Yazıda musiqiçi Rizvan Əliyevlə bağlı məlumatlara düzəliş edilib.
***
23 iyun 19:22
Azərbaycanda da məşhurların bir çoxunun yolu həbsxanadan keçib. Onlar narkotik maddədən istifadə, dələduzluq, əxlaqsızlıq yuvası təşkil etmək və digər əməllərinə görə həbs olunublar.
Lent.az həbs həyatı yaşayan azərbaycanlı məşhurları təqdim edir:
Fədaya Laçın
Müğənni 2018-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirildiyi üçün həbs edilib. Fədayə Laçın 2019-cu il oktyabrın 29-da azadlığıa çıxıb və yenidən səhnəyə qayıdıb.
Tunar Rəhmanoğlu
Tunar Rəhmanoğlu 2013-ci ildə "avtoş"luq etdiyi və polisin qanuni tələbinə məhəl qoymadığı üçün həbs olunub. İdarə etdiyi “Mercedes” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan müğənni sonra sənədlərini yol polisi müfəttişinə təqdim etməkdən imtina edib. Barəsində inzibati tədbir görülməsi üçün şöbəyə aparılıb. Məhkəmənin qərarı ilə ona 10 sutka həbs və 1 il müddətinə sürücülük hüququndan da məhrum olunması cəzası verilmişdi.
Elşad Xose
Tanınmış reper Elşad Xose 2010-ci ildə narkotik maddədən müntəzəm istifadə etdiyinə görə həbs olunub və bir müddət məhkumluq həyatı yaşayıb.
Aqil M.Quliyev
Tanınmış rejissor Aqil M.Quliyev 2013-cü ildə 1 il 6 ay müdətinə həbs cəzasına məhkum edilib. O, dələduzluqda ittiham olunub. Rejissor Marianna Turabovadan 150 min manat pul alıb, geri qaytarmayıb.
İlham Mirzəyev
Teleaparıcı İlham Mirzəyev dələduzluq ittihamı ilə həbs olunub. O, direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədovaya cadugərlik yolu ilə yalan vədlər verərək, 3000 avro pulunu mənimsəyib. 2014-cü ilin aprel ayında Nərimanov rayon Məhkəməsinin hökmü ilə aparıcı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, cəzası 3 il 6 aya endirilib. Buna baxmayaraq, teleaparıcı vaxtından əvvəl – 2016-cı ildə azadlığa buraxılıb.
İntizar Məmmədov
2014-cü ildə "Şadan" qrupunun rəhbəri müğənni İntizar Rusiyanın Sankt-Peterburq şəhərində həbs olunub. İfaçı Rusiyadan birdəfəlik deportasiya edilib. Buna baxmayaraq, o, sənət dostu Rəşadla birgə Rusiyaya gizli yolla gedərkən saxlanılıb və onun 50 gün ərzində Moskvadan kənara çıxmasına qadağa qoyulub.
Rizvan Əliyev
Şəkildə gördüyünüz azərbaycanlı müğənni Rizvan Əliyev də ötən il Moskvada həbs olunub. Müğənni ev yandırmaqda və soyğunçuluqda ittiham olunub. O, törətdiyi əməli etiraf edərək, oğurladığı seyfi meşədə gizlətdiyini deyib.
DÜZƏLİŞ: Qeyd etmək istəyirik ki, yazı dərc olunan zaman ad və soyad oxşarlığına görə axtarış portalının təqdim etdiyi şəkillər arasından seçilmiş foto olaraq Rizvan Əliyevin görüntüsü səhv verilmişdi. Bu xəta 06.10.2021-ci il tarixdə aradan qaldırılıb. Yanlışlığa görə üzrxahlıq edir və nəzərə alınmasını xahiş edirik.
Təranə Səmədova
İnsan alverində təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova 2018-ci ilin oktyabr ayında Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Prodüsser iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub. Təranə Səmədova 2019- cu ilin may ayında azadlığa buraxılıb.
Qeyd edək ki, haqqında yazdığımız məşhurlarla bağlı məlumatlar internet informasiya resurslarından toplanıb.