Qaxda yeniyetmə qızı öldürən saxlanılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, noyabrın 4-ü saat 19 radələrində 17 yaşlı Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı 15 yaşlı Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Jora Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
***
04.11.2022
Saat: 21:55
Qaxda 17 yaşlı qız kirayə yaşadığı evdə qətlə yetirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 18 radələrində şəhərin Cavanşir Rəhimov küçəsi ev 5 ünvanında baş verib.
Həmin evdə kirayə yaşayan 2005-ci il təvəllüdlü Albina Papiaşvili Aliqoşayevina naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. Hazırda qətli törədən şəxs və ya şəxslərin axtarışı davam edir.
Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.