Zamiq : “İradə İbrahimova ilə vaxtımızı birlikdə keçirirdik” – MÜSAHİBƏ
09 aprel 2009 20:00 (UTC +04:00)

Zamiq : “İradə İbrahimova ilə vaxtımızı birlikdə keçirirdik” – MÜSAHİBƏ

Müğənni Zamiq özü ilə bağlı bütün şayiə və xəbərlərə Lent.az-a müsahibəsində aydınlıq gətirdi. Gənc ifaçının sənət və şəxsi həyatı ilə bağlı səmimi açıqlamalarını təqdim edirik.

- Əvvəlcə son vaxtlar mətbuatın gündəmində baş mövzu olan “Məhəbbət xanım” olayından danışaq. Məhəbbət Kazımovla məsələni çözə bildinizmi?

- Artıq məsələni Məhəbbət müəllimlə aydınlaşdırmışıq, demək olar ki, problem yoxdur. Sadəcə, insanıq da, hamının həyatında belə təsadüfən yaranan xoşagəlməz anlar olur. Əslində mən bu barədə efirdə danışmaq istəmirdim. Üzr istədim, oldu, keçdi...

- El şənliklərində tez-tez belə hallarla rastlaşırsınız?

- Yox, heç vaxt. Bu təsadüfi hadisədir. Məhəbbət Kazımov özü də bilir ki, toyu idarə etmək çox çətindir. Tez-tez adama müraciət edirlər, tamamilə başını itirmiş vəziyyətdə olursan.

- Qadın müğənnilər arasında gənc və orta nəsil sınıtçilərin söz savaşı olmuşdu, lakin kişi müğənnilər arasında demək olar ki, insident yaşanmamışdı.

- Mən deməzdim ki, bizim Məhəbət Kazımovla aramızda insident yaşanıb. Əgər Məhəbbət müəllim orda mənim sənətimlə və ya özümlə bağlı nə isə desəydi, ola bilərdi. Efirdə Məhəbbət müəllimə sual veriblər ki, niyə belə oldu, o da cavab verib. Elə hesab edirəm ki, Məhəbbət müəllim mənim şəxsiyyətimə toxunan bir söz deməyib, ona görə də, insident kimi görmürəm.

- Qalmaqallara meylli deyilsiniz, lakin çox vaxt olaylarla gündəmə gəlirsiniz. Niyə belə alınır?

- Niyə? Olaylarla gündəmə gəlirəm? Elə hesab etmirəm...

- Misal gətirim? Uzun müddət İradə İbrahimova aranızda eşq macərası olduğu barədə xəbərlərlə mətbuatın diqqət mərkəzində oldunuz. Ayaz Qasımovla müqayisə edildiniz, Məhəbbət Kazımovla aranızda baş verən hadisənin də yaradıcılığa aidiyyəti yoxdur. Sizi günahlandırmaq niyyətində deyilik. Sadəcə, maraqlıdır, niyə məhz sizinlə bağlı belə vəziyyət yaşanır?

- Bilirsiniz, bunlar, sadəcə, münasibətdir. Əslində, yaxşı münasibədir. Və bu münasibətlər bir qədər şişirdilmiş şəkildə ortaya çıxır. Təki elə qalmaqallarımız sevgi ilə bağlı olsun.

- İradə İbrahimova bu münasibəti reklam kimi qələmə vermişdi. Və məhz sizin tərəfinizdən ortaya atıldığını iddia etmişdi.

- Ola bilər, İradə nə isə deyib, amma İradə olmayan şeyi bu qədər əminliklə ifaldə edə bilməz.

- İradə İbrahimovanın bu iddiasının doğru və yalan olduğunu müzakirə etməyə ehtiyac duymuruq, sadəcə, maraqlı olan bir nüans var. İstedadlı, xarici görkəmi qənaətbəxş olan gənc ifaçının yaradıcılığa aidiyyəti olmayan hadisələrlə gündəmdə olmasının reklama təsiri çoxmu böyükdür?

- Axı İradə özü də bilir ki, belə bir şey hazırlanmamışdı. Duet oxumalı idik, o ərəfədə də İradə İbrahimova ilə vaxtımızı birlikdə keçirirdik. Mən təəccüb edirəm ki, İradə çıxıb nə isə deyib, desə də ona heç nə cavab vermək fikrində deyiləm, çünki ən azından ortaq dostlarımız, bizi bir-birimizə bağlayan insanlar var. Ona cavab verməli olsam, dostlarımın üzünə necə baxaram?

- Sizcə, gənc və populyar müğənninin həmişə gündəmdə olmasına nə daha çox təsir edir: yaradıcılıqla tanınmaq, yoxsa süni olaylar?

- Süni qalmaqalların ömrü azdır, əlbəttə, yaradıcılıqla tanınmaq daha yaxşıdır. Mən də Allaha şükür ki, qalmaqalla gündəmə gəlməyin tərəfdarı deyiləm.

- Haqqınızda çox qəribə şayiə eşitmişəm və çox təəccübləndim: deyilənə görə, siz Qarabağlı olduğunuz halda demisiniz ki, müharibə olmasaydı, mən Bakıda ola və populyarlaşa bilməzdim...

- Mən bu dəqiqə nə deyəcəyimi də bilmirəm. Siz mənə baxanda belə bir söz deyə biləcəyimi düşünrsünüz?

- Mən Zamiqi yaxşı tanımadığım üçün heç nə deyə bilmərəm.

- Onda mən sizi inandırım ki, bu, məni sevməyənlərin iyrənc iftirasıdır... Nə deyə bilərəm, şayiə də olsa, çox qəlb bulandıran şayiədir. Mən hətta tanımadığım bir qarabağlı haqqında belə bir şayiə eşitsəm, inanmaram. Doğulduğu məkanı itirən heç bir Azərbaycan vətəndaşı bu sözü deyə bilməz...

Mən uğuruma sevinməyənlər var, qoy bilsinlər ki, Zamiq ağıllıdır, Zamiqi vurmaq, əzmək təsirsiz olacaq. Zamiq xalqa yararlı olmaq üçün əlindən gələni edəcək.

- Düşmənləriniz çoxdur?

-Düşmən deməzdim, amma məni sevməyənlər var, bilirəm ki, paxıllığımı çəkənlər çoxdur.

- Azərbaycanda fəaliyyət göstərən sənətçi, vətəndaş kimi nə işlgr görmüsünüz?

- Açığı, heç vaxt bunu efirdə deməyin tərəfdarı olmamışam. Mən Allaha bağlıyam. Sualınıza cavab üçün deyim ki, son bir həftəni uşaq evində bir saatlıq konsert proqramı ilə çıxış etmişəm, təşkilatçılarla lazım olan bütün ərzaqları aparmışıq.

- Rəqabət aparırsız?

- Əlbəttə, sağlam rəqabətsiz inkişaf da olmaz. Bizim nəsil kişi müğənnilərilə rəqabət aparıram, onu da deyim ki, hamısının da xətri əzizdir.

- Niyə gənc qadın müğənniləri kütlə qazana bilib, amma gənc kişi müğənniləri arasında o səviyyəni göstərən yoxdur?

- Mən elə düşünmürəm. Elə ən çox sənətdə dəyişiklik, müasirlik göstərən gənc kişi müğənniləridir. Düzdür, hörmət də var, onlar əvvəlki nəsil kişi müğənniləri ilə rəqabət və ya insident yaşamır.

- Bu gün Zamiq Röya qədər kütlənin sevimlisi ola bilib?

- Axı mən hələ konsert verməmişəm.

- İndiyə qədər konsert verməmisinizhsə, yəqin tələbat yoxdur.

- Yox, var. Hazırlaşıram. Zamiq gələn ay iki konsert verəcək. Mənim konsertimə tələbat var, inanıram ki, çox sayda da tamaşaçı olacaq. Hər halda, bunu sübut edəcəm. Biri Elnur, göz qabağındadır. Konsert verdi, kifayət qədər də kütləsinin olduğu göründü. İki aydan sonra bu suala mən cavab verəcəm.

- Çox populyar olmaq üçün Azərbaycan reallığında nə etmək lazımdır?

- Məncə, olduğun kimi olmaq lazımdır. Yalansız, düzgün. Sənətin olmalıdı, dostların, arxan olmalıdır.

- Əgər sizə prodüserlik edən “SS prodakşn” olmasa idi, qısa müddətdə indiki kimi ola bilərdiz?

- Onu mən deyə bilmərəm. Allah qismət elədi, belə oldu, belə də olmalı imiş. Bəlkə mən başqa imicdə də daha çox diqqəti çəkə bilərdim.

- Bəzən kişi müğənnilər özlərinə belə bəraət qazandırırlar ki, qadın müğənnilərin həyatında olan imkanlı şəxslər onlara kömək edir, buna görə də tez uğur əldə edirlər. Amma kişilər o imkandan məhrumdurlar. Lakin son vaxtlar bəzi kişi müğənnilərə də imkanlı qadınların dəstək olması barədə iddialar var.

- Mən elə işlərdə yoxam. Elə köməyi də qəbul etməmişəm, etmərəm.

- Qadın fanatlarınız çoxdur?

- Çoxdur, onlarla görüşürük də, danışırıq da. Fanatdır da, istəyir mən harada varamsa, elə orada, yanımda olsun.

- Sizinlə evlənmək arzusunda olanlar var?

- Ola bilsin, aralarında məni sevənlər də var, hiss eləmişəm.

- Sizə əl tutan, yaradıcılığınıza kömək edən olub?

- Elə görünür, amma yoxdur.

- İlk dəfə Brilliant Dadaşovadan sizə dəstək gəlib.

- Brilliant Dadaşova mənə deməyib ki, al bu pulu cibinə qoy, gedək sənə kostyum alım. Kömək bu cür olur. Sadəcə, mənim istedadımı görüb və deyib yanıma gəlsin. Brilliantın xoşuna gələn ifaçı azdır, demək məndə nə isə görüb və kəşf edib.

Lalə Yusifqızı
# 1872

Oxşar yazılar