Türkiyənin məşhur aktrisası Hande Subaşı ilə Can Tursan boşandı. Onu da qeyd edək ki, bu cütlük məhkəmədə boşanma davasını açdıqdan sonra hakimindən evliliklərini qurtarmaq üçün 1 ay vaxt istəmişdilər. Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, dünən artıq məhkəmə qərar çıxarıb.
Belə ki, Hande Subaşı və Can Tursan cütlüyü onlara verilən müddətdə belə aralarındakı problemləri həll edə bilmədiklərini bildiriblər. Bu bəyanatdan sonra isə hakim onları boşayıb.
Xatırladaq ki, 2005-ci ildə Türkiyə gözəli seçilən tanınmış aktrisa Hande Subaşı ilə Can Tursan 4 il əvvəl möhtəşəm bir toy mərasimi ilə evləniblər. Bu il 24 fevralda isə onlar ilk dəfə məhkəmə qarşısına çıxdılar. Və bu zaman prosesdə çox həssas anlar yaşandı. Cütlük hakimə "Problemlərimizə yenidən baxacağıq və həll etməyə çalışacağıq" deyərək zaman istədilər. Lakin nəticə uğurlu olmadı. Davaçılar bir-birindən heç bir təzminat istəmədilər. Aralarında mülklərin bölünməsinə dair də problem yaşanmadı.