Bu gündən «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlara başlayıb.
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, Bakı-Gəncə-Naxçıvan və əks istiqamətə uçuşlar hər həftənin V günləri yerinə yetirilir. Bakıdan Gəncəyə bir istiqamətə aviabiletin qiyməti 30 manat, Gəncə-Naxçıvan istiqaməti üzrə isə 39 manat təşkil edir. Uçuşlar AZAL-ın yeni aldığı «Embraer» tipli təyyarələr ilə yerinə yetirilir.
Bakı-Gəncə aviareysi saat 09:55-də, Gəncə-Naxçıvan aviareysi 11:25-də, əks istiqamətə isə müvafiq olaraq 12:55-də və 14:25-də həyata keçiriləcək. Bakıdan Gəncəyə uçuş 50 dəqiqə, Gəncədən Naxçıvana isə 40 dəqiqə təşkil edir.
Qeyd edək ki, AZAL əvvəllər də Gəncə-Naxçıvan aviareysi üzrə uçuşları yerinə yetirsə də, sonradan aviareys ləğv olunmuşdu.