Araş: “Ayselin gözəlliyini görəndən sonra mahnının sözlərini yazdım” – MÜSAHİBƏ
14 aprel 2009 10:30 (UTC +04:00)

Araş: “Ayselin gözəlliyini görəndən sonra mahnının sözlərini yazdım” – MÜSAHİBƏ

Bu ilin mayında Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək “Eurovision-2009” müsabiqəsində Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşın müsabiqənin rəsmi internet saytında müsahibələri dərc olunub. APA müsahibəni oxucuların diqqətinə təqdim edir.

- Aysel və Araş, “Eurovision-2009” müsabiqəsində təmsil olunmanızla bağlı hansı hissləri keçirirsiniz?

- Aysel: Bu təcrübə mənim bütün həyatımı dəyişib və çox şadam ki, mənə belə bir fürsət verilib.

- Araş: Bu müsabiqədə iştirakım mənim həyatımda yeni səhifələr açacaq və hiss edirəm ki, mən tarixin bir hissəsini yaradıram. Bununla bərabər mənim yanımda gözəl və istedadlı qız var.

- Aysel, bu müsabiqədə təmsil olunmaq üçün namizədliyini irəli sürmək ideyası haradan qaynaqlandı?

- Aysel: İlk növbədə deyim ki, bu müsabiqənin böyük pərəstişkarıyam və uşaqlıqdan bu müsabiqədə iştirak etmək arzusunda olmuşam. Ötən il Azərbaycanın bu müsabiqədə uğurlar əldə etməsinə çox sevinmişdim. Sentyabrda dostlarım mənə dedilər ki, müsabiqəyə milli seçim keçirilir və özümü sınamaq qərarına gəldim. Bu sınaq da məndə alındı və nəticə müsbət oldu. Bununla da arzularım gerçəkləşdi. Cəmi 19 yaşım var və mən bütün Azərbaycanı bu müsabiqədə təmsil edəcəyəm. Bu üzərimə böyük məsuliyyət qoyur, ancaq böyük fəxr hissi ilə bu imkandan istifadə edəcəyəm.

- Mahnı seçimi prosesində aktiv iştirak edirdin, yoxa bu məsələni münsiflər heyəti həll edirdi?

- Aysel:
Bu məsələ münsiflər heyətinin əlində idi. Lakin onların seçimi fikirlərimlə üst-üstə düşdü. Bu çox ritmik və romantik mahnıdır. Bütün meyarlarla zövqümə cavab verir.

- Araş, bu doğrudur ki, sizin müsabiqədə Azərbaycanı təmsil etməyiniz təsadüf nəticəsində baş verib?

- Araş:
Dekabrda Bakıda konsert proqramı ilə çıxış etmişdim və elə o zaman ilk dəfə eşitdim ki, Azərbaycanda “Eurovision-2009” müsabiqəsinə milli seçim aparılır. Sonradan bu haqda internetdə oxudum ki, maraqlanan mahnı müəllifləri də müsabiqədə iştirak edə bilərlər. Bu şansdan istifadə etdim.

- “Eurovision-2009” müsabiqəsində ifa edəcəyiniz “Always” mahnısının tarixi barədə məlumat verməyiniz yerinə düşərdi. Bu mahnı məhz “Eurovision” üçün yazılmışdı, yoxsa bu sizin öz zamanını gözləyən köhnə mahnılarınızdan biri idi?

- Araş:
Bu mahnı məhz “Eurovision” və Aysel üçün yazılıb. Bu mahnının əsas ideyası, yəni melodiyası məndə çoxdan yaranmışdı. Milli seçimdə iştirakla bağlı xəbərlərdən sonra, eyni zamanda Ayselin gözəlliyini görəndən sonra mahnının sözlərini yazdım.

- Mahnını təklif edərkən, bunu duet şəklində oxumaqla bağlı təklifləriniz olmuşdumu?

- Araş:
Yox, heç bir təklifim olmamışdı. Gözləmirdim ki, “Always” mahnısı duet şəklində ifa olunacaq, ancaq bu ideya qəflətən yarandı və şadam ki, bu alındı.

- Sizin tanışlığınız və bir-birinizə qarşı ilk təəssüratınız necə olub?

- Aysel:
Mən Araşı tanınmış musiqiçi və mahnı müəllifi kimi tanıyırdım. Biləndə ki, o mənim üçün mahnı yazıb, ilk əvvəl böyük şok keçirdim. Ilk dəfə studiyada görüşdük, 5-10 dəqiqə ərzində artıq dost olduq.
- Araş: Aysel əla duet tərəfdaşıdır. O çox istedadlıdır və onun yaddaqalan səsi var. Bütün bunlarla yanaşı, o çox gözəldir. Hesab edirəm ki, duet tərəfdaşı kimi mənə yaraşır.

- “Always” mahnısını bir cümlə ilə necə xarakterizə edə bilərsiniz?

- Aysel:
“Eurovision-2009” müsabiqəsinin romantik himni.
- Araş: Ayselin fikrinə heç bir əlavəm yoxdur, o hər şeyi dedi.

- Milli əhval-ruhiyyəyə salınan və yeni aranjeman olunan mahnı ilə bağlı nəticə ilə razısınızmı?

- Araş:
Hazırkı aranjemanda mahnı çox xoşuma gəlir. Yeni aranjemanda Azərbaycanın milli musiqi aləti tardan istifadə etdik və bu musiqi aləti mahnını unikal edib. Yəni nəticə mənim arzuladığım kimi olub.

- Bu mahnını yeni versiyalarda, ya Azərbaycan, ya da rus dilində ifa etməyi düşünürsünüzmü?

- Araş:
Bu çox yaxşı ideyadır. Yaxın gələcək üçün bu ideyanı həyata keçirmək olar. Amma hazırda bütün diqqətimizi mahnının orijinal variantının populyarlaşdırılmasına yönəldilirik.

- Bu mahnının klipi artıq hazırdır. Olduqca sadə, ancaq effektli klipdir. Klipin hazırlıq prosesi sizə çətin olmadı ki?

- Aysel:
Bu yaradıcılığım üçün yeni təcrübə idi. Düşünmürdüm ki, üç dəqiqəlik klip üzərində bu qədər insanlar çalışır. Klip çəkilişləri bizim birgə Moskva və Bratislavada çıxışımızdan sonra başladı. Həmin müddətdə biz Araşla çox yorğun idik. Ancaq buna baxmayaraq gördüyünüz kimi biz qeyri-adi və çox hərəkətli bir video-klip ərsəyə gətirə bildik. Bütün komandanın gərgin işi nəticəsində yaxşı nəticə əldə olundu.

- Araş: Bəli, bu klip üzərində biz çox işləmişik. Çəkilişlər 15 saata yaxın aparılıb.

- Sizin fikrinizcə, müsabiqə iştirakçısı üçün promo-turlar vacibdir? Siz daha hansı ölkələrdə çıxış edəcəksiniz?

- Aysel:
Bu suala dəqiq cavab verə bilməyəcəyəm, çünki bu hələ məlum deyil. Bir sirri açmaq istərdim ki, biz müsabiqə üçün hazırladığımız xüsusi nömrədə bir neçə dəyişikliklər etmişik və hazırda bütün diqqətimiz bundadır. Hazırda biz nə iş görürük və promo-turumuzun növbəti nöqtəsi hara olacaq, bütün bunları yaxınlarda biləcəksiniz.

- Ümumiyyətlə müsabiqə üçün hazırlığı harada həyata keçirirsiniz?

- Aysel və Araş:
Biz indi daha çox Stokholmda məşqlər edirik. Əsas istəyimiz müsabiqədə yüksək səviyyədə çıxış etməkdir. Bu müsabiqənin izləyicilərini valeh etmək və onların xoşuna gəlmək istəyirik.

- Bəs bu müsabiqədə bu vaxta kimi iştirak edən hansı təmsilçiləri və mahnıları daha çox bəyənmisiniz?

-Aysel:
Sevdiyim mahnılar arasında – Abbanın ifa etdiyi “Waterloo”, Mariya Şerifoviçin “Molitva”, Mariya Xaukassın “Hold On Be Strong” mahnıları var. Bu qədər yüksək səviyyəli təmsilçilər və mahnılar arasında bir neçəsini seçmək çox çətindir.
- Araş: Mənim isə daha çox son illər bu müsabiqədə iştirak edənlər xoşuma gəlir. Etiraf etmək lazımdır ki, son illər “Eurovision” müsabiqəsində həqiqətən də yaddaqalan çıxışlar çox olub.

- Ümumiyyətlə “Eurovision” müsabiqəsində mahnını, ifaçıları, yoxsa şounu daha önəmli hesab edirsiniz?

- Araş:
Hər birisi çox vacibdir. Bunu bir neçə yerə ayırmaq düzgün deyil. Mahnı çox gözəl, çıxışlar unikal formada olmalıdır. Yerdə qalan hər şeyi isə ifaçılar görməlidirlər.

- Bəzi hallarda “Eurovision” müsabiqəsinin siyasi yönümlü olduğu deyilir. Siz bu fikirlə razısınızmı?

-Aysel:
Xeyr, razı deyiləm. Bizim bu müsabiqədə əsas qayəmiz iştirak, mahnımızı və Azərbaycanı təqdim etməkdir. Odlar Yurdumuzu Avropa tamaşaçılarına yüksək səviyyədə və bacardığımız qədər gözəl təqdim etməliyik.

- Və sonda. Bu müsabiqədə qarşınıza qoyduğunuz məqsədiniz nədir?

-Aysel:
Müsabiqədə qalib olmağı qarşısına məqsəd qoymayan heç bir insan müsabiqəyə qatılmamalıdır. Biz Azərbaycanı yüksək səviyyədə təqdim etmək və qalib olmaq üçün əlimizdən gələni edəcəyik.
- Araş: “Eurovision-2009” müsabiqəsində qələbə çalmaq üçün hər şey edəcəyik...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2141

Oxşar yazılar