə pul verəcək. Qışda, qarlı dağlarla 1,5 gün yol getdim. Zülm çəkdim, yol bağlandı qaldım. Axırda Antalyaya çatanda, Gülər qayıtdı ki, biz biznesmen adamıq üstümüzdə pul saxlayanıq? Sonra qayıtdı ki, şirkət yaxşı deyil satırıq. Mənim adıma səhm olsaydı, bu gün səsimi çıxarmazdım. Nə qədərdən sonra yenə məni aldatdı. Dedi ki, get İstanbula orada kredit çəkib verəcəklər. Getdim on gün qaldım, pul olmadı. Axırda mən də məhkəməyə müraciət etməli oldum”.