İyunun 1-dən dövlət ipoteka kreditləşməsi bərpa olunacaq
26 may 2009 10:45 (UTC +04:00)

İyunun 1-dən dövlət ipoteka kreditləşməsi bərpa olunacaq

Bu ilin iyun ayının 1-dən etibarən Azərbaycan İpoteka Fondu (AİF) dövlət ipoteka kreditləşməsini bərpa edəcək.

AİF-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, iyunun 1-dən müvəkkil kredit təşkilatları tərəfindən veriləcək ipoteka kreditlərinin şərtlərinə kreditin yalnız Azərbaycan vətəndaşlarına və yalnız Azərbaycan manatı ilə (50 min manatdan çox olmamaq şərti ilə) verilməsi, müddəti 3 ildən 25 ilədək, illik faiz dərəcəsi isə 8%-dən çox olmaması, kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmaması, ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borc alanın (borc alanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmaması, borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanması, kreditin son ödəniş tarixinə borc alanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmaması, kredit yaşayış sahəsinin ipotekası ilə təmin olması, ipoteka ilə yüklü edilən daşınmaz əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsi və kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməsi daxildir.

Bundan başqa, AİF dövlət ipoteka kreditlərini verəcək müvəkkil kredit təşkilatlarının, sığorta şirkətlərinin və qiymətləndirici şirkətlərinin sayını da azaldıb. Belə ki, əgər bundan öncə kreditləri 22 müvəkkil kredit təşkilatı verirdisə, bu təşkilatların sayı 17-ə düşüb. Sığorta şirkətlərinin sayı 11-dən 10-a, qiymətləndirici şirkətlərin sayı isə 13-dən 7-yə salınıb.
# 985

Oxşar yazılar