Şəhərlərarası gecə reyslərinə hansı sürücülər çıxa bilər?
15 iyul 2021 13:06 (UTC +04:00)

Şəhərlərarası gecə reyslərinə hansı sürücülər çıxa bilər?

Rayonlara gedən sərnişinlər üçün şad xəbər gəldi ki, şəhərlərarası (rayonlararası) gecə reysləri artıq bərpa edilir. Bu şad xəbərlə yanaşı sərnişinlərin bəzi narahatlıqları da ortaya çıxır. Belə ki, gecə saatlarında avtobusu qəzasız-bəlasız ünvana çatdırmağın özü də sürücüdən xüsusi məharət tələb edir.

Lent.az “Bir sual – bir cavab” rubrikasında bu gün sizin üçün bu suala cavab tapacaq - Gecə reyslərində işləyən sürücülərə xüsusi təcrübə lazımdırmı ?

Bu sualımıza yol-nəqliyyat məsələləri üzrə Ekspert Elməddin Muradlı cavab verir. Ekspertin dediyinə görə, gecə reyslərinin açılması mövsümlə əlaqədar olaraq zərurətə çevrilmişdi:

“Bu həmçinin qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olanların sayının azalmasına gətirib çıxara bilər. Çünki rəsmi gecə reysləri həyata keçirilmədiyi üçün sərnişinlər məcburən qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə edirdilər. Nəticədə isə bu qanunsuz sürücülərin istirahəti, iş rejimi məlum olmadığı üçün yol-nəqliyyat hadisələri baş verirdi. Düşünürəm ki, sürücülərin yoxlanması istiqamətində tədbirlər mütəmadi olaraq keçirilməlidir. Vətəndaşlar bu məsələdə daha diqqətli olmalıdır. Səriştəsiz sürücülərdən isə, rəsmi qurumlara müraciət etsələr, o zaman qanunsuz sərnişindaşıma ilə məşğul olanlar da yavaş-yavaş aradan çıxacaqlar”.

O, həmçinin bildirib ki, gecə reyslərində işləyən sürücülərdə xüsusi təcrübənin olmağı vacibdir:

“Onlar diqqətli və məsuliyyətli olmalıdır. Düşünürəm ki, avtovağzaldan avtovağzala gecə reysləri, gündüz reysləri intensivləşdirilməlidir. Lazım gəlsə dövlət tərəfindən iritutumlu avtobuslarla yanaşı, kiçiktutumlu mikroavtobuslar da dövriyyəyə buraxılmalıdır.

Bu zaman qanunsuz fəaliyyət göstərən sərnişindaşımalar yox olacaq. Belə olan halda biz həm normal sərnişindaşımadan danışa bilərik, həm də ağır yol-nəqliyyat hadisələrin də qarşısı alınmış olar”.

 

Qeyd edək ki, xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar olaraq şəhərlərarası (rayonlararası) gecə reysləri 2019-cu ilin mart ayından fəaliyyət göstərmirdi.

Bu gündən etibarən şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə gecə reysləri bərpa edilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən xəbərə görə, daşıyıcı şirkətlərin və sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında DANX-ın qərarı əsasında bu gündən etibarən sərnişinlər bərpa olunan gecə reysləri üzrə Qırmızı Körpü və Şəki istiqamətində səfər edə biləcək.

Biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən və aidiyyəti üzrə region kassalarından əldə etmək mümkündür.

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3699
avatar

Oxşar yazılar